19 İyul 2014 19:03
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

- “Neftçi” yenə uduzdu.

- Əşşi, “Nefçi”nin udan günü olub ki?
Bu, çox köhnə dialoqdu. Dədələrmizdən bizə miras qalıb da demək olar. O gün-bu gün dillərdədi. Əlqərəz, bu oyunun nəticəsinə o qədər də təəccüblənmədik. Zatən, keçən mövsüm bundan da yaxşı heyəti ilə “Skenderbeu”ya yenilən komandadan bu dəfəki yarımcan halı ilə nə gözləyəcəkdik ki?

Ancaq adam həmişə ümid eləyir. Gözünü dikir ki, bəlkə bu dəfə oldu. Amma olmayanda olmur. Bu dəfə də baş tutmadı. Keçən dəfə də ümidlər puça çıxdı. İnanmıram, yaxın zamanlarda da sevinək...

Münəccimlik eləyib proqnoz vermək deyil niyyətim. Lap turun cavab qarşılaşmasında səfərdə rəqibini udub mərhələni keçə də bilər bu komanda. Ancaq bu, nəyi düzəldəcək? Bax əsas sual budur. Bu oyunla, bu heyətlə, bu zehniyyətlə hara kimi getmək olar?

Avropa arenasında uğur qazanmaq istəyən komanda o cür bəsit qollar buraxmaz.
Uğur qazanmaq istəyən komanda bu cür kasad, “oxunan” hücumlar təşkil eləməz. Son dəqiqələrdəki bir-iki epizodu çıxmaq şərtilə nə bir düz əməlli hücum gördük, nə də düşünülmüş bir kombinasiya.
Yeganə qol da bütün oyunu gəzərək keçirən Araz Abdullayevin oyun ərzində verdiyi yeganə düzgün qərarın nəticəsi idi.

“Neftçi” bu oyunu “Məqsədsiz” oynadı. Sözün hər iki mənasında. Sağ cinahda yer alan Məqsəd İsayevin nəyə xidmət elədiyini anlayan varsa, lütfən mənə də anlatsın. Bir adam oyun ərzində əlinə düşən 10-12 asma şansından heç olmasa birini düzgün istifadə eləməzmi?

Tahir Süleymanov istefa verdi.
Heç bu da təzə xəbər deyil. Alışmışıq artıq “Neftçi”dəki istefalara. Onsuz da Tahir bəy bir neçə dəfə belə bəyanatla çıxış eləmişdi. Ona görə də bu dəfə heç kimi təəccübləndirmədi. Hələ üstəlik qeyd eləyir ki, istefa vermək cəsarət tələb eləyən işdir. Anladıq Tahir bəy, siz çox cəsur bir insansınız. Lütfən, bunu hər dəfə sübut eləməyə ehtiyac yoxdur. Ən yaxşısı, siz bu dəfə cəsur olduğunuz qədər qərarlı olduğunuzu da isbat eləyin. Yoxsa “yalançı çobanın nağılı” danışılacaq, söhbət hər dəfə sizdən düşəndə. Baxın, sonra deməyin demədi...

Böyükağa Hacıyev də yenə “Neftçi”dən gedəcəyini deyib. Prinsip etibarilə Tahir Süleymanovun istefası ilə Böyükağa bəyin “gedəcəm” deməsi arasında elə bir fərq yoxdu. Heç biri təzə xəbər deyil. Biz nə qədər gedişlər gördük, cənab Hacıyev, həftəsi tamam olmamış geri döndülər.

Oyundan sonra mətbuat konfrasında jurnalistə hücum olub.
Bax bu, artıq təzə xəbərdi. Böyükağa Hacıyevin oğlu Yusif idman jurnalistikasının tanınmaşlarından olan Rəşad Ergünə fiziki təzyiq eləyib.

Yusifi şəxsən tanıyıram. Mərifətli, qanacaqlı, hərəkətlərinin yerini bilən, istedadlı jurnalıistdir. Yaraşmadı... Görünür hisslərinə yenik düşüb. Ancaq səbəb nə olur-olsun, bir jurnalistə, mətbuat nümayəndəsinə verdiyi suallara, söylədiyi fikirlərə görə hücum eləmək kimsəyə başucalığı gətirəcək hərəkət deyil.

Rəşadı mətbuatdan da tanıyıram. İdman jurnalistikasında imzasını təsdiqləmiş, sözünü demiş, mənim kimi gənclərin də dərs ala biləcəyi bir həmkarımızdır. Məsələ onun həqiqəti hansı formada deməsində deyil, məsələ onun həqiqəti deməsindədir və Rəşad haqlıdır.

Məsələ bilirsiniz nədədir? “Neftçi”də bildiyim qədərilə heç bir rəsmi vəzifəsi olmayan Yusifin mətbuat konfransında nə işi var idi?

Cavabını bilən varsa, mənə də yazsın.


Müəllif: Zaur Xudiyev