23 Sentyabr 2017 08:59
2 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər gün dərsə, işə avtobusla gedib-gəlirəm. Artıq avtobusumun nömrəsi mənim üçün çox doğmalaşıb. Hətta başqa nömrəli maşrutlar görəndə hirslənirəm. Bu gün dərsə gələndə isə oturacaqların demək olar hamısının üstünə bu sözlər yazılmışdı: “Mehri, Vüsal səni çox sevir”, “Mehri, səni sevirəm. Vüsal”, “Mehri, telefonuma cavab ver”, “Mehri, məni bağışla”…

Bəlkə də sərnişinlərin çoxu bu yazıları görmür, əhəmiyyət vermirdi, amma mən düşünürdüm ki, görəsən, Mehri gözəldirmi? Görən niyə Vüsala cavab vermir? Yəqin, Vüsal da Mehrini çox incidib. Necə qayğısız, necə rahat, necə təmiz sözlərdir. O sözlər bütün marşrut sakinklərindən azad, dərdsiz, kədərsiz, tozsuz, iysizdir...

Məsələn, o sözləri yazan Vüsal çox güman ki, öz ünvanından bir dayanacaq sonra düşüb. Çünki sürücü dediyi yerdə saxlamayıb. Amma Vüsal sürücüyə bozarmayıb, üstünə çımxırmayıb, əl-qol atmayıb. Və ya Vüsal avtobusa mütləq arxadan yox, ön qapıdan minib. Arxa qapıdan minibsə də, sürücünün etirazına anlayış göstərib, üzr istəyib. Və ya sürücü avtobusla avtoşluq edəndə Vüsalın heç xəbəri də olmayıb. Yalnız ola bilər ki, sərnişinlərin səs-küyündən sonra nə baş verdiyini anlayıb. Vüsal düşəcəyi dayanacaqdan bir neçə stansiya öncədən pulunu hazırlayıb, dayanacağa çatanda camaatın qabağını kəsib iki saat eşələnməyib. Və ya Vüsalın kartında həmişə pul olub, kiməsə qəpik verib içəri keçməyib.

Bütün bunları ona görə sadalayıram ki, nə sərnişinlər, nə də avtobus sürücüləri günahkar və ya günahsızdı. Hər iki tərəf, necə deyərlər, az aşın duzu deyil. Amma sərnişin günahsızdır, ona görə ki… Ona görə ki, borcları başından aşır. Bank krediti qapıda, kommunal xərclərə görə evdə internet, su, qaz, işıq kəsilib. Soyuducu bomboşdur. Uşaqlar gəzmək, yemək, paltar, ayaqqabı istəyir. Hələ balacanın pampersi də qurtarıb. Böyrəyinin ağrısı get-gedə şiddətlənir və dərman almağa da imkan yoxdur. Anaya dərman almağa pul yox, arvadı həkimə aparmağa heç nə yox! İmkan yox, ay millət, yox! Əsəblər də pozulub.

Sürücü də günahsızdır, ona görə ki… Ona görə ki, dünyanın bəlkə də ən yorucu, sıxıcı işi ilə məşğul olur, evinə, uşaqlarına, ailəsinə pul aparır. O pulla kirayə pulu da verməlidir, ailə qarnı da doyurmalıdır. Özünə almasa da olar, evdəkilərə əyin-baş almalıdır. Aya üç toya, iki yasa çağırıblar, hamısı da qapısına xeyirinə-şərinə gəlib. Deməli, bu da getməlidir, iştirak etməlidir. Bir tərəfdən də yollar! Bir tərəfədən də kobud sərnişinlər! Bir tərəfədən qanmaz adamların əlində əsir-yesir qalmaq! Bütün sinir tarıma çəkilib, dözmək olmur, yaşamaq olmur.

Eyni zamanda onlar həm də günahkardır. Bəli, sərnişin günahkardır, ona görə ki, sürücünün bütün məşəqqətini anlamır. Elə bilir ki, avtobusu idarə edən batereya ilə işləyən və ya enerji yığan hanısa aparatdır. Elə bilir sürücünün borcudur ki, sərnişin harda desə, orda da avtobusu saxlasın, lap aparsın darvazasının önünə. Canı çıxsın aparsın, buna görə dövlətdən o qədər pul alır. Camaat iş tapa bilmir, nəyə ağzını büzür? Və ya sərnişinə o da olar ki, marşruta arxadan minsin. Axı avtobusun önündə boş yer yoxdur.

Eyni zamanda sürücü günahkardır. Ona görə ki, onlar dayanacaqları ötürür. Plan dolduracam deyib harasa tələsən, qucağı uşaqlı və ya yaşlı adamları bir neçə yüz metr yolu piyada getməyə məcbur edir. Sürücü günahkardır ki, avtobusu şəxsi maşını hesab edib avtoşluq edir. Az qalır ki, iki təkər üstə qalxa. Bu səbəbdən də içəridəkilər un çuvalı kimi ordan ora, burdan bura atılır. Uşaqlar əzilir, nizam pozulur, adamlar yıxılır, gərginləşir. Sərnişinin də kredit borcu, əl borcu, kommunal, kirayə pulu yadına düşür. Əsəbiləşir və sürücüyə cumur. Sürücü də bu haldan gərginləşir, ev, ailə, qzanc, çətin iş, zəhmət, alın təri yadına düşür. O da sərnişinin üstünə bağırır. Nəticədə ortalıq qarışır. Yumruq, təpik, dava, söyüş, polis, içəri…

Şair demişkən, hamı günahkardır dünyada, amma dünyada heç kəsin günahı yoxdur.


Müəllif: Çinarə Böyükçöl