23 İyul 2014 10:51
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya çempionatının gedişatında "İdman Azərbaycan" kanalında bir veriliş yayımlanırdı. Zaman-zaman idman jurnalistlərinin, futbolçuların qonaq olduğu proqramda çempionatdakı oyunlar barəsində müzakirələr aparılır, fikirlər səsləndirilirdi.

Xüsusilə də futbolçuların qonaq olduğu günlər verilişi daha da maraqla izləyirdim. Ona görə yox ki, onların danışıqlarından, futbol biliklərindən zövq alırdım. Sadəcə hər dəfə canlı efirdə kəkələyən, dili topuq vuran, adi bir fikri düzgün ifadə eləyə bilməyən futbolçulara baxdıqca onların efirdə də elə yaşıl meydanlarda olduğu kimi bacarıqsız olduqlarını görməkdən xüsusi ləzzət alırdım.

Ümumiyyətlə, bu, təkcə hansısa bir futbolçu ilə bağlı problem deyil. Bizim futbolçuların heç normal nitq qabiliyyəti olanını görməmişəm.

Müsahibələrdə, canlı efirlərdə ara-sıra rastlaşdığım qədər deyə bilərəm ki, sanki bu insanların ümumiyyətlə azərbaycan dilindən xəbərləri yoxdur.

Daha çox rus sözlərindən və söz birləşmələrindən istifadə eləyən, jarqonlara, küçə danışığına üstünlük verən futbolçularımız normal fikir bildirmək, ifadə eləmək baxımından xeyli əziyyət çəkirlər.

Bu hal xüsusilə oyunsonrası isti-isti açıqlama verərkən təkrarlanır. Verilişlərə, proqramlara çıxarkən nə danışacağını əvvəlcədən planlaşdırmaq imkanı olsa da, oyun sonrasında bu, bir az çətin olur.

Əlbəttə heç kim onlardan ədəbi dilin bütün normalarına riayət edərək, bədii və obrazlı danışmaqlarını istəmir, ancaq heç olmasa fikrini ifadə eləyəcək qədər söz bazaları olmalıdır.

Hər mövzuda olduğu kimi bu dəfə də Türkiyəli futbolçuları misal çəkək. Qardaş ölkədə oyundan sonra istənilən futbolçudan oyun haqqında ətraflı məlumat almaq, təəssüratları bölüşmək, hətta taktiki müzakirələr belə aparmaq mümkündür.

Odur ki, türk futbolçuların bir çoxu karyeralarını bitirdikdən sonra ya qəzetlərdən birində köşə yazarı və yaxud da televiziyada idman verilişlərində şərhçi, hətta bəzən aparıcı da olurlar.

Bizdə isə...

Ölkə kubokunun final oyunundan qabaq mətbuat konfransında həmkarlarımızdan biri Kamran Ağayevə sual ünvanlamışdı ki, komandanın kapitanı və qapıçı olaraq bütün meydanı ən geridən müşahidə eləyən biri kimi rəqib komandanın oyunçuları ilə öz oyunçuları arasında xətlər və mövqelər üzrə müqayisələr apara bilərmi?

Çox da dərin taktiki savad gərəkdirməyən bu sualın qarşısında aciz qalan "bir nömrə" suala elə qəribə cavab vermişdi ki, onun bu sualı düzgün anladığı belə şübhəli qalmışdı.

Tam əminliklə deyə bilərəm ki, Kamranın bədahətən meyxana deməyi oyundan sonra iki kəlmə futbol və oyun haqqında danışmağından qat-qat daha səlisdir.

Bütün bunların əsas səbəbi isə mütaliə azlığıdır. Mən ümumiyyətlə Azəarbaycan futbolçusunun nəinki kitab, hətta qəzet də oxumağına şübhə edirəm. Bəlkə də yanılıram, ancaq bütün müşahidələrim məndə ciddi şəkildə belə qənaət yaradıb.

Mən rast gəlməmişəm, bilmirəm belə sorğu keçirilibmi, ancaq futbolçular arasında sorğu keçirilsə və onlardan hansı kitabları oxuduqları, ümumiyyətlə kitab oxuyurlarmı soruşulsa cavabları çox maraqlı olar.
Təxmin edirəm, əgər oxuyurlarsa ilk sıralarda dini ədəbiyyat və ya dedektiv janrı olacaq.

P.S. Bəlkə də kimsə düşünəcək ki, futbolçunun işi futbol oynamaqdır, danışmaq, oxumaq deyil.
Cavabım da hazırdı: Bunların elə oynamaqları da danışmaqları kimidir. Alayarımçıq.


Müəllif: Zaur Xudiyev