25 İyul 2014 10:34
1 357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər, hətta aylar, illərdir ki, futbol ictimaiyyəti bir mövzunu müzakirə eləyib bir nəticəyə gələ bilmir: Azərbaycan futbolunda son zamanlarda inkişaf var, ya yox?

Bu mövzuda əsasən iki tərəflilik yaranır. Bir qism deyir ki, futbolda göz görəsi inkişaf var, bu qədər sərmayə yatırılır, infrastrukturlar (bu söz də heç dilimə yatmır) yaradılır, xaricdən səviyyəli oyunçular gətirilir, məşqçilər gəlir və s.

Əslində bu siyahını bir qəzet səhifəsi həcmində uzatmaq da olar. Ancaq, iş nəticəyə gəldimi, sözümüz elə ağzımızdaca qalır.

Osmanlı Türklərinin sevdiyim bir yaxşı sözü var: Haticəyə deyil, nəticəyə baxacaqsan.
Bizdə işin "Haticə" qismində cox da problem görünmür, ancaq iş nəticəyə gəldimi vəziyyət bir az dəyişir.
Nəsə çatışmır... Əsas məsələ də bu "nəsə"ni tapmaqdır.

Çatışmayan ən önəmli şey peşəkarlıqdır. Bu sadəcə səbəblərdən biridir.
Ancaq demək istədiyim bir neçə şey var.

Futbolda inkişaf pulla olmur, atam balası.
Əgər pulla inkişaf olsaydı, milyardları olan ərəb ölkələri dünyanın öndə gələn futbol ölkələrindən olardılar. Halbuki, nəinki dünya, heç Asiya səviyyəsində də irəlidə gedənlərdən sayılmırlar. Avropa və dünyanın "qürub" çağını yaşayan ulduzlarını klublara cəlb eləməklə irəli getmək olmayacağını da anlayırlar.

Ərəb şeyxləri də öz sərmayələrini avropa klublarına qoyurlar. Çünki nəticə istəyirlər.
"PSJ", "Mançestr Siti" kimi klublar isə onlara öz məqsədlərinə çatmaq üçün əla vasitə oldu.
Əgər pulla inkişaf olsaydı, Rusya futbolu bu gün ortabablardan olmazdı. Abramoviç öz sərmayəsini "Çelsi"yə deyil də, hansısa rus klubuna qoyardı. Çünki Çempionlar Liqasını qazanmaq üçün bir rus klubunun yetməyəcəyini bilirdi.

Kimi alsan da, kimi gətirsən də, xeyri yoxdur. Öncə peşəkarlıq olmalıdır. Öncə ölkə, millət olaraq buna hazır olmaq lazımdır.

Əgər pulla inkişaf olsaydı, Süleyman Kərimovun milyonlar xərclədiyi "Anji" Avropa bir tərəfə qalsın, Rusiyada belə ortabablıqdan qurtulardı.

Adam o qədər pul xərcləsin, Etonu, Roberto Karlosu, Traoreni, Balaş Dcucakı gətirsin, bunlara da baş məşqçi kimi Quus Hiddinqi təyin eləsin, axmaq azarkeşin biri götürüb tribunadan oyuna banan atsın. Karlosu təhqir eləmək üçün.

Budur mentalitet, düşüncə tərzi, məntiq fərqi.
Kərimov da ağıllı adamdı ki, çox uzatmadı bu oyunu, Hiddinq də getdi, Karlos da, Eto da.
Olmur, əgər sənin ölkən yeniliyə, inkişafa hazır deyilsə, nə etsən də, xeyri yoxdur.

Əgər pulla inkişaf olsaydı, Mübariz Mənsimovun milyonlar xərclədiyi, "Xəzər Lənkəran" hətta Toşaka rəğmən, Avropada 8 qol buraxmazdı, milli çempionatda son sıralarda sürünməzdi. Təkcə "cənublular" yox, çempionatmızdakı digər klublara da kifayət qədər maddi yatırım edilir, ancaq nəticə... Heç nə.
Əlimizdə olan avroliqada iki "play-off" və bir qrup mərhələsi. Yetərmi? Yetməz.

Əslində, sözümün məğzi bu deyil. Mövzuya çox uzaqdan başladım, deyəsən.
Demək istədiyim budur ki, bizim klub rəhbərlərimiz də artıq anlayırlar ki, Azərbaycan futbolunu Avropa səviyyəsində inkişaf elətdirmək üçün hələ bir xeyli zamana ehtiyac var.

Bu iş elə pulla-parayla olacaq iş deyil. Öncə peşəkarlıq olacaq ki, bu da hələlik bizim oyunçularımızda çatışmayan cəhətlərdəndir.

Götürək elə Hafiz Məmmədovun "Bakı"sını. Adam burdakılara boş yerə pul xərcləməkdən o qədər bezdi ki, bütün diqqətini Fransa, İspaniya, İngiltərə klublarına yönəltdi.

İşin pis tərəfi odur ki, heç onu da yarıda bilmədi.


Müəllif: Zaur Xudiyev