27 İyul 2017 14:04
1 726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir söhbət təsəvvür eləyin:

İki nəfərdən biri sevginin müqəddəsliyindən danışarkən Füzulinin “Leyli və Məcnun”undan misralar gətirməklə mövqeyində haqlı olduğunu göstərməyə çalışır. O biri isə “müqəddəs sevginin” boşşeyliyində, kişi-qadın münasibətinin ruhsallığın altında deyil, çarpayının üstündə olduğunda israrlı. Və o da elə həmin Füzulinin bir gözəli hamamda təsvir eləyən qəzəlindən misralar gətirməklə özünü haqlı sanır.

Özümə söz vermişəm, and içib ağu yalamışam ki, danışığımda atalar sözlərindən, rəhmətlik dahilərin fikirlərindən istifadə eləməyim. Və öz mövqeyini yeritməkçün, özünə hər vəziyyətdə haqq qazandırmaqçün bu müdrik irsdən yararlanan sitatxorlara da xor baxım. Xor baxmasam, o işığa kor baxım.

Nədən ki, bu müdrik irsdə hər cür manipuliyasiyaya imkan, hər hərəkətə, hər mövqeyə bəraət. Məsələn, “atalar üçdən deyib” deyə, daha çox əzm, ardıcıllıq, inadkarlıq tələb olunan hallarda qarnıağrımış oğullar “atalarının” sözündən çıxıb dördüncü cəhdi qəti eləməz.

Vay-vaay, çoxları hələ də namərd körpüsündən keçib-keçməməyi öz əxlaqıyla, öz vicdanıyla deyil, “ataların” sözüylə müəyyənləşdirməkdə.

Hərçənd burası da maraqlı. Ki, xeyir ola, bəs nədən minlərlə atalar sözündən yalnız naqis əməllərə haqq qazandıran “Bacarana can qurban”, “Qaz vur, qazan doldur” janrında beş-altısı dillərdə?

Məntiqidir, axı yaxşı əməlçün nəsihətnamələrə ehtiyac yox, yaxşı əməli, sadəcə, öz içinin diktəsiylə törədirsən axı.

Dünyanin hər işinə, hər çıxış-girişinə aid yekə-yekə sözlə dolu milli bağajımız, Dədə Qorquddan Səməd Vurğuna kimi ağsaçlı ağsaqqallarımız bütün “razborkalarda” təkzibolunmazlıq statusunda istinad yeri.

Məsələn, dindarla dinsizin mübahisəsində dinsiz, Sabirin “harda müsəlman görürəm qorxuram” misrasını dedisə, məsələ bitdi. Yəni “Sabir boyda adamın” müsəlmançılıqdan xoşu gəlməyibsə, sən kim, mən kim?! Dindar da tezbazar Nəsiminin Həzrət Əliyə yazdığı şeiri söykəyir dinsizin xirtdəyinə ki, onda bəs “Nəsimi boyda adam”ın sözünə nə sözün?!

Halbuki bu məsələdə incə qara xal bu ki, “Sabir boyda adam” da, “Nəsimi boyda adam” da mövqe seçmək baxımından sıradan biri və olsa-olsa, dəyərlərə münasibətdə minlərlə bərabərhüquqlu yanaşmalardan birinin sahibi.

Öz “atalarımız” öz yerində, qırğın-qiyamət qobustanlı, qobulu, qubalı keçəlin “Biləcəridən o yana” keçməsində. Məsələn, istedaddan yanıq birisi özündə olmayan bir şeyin əhəmiyyətini kiçiltməkçün hansısa əcnəbi şairin yeyib-içəndə ağzından qaçırdığı, özü də tamam ayrı mənada dediyi bir sitatı atır ortalığa: guya “o boyda adam” deyib ki, yaxşı yazmaqçün əsas olan mütaliədir, zəhmətdir, istedad-zad boş şeydir.

Məsələn, hansısa “o boyda” dünya heykəltaraşının daş yonarkən çəkic barmağına dəydiyi məqamda “içivi ..., dünya” söyüşü kifayətdi ki, keçəllərimiz “Dünya beşgünlükdü, ye-iç, kef ələ” fəlsəfəsinin girdabına düşsünlər.

Məsələn, nə vaxtsa hansısa “o boyda” Makiavelli “Məqsəd vasitəyə haqq qazandırır” deyib deyə, hər əclaflığa getmək olar.

Və deyən də yox ki, ay qardaş, belə sözəbaxansızsa, 3-cü mikrarayon bazarında açardüzəldən İmrana qulaq asın da. İmran axı elə demir. İmran deyir ki, Makiavelli qələt eləyir, palçıqlı ayaqqabıyla məscidə girməzlər, təmiz niyyətnən olsa belə.

Hə noolsun ki, İmran “o boyda” deyil, bu boydadı?!


Müəllif: Salam Sarvan