15 Sentyabr 2017 22:59
1 950
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doxsanların sahilə yan alan, ikiminlərin okeana yelkən salan vaxtları idi. Ağzımdan süd qoxusu, dizlərimdən yıxıla-dura aldığım yaraların izi getməmişdi. Düzü, bir az kişiləşmişəm, siqaret iyi süd qoxusunu udub, amma dizlərimdəki yaraların yeri hələ də durur. Gözümə sataşanda hadisələr bir-bir yadıma düşür, diksinirəm.

Doğrudan e, onda çox yıxılırdım, çox.

Gün olurdu, iki-üç dəfə yıxılıb gəlirdim, nənəm yazıq cınqırını çıxarmırdı. Su qaynadıb dizimdən aşağı süzülən qanı silir, yırtıq-yamaq əski tapıb sarıyır, çay süzür, saxlancından ayın-oyun çıxarıb qabağıma tökür, başımı sığallayıb göynərtisi gözümdən oxunan yaralı dizlərimin ağrısını alır, ovudurdu.

Cığal uşaq idim.

Qaça bilməsəm də, qol vurmaq, o fərasətin sahibi olmasam da, ən yaxşı yerdə gizlənmək istəyirdim, alınmırdı. Tez küsür, bir küncdə çəkilib boynumu bükür, qaçan, qovan, qışqır-bağır salan yaşıdlarıma tamaşa eləyirdim.

Təbiətimi hamı bilirdi, hamı. Qayda-qanun bilmirdim. Tərsin biriydim. Özümdən başqasını düşünmürdüm.

Yazını yaza-yaza ağlıma gəlir ki, bəlkə, allah xasiyyətimi bildiyi üçün məni axsaq yaradıb. Təsəvvür elə, birinci topu meydana mən daxil etməli, birinci qolu mən vurmalı, qapıya atılan birinci topu mən tutmalıydım...

Həmişə gecikir, cırnayırdım.

Hətta, bir dəfə qarşı komandanın qapıçısı ilə mübahisə elədim ki, sənin buraxdığın qol sayılmır, çünki ilk dəfə mən buraxmalıyam. Belə-belə, bala-bala nə futbol oynayan oğlanlar yaxına buraxdı, nə gizlənpaç oynayan qızlar...

Üzülüşdük.

Meşəyə qazayağı yığmağa, çayda çimməyə, it tutaşdırmağa, çöldə buğa döyüşdürməyə, eşşəkbeli, moza-moza oynamağa gedirdilər, çağırmırdılar. Toy-nişanda gəlinin başından tökülən pulu, bayramlarda papaqlara qoyulan noğul-nabatı bir yığır, bir bölürdülər, mənə demirdilər.

Tamam-kamal təklənmişdim, tamam-kamal.

Atam Moskvada müalicə olunur, babam gün uzunu inək otarır, evə gələndə də heyvanı rahatlayıb süst düşürdü. Anam isə səhər açılandan axşama kimi əkin-tikinlə məşğul olur, axşam inək sağır, yemək bişirirdi, mənə ayırmağa vaxtı qalmırdı, mehrimi nənəmə salmışdım.

İndi xəyal eləyəndə mənə elə gəlir, o illərdə ətrafımızda hər kəs iş-güc dalınca qaçırdı, bir avara ikimiz qalmışdıq: nənəm və mən. Biri-birimizin yanında olmağa, başını sığallamağa, ətəyini qucaqlamağa məcbur idik.

***

Nənəm həyatının son günlərinə kimi adımı düzgün tələffüz edə bilmədi, "hökmət" dedi, "hökmət” eşitdi. Gəl ki, sevgisini ən gözəl şəkildə göstərdi; bağda-bağatda gəzib-dolaşanda mer-meyvə yığıb gətirir, bazara gedəndə hökmən nəsə alır, toya gedəndə özüylə aparır, yanından əyləşdirir, gözündən qoymurdu.

O, ağırlığında xoşbəxtlik gəzdirən günlərdən ən yadımda qalan nənəmin yasa getməyi idi. Hər dəfə ölü düşüb deyəndə elə sevinirdim, gəl görəsən. Sevinirdim ki, qayıdanda qoynunda cürbəcür konfet gətirəcək.

Stolda əyləşəndə yerdən üzülən ayaqlarımı yelləyə-yelləyə konfetləri bir-bir soyub otəhər sevinclə yeyirdim, görsən, deyərdin, ömründə görməyib. Görmüşdüm, amma o vədələr nə ölümün mahiyyətini anlayırdım, nə də şir-şirniyyat deyilən şey indiki qədər bolluq idi. Təknədə un qurtaranda məcbur alınan bazar çörəyinin qoxusuna xoşbəxt olan adamlar idik.

Mən konfetləri soyub yedikcə nənəm gözlərimin içinə baxıb gülür, “ye dərdin alım, ye” deyirdi. Gözlərindəki təbəssüm indiki kimi yadımdadır. O qədər inandırıcı idi, elə bilirdim, heç ölməyəcək. Bəlkə, onun belə ağlına gəlmirdi ki, nə vaxtsa o da öləcək və kiminsə nənəsi onun mərəkəsindən apardığı konfetlə nəvəsini sevindirəcək.


Müəllif: Hikmət Orhun