22 İyul 2014 12:25
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"-"Koper" oyunun hesabı, oyundan sonra yaşananlar nə qədər maraqlı və qalmaqallı olsa da, oyun zamanı stadionda yaşananlar da bir başqa aləm idi. Akkreditasiya ilə bağlı səhlənkarlığa yol verdiyimdən oyunu azarkeşlər arasında izləməli oldum. Oturduğum sektorda bizdən bir-iki sıra aşağıda bir neçə azarkeşlə polis çavuşları arasında səbəbini anlaya bilmədiyim qarşıdurma yarandı.

Azarkeşlərdən birini polislər hadisə yerindən aparsalar da, yerdə qalanlarla qalan polislər arasında söz atışması bir müddət də davam elədi. Gənc polis nəfərlərinin aqressiyasına qarşı azarkeşlər də geri addım atmayınca münaqişənin böyüyəcəyini güman eləmək olardı.

Ancaq çox keçmədən mayor rütbəli polis zabitinin müdaxiləsi və zabitin digər polislərə sakit durmaq göstərişi ilə hadisələr çox böyümədən sona çatdı. Təbii ki gənc polislərin təcrübəsizliyi və aqressiyası fonunda zabitin soyuqqanlı duruşu və barışdırıcı mövqeyi alqışlanası haldır.

Ancaq bu, polislərlə bağlı yaşanan ilk belə hal deyil. Dəfələrlə stadionlarda oyunlar zamanı azarkeşlərə qarşı polislərin aqressiyasının, diqqətsizliyinin şahidi olmuşuq. Onsuz da futbolumuza qarşı az olan azarkeş marağının bir tərəfdən də bu tipli hadisələr qarşısını alır.

Elə həmin oyuna girərkən əlimizdə bilet olmasına rəğmən polislərin bizi oturacağımız sektora buraxmaq istəməmsi və yer yoxdu deməsi də qəribə situasiya idi.

Demək istədiyim budur ki, stadionlardakı azarkeş-polis anlaşmazlıqları artıq adət halını alıb.
Tez-tez stadionda sevimli komandalarını dəstəkləmək istəyənlər bu cür neqativ halların çox şahidi olublar.

- Şüarlar səsləndirib, komandasını qələbəyə səsləyən azarkeşə, "otur aşağı, sakit dur, baş-beynim getdi", deyən polis də görmüşük;

- Qol vuran oyunçunun adını çağıran, tribunanı hərəkətləndirmək, coşdurmaq istəyən azarkeşə "bambılılıq eləmə, gəlmisən sakitcə oyunu izlə" deyən polis də görmüşük;

- "Qarabağ"ın avroliqada arxa-arxaya qələbələri sıraladağı bir vaxtda "bu "Qarabağ" da uduzsaydı, bizim də canımız dincələrdi", deyən polis də görmüşük;

- Oyun başlamamış himn oxunarkən hətta himnə hörmətsizlik edib yerindən durmayan, bir azarkeşin bu barədə iradına isə "nə boğazını yırtırsan, guya sən oxumasan nolacaq ki?", deyən polis də görmüşük...
Anlayıram, hüquq mühafizə orqanları əməkdaşlarının vəzifələri hansısa komandaya azarkeşlik etmək, sadə azarkeşlər kimi komandanı alqışlamaq, dəstəkləmək deyil, ancaq adından da göründüyü kimi o azarkeşlərin hüquqlarını mühafizə eləməkdi. Bizdə isə polislər öz rahatlığını, xidmət zamanı risklərin az olmasını təmin eləmək üçün azarkeşləri, çox hallarda da əsassız olaraq, mümkün qədər təzyiq altında saxlamağa çalışırlar.

Əlbəttə, bu yazdıqlarımı bütün polis əməkdaşların aid eləmək olmaz. Onların içində meydandakı komandaları, oynayan oyunçuları tanıyan, vəzifə borcunu yerinə yetirərkən səhlənkarlığa və diqqətsizliyə yol vermədən azarkeşlərlə oyun barədə müzakirələr aparanlar da var.

Futboldan anlamasa, maraqlanmasa belə, azarkeşlərin hərəkətlərini anlayan, onlarla mülayim davranan polis nəfərlərinə də rast gəlmək mümkündür.

Ancaq təəssüf ki, bu sadaladığımız hallar yuxarıda qeyd elədiyimiz neqativ hallarla müqayisədə xeyli azlıq təşkil edir.

P.S. Bir təklifim var. Bəlkə, futbolu sevən polislərdən ibarət bir dəstə yaradalar və futbol oyunları zamanı stadionlarda asayişi qorumağı da məhz onlara tapşıralar?


Müəllif: Zaur Xudiyev