24 İyul 2014 10:10
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” möhtəşəm qələbə qazandı. Bu onsuz da belə də gözlənilirdi. Hələ bir həftə bundan əvvəl “cırtdan” ölkə təmsilçisi ilə səfər oyununda bizimkilərin rəqibindən bir neçə baş üstün olduqlarını sezmək o qədər də çətin iş deyildi. Ancaq o vaxt oyuna ciddi yanaşmayan və ələ düşən imkanları sağa-sola xərcləyən ağdamlılar bir həftə sonra evdəki oyunda, doğma azarkeşlərin gözü önündə rəqibin daşını daş üstə qoymadı.

Hesab daha da acınacaqlı ola bilərdi. Hərçənd ki 4-0 hesabı da kifayət qədər ağır hesabdı, ancaq bəzi məqamlarda bəxt, bəzən isə oyunçuların arxayınçılığı arada fantastik fərqin yaranmasının qarşısını aldı.
Rəqibin zəif olmasını xüsusi qeyd eləyirik, bu öz yerində, ancaq ağdamlı futbolçuların oyunu yüksək səviyyədə keçirmələrini də mütləq deməliyik.

Oyunun qırılma anı hesab 1-0 bizimkilərin xeyrinə olarkən rəqib komandanın azlıqda qalması oldu. Qırmızı vərəqə epizodunda hakim haqlı qərar çxarmışdı, ancaq bu epizodda ən böyük alqış şübhəsiz ki, kobudluğa məruz qalan Reynaldoya düşür.

Əks hücum zamanı rəqibindən daha sürətli və cəld tərpənən braziliyalı futbolçu ustalıqla topla rəqibin arasına girdi ki, həmin vəziyyətdə rəqib müdafiəçi ya oyunçunun sərbəst uzaqlaşmasına imkan verməli idi, ya da onu qaydalardan kənar saxlamaqla qırmızı vərəqə riskini gözə almalı idi.

Hadisələrin bu cür inkişafı isə təmsilçimizə daha çox xeyir elədi. Növbəti qollar və oyunun sonlarındakı ikinci qırmızı vərəqə isə artıq şübhəyə yer qoymamışdı.

Təbriklər, “Qarabağ”! Təbriklər, Qurban Qurbanov!

***

Dünən Ağdamın işğal günü idi. Tam 21 il öür o tarixdən. Bəlkə də Ağdamı təmsil eləyən (təəssüf ki bu kağız üzərində belədir) “Qarabağ”ın məhz işğal tarixindən bir gün əvvəl Avropa arenasında qələbə qazanmasında mistik bir əlaqə var. Bəlkə, onsuz da 21 ildir dünyaya hayqırdığımız həqiqəti bir dəfə də “Qarabağ” vasitsilə dilə gətirmək üçün imkandır.

“Qarabağ”a ölkə çempionu kimi Tofiq Bəhrəmov adına Respublika Stadionunda medallar təqdim olunarkən azarkeşlərin açdığı bir plakat diqqətimi çəkmişdi. Belə yazılmışdı plakatda:
İyirmi bir il sonra qazandıqlarımız,
İyirmi bir il öncə itirdiklərimizi unutdurmaz!

Göründüyü kimi, azarkeşlər qəriblikdə çempionluq yaşayan komandalarını dəstələməklə yanaşı, vətənlərini, yurdlarını da unutmurlar. Bu gün ərazisinin çox hissəsi düşmən tapdağına olan Ağdamın bizim nəzarətimizdə olan tərəflərinə yaşayan əhalisinin də, Azərbaycanın müxtəlif zonalarına səpələnmiş didərgin əhalinin də bəlkə də tək təsillisi “Qarabağ”dır. Bu klubun uğurları ilə nəfəs alırlar, sevinirlər, şadlanırlar.

“Qarabağ” isə həm daxili yarışlardakı, həm də beynlxalq səviyyəli oyunlarda qazanılan uğurlarla azarkeşlərini uzaqdan da olsa sevindirə bilir.

***

Bu gün “Neftçi” və “İnter” də UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Evdə məğlub olan və oyunu ilə o qədər də ümid verməyən “Neftçi”nin 2-0-dan sonra səfərdə mərhələ adlaması mümkün kimi görünmür. Ancaq futbol həmişə sürprizlərə açıq oyundur, oyun bitmədən kimsə nəsə iddia eləyə bilməz.

Çətin İsveç səfərindən 1-0 hesablı qələbə ilə qayıdan “İnter” isə mərhələ keçməyə daha yaxındır. Kaxaber Sxadadzenin yetirmələri yaxşı mənada hər kəsi təəccübləndirməyə davam edir. Keçirdiyi üç oyunu da qələbə ilə başa vuran “bankirlər”in nəticələri ilə öyünməyə haqları çatır.

Hər iki klubumuza uğurlar!


Müəllif: Zaur Xudiyev