17 İyul 2014 09:51
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın UEFA Çempionlar Liqasının ikinci mərhələsinin ilk oyununda Maltanın "Valetta" klubuna qarşı keçirdiyi oyun azərbaycanlı futbolsevərlərdə ümid qarışıq, həm də təəssüf hissi yaratdı.

Ümidli ona görə ki, rəqibin kimliyindən asılı olmayaraq səfərdə vurulan qolun, hələ üstəlik qazanılmış qələbənin nə qədər əhəmiyyətli olduğunu hər kəs yaxşı bilir.

Təəssüf ona görə ki, oyunboyu rəqibindən bir baş üstün oynayan ağdamlılar evə daha rahat, daha böyük coşqu ilə qayıda bilərdilər. Belə ki, biri penalti olmaqla, bir neçə situasiyada yüz faizlik qol vəziyyətindən istifadə eləyə bilməyən təmsilçimiz bu böyük şansı əlindən qaçırmış oldular.

"Valetta" kimi zəif bir komanda ilə rəqib olmaq həm də öz oyunçularına ruh yüksəkliyi aşılamaq və qol ehtiyatını artırmaq üçün əla şansdır.

Bu oyun da o sıradan ola bilərdi, ancaq təəssüf ki, "Qarabağ"lı oyunçular diqqətsizlik və bir az da məsuliyyətsizlikləri ucbatından əla şanslardan yararlana bilməyərək işi elə ordaca bitirmək imkanını əldən buraxdılar.

Görünür, oyun sonrası mətbuat konfransında Qurban Qurbanovun dediyi fikirlər də əslində buna işarə idi. Kifayət qədər ehtiyatlı açıqlamalar verən gənc mütəxəssis hələ hər şeyin həll olumadığını dönə-donə vurğuladı.

Bunu əslində bir neçə yöndə yozmaq olar. Biz Qurban Qurbanovun bu tipli açıqlmalarının hər zaman şahidi olmuşuq. Hətta milli çempionatın oyunları zamanı ən zəif rəqiblərlə qarşılaşmalarda da baş məşqçi heç vaxt təvazökarlığını itirməyərək daim rəqibini qiymətləndirməyə çalışır.

Ancaq indiki məqamda bu açıqlama həm də müəllimin yetirmələrinə qarşı bir tənbehi, iradı və xatırlatması kimi qəbul oluna bilər.

Çünki rəqibi zəif hesab eləyən və oyuna dırnaqarası yanaşan futbolçuları ən yaxşı tanıyan elə baş məşqçi özüdür. Bizim kənardan sezdiyimiz arxayınçılığı və bu arxayınçılıqdan yaranan məsuliyyətsizliyi şübhəsiz ki, komandanın içində olan biri kimi o hər kəsdən əvvəl müşahidə eləyib. Bunun çarəsini də yəqin ki tapacaq.

Oyun haqqında qısaca olaraq onu demək olar ki, 90 dəqiqə ərzində meydanda bütün komponentlərdə rəqibini üstələyən "köhlən atlar" yalnız son vuruşlardakı bacarıqsızlıq deyil də, diqqətsizlikləri ucbatından bu üstünlüyü hesabda əks etdirə bilmədilər.

Reynaldonun istifadə eləyə bilmədiyi bir neçə epizod var ki, braziliyalı milli çempionat oyunları zamanı o cür vəziyyətləri gözüyumulu qola çevirə bilirdi.

Elə penalti epizodunu da buna misal çəkmək olar. Riçard Almeyda azca diqqətli olsaydı 10 nəfər qalmış rəqibin müqavimətini ikinci qolla rahatca qırıb, hesabı daha da artırardı.

Rəqib qapıçının penaltini qaytarması isə "Valetta"nın digər oyunçuları üçün bir növ əlavə ruh yüksəkliyi oldu. Ancaq penalti epizodundan sonra oyunun axırlarında bir neçə əla qol vəziyyəti də yarandı ki, onlardan da yararlana bilmədik.

"Qarabağ"ın yeni transferi Danilo Dias bu oyunda özünü yaxşı göstərdi. İkinci hissənin gedişatında Muarem Muaremin yerinə oyuna girən braziliyalı əvvəlcə hava topu mübarizəsində qalib gələrək Reynaldonu qapıçı ilə üzbəüz qoydu ki, bu epizodu həmyerlisi insafsızca xərclədi.

İkinci dəfə də diqqət mərkəzinə düşən Danilo komandasına penalti qazandırdı. Ancaq bu dəfə də Almeyda fürsəti əldən verdi.

Əlbəttə "Valetta" oyunçuların səviyyəsini ölçmək üçün ideal rəqib deyil, ancaq ilk oyuna görə Danilo haqqında yaxşı fikir söyləmək olar.


Müəllif: Zaur Xudiyev