1 Oktyabr 2017 13:47
3 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adətdəndir, ərəb təqvimi ilə hər Aşura günü ölkəmizdə ateistlər Mirzə Fətəli Axundzadədən, dindarlar isə Rəsulzadənin Aşura ilə bağlı yazısından sitat gətirirlər.

Ateistlər 1400 il öncə baş verən hadisəyə hələ də yas saxlamağın mənasızlığından yazır, dindarlar isə “hər gün Aşura, hər yer Kərbəla” deməklə İslam coğrafiyasında bu gün də eyni hadisələrin davam etdiyini qeyd edirlər.

Düşüncə və fikir azadlığına görə hər iki tərəf də yazdıqlarında sərbəstdirlər.

Sadəcə ortada real bir fakt var: Hər il Aşurada minlərlə insan məscidlərdə bir araya gəlir. Onları isə nə bir lider, nə bir siyasi partiya, nə də ki dövlət oraya toplayır. İnsanlar inanclarına uyğun olaraq bir araya toplaşırlar. Dünən bununla bağlı Feysbukda belə yazdım: “Azərbaycan xalqı fevral-oktyabr inqilablarından keçdi, iki il cümhuriyyət, 71 il sosializm və allahsızlıq gördü, 4 il meydan hərəkatı gördü, 26 ildə yüzlərlə mitinq gördü, ən sonunda bir araya gələcəyi yeganə yeri qaldı – Aşura”.

Səbəb nədir?

Əvvəla, Aşura mərasiminə kimlər gedir? Bu adamlar göydənmi gəliblər ki, onların bir yerə toplanması digərlərinə qəribə gəlir?

Bizim məhəllədə Aşura günü məscidə məhəllə yoldaşlarımızın anaları, dindar qonşularımız, yaşlı qadınlar gedirdilər. Hər biri əllərində iki kilo qənd və ya 500 qramlıq çay qutusu alaraq piyada ən yaxın məscidə yollanırdılar. Ortayaşlı dindar kişilər isə gecə saat 4-dən Mirmövsüm ağa ziyarətgahına piyada yola düşürdülər. Bir gün öncədən isə axşamlar məscidə toplaşıb dini söhbətlərə qulaq asırdılar.

Sonra isə dağılışıb evlərinə dönür, rutin həyatlarına davam edirdilər.

Biz uşaq olanda isə biləklərimizə qara ip dolayır, tez qoparsa, arzumuzun həyata keçəcəyini deyirdilər. Biz də tez qopması üçün əllərimizi, biləklərimizi tez-tez yuyardıq ki, qara parça çürüsün.

Beləcə, bu illər ərzində məhəllə yoldaşlarımızın analarından, əsalı nənə və babalardan, dindar uşaqlardan nə bizə, nə də dövlətə hər hansı bir zərər gəlirdi.

Lakin insanların dini duyğularını siyasətə yönləndirmək meyilləri ortaya çıxdıqdan sonra, Aşura mərasimi də siyasi həyata daşınmağa başladı. Bu da birbaşa İran dövlətinin maddi, mənəvi dəstəyi ilə baş tutdu. Uzaq tarixdə Mövsüm Səmədov, yaxın tarixdə isə Taleh Bağırzadə bu siyasətə alət oldu, Aşura rəmzlərini ictimai-siyasi həyata daşıdı, insanların inanclarından istifadə etdilər. Sonuncusu hətta İrandan gələn mollaların əlini, ətəyini açıq şəkildə öpməkdən də şərəf duydu.

Şübhəsiz ki, bir çox mərasimlər kimi, dini mərasimlər də qeyd edilməlidir. Yəni ki, inanclı insan başqasının yaşamına zərər vermədən ürəyi istədiyi qədər mərasim keçirə bilər. Sadəcə, dini rəmzləri mövcud siyasi həyata daşımaq, başqa ölkələrin din xadimlərinin ətəyini öpmək, onların bayrağında "hüzur" tapmaq doğru deyildir.

Dövlətin və dinin sərhədləri konstitusiyamızda müəyyənləşdirilib. Maaraifləndirmə işində dini komitə də önəmli rol oynayır. Amma komitə Səudiyyədən, Türkiyədən, İrandan, Küveytdən, Dağıstandan gələn təhlükələr qarşısında təkbaşına mübarizə apara bilməz. Bu, jurnalistlərin də, cəmiyyətin aydınlarının da üzərinə düşən vəzifədir. Çünki insanların dini inanclarından faydalanaraq dövlətləri yox etmək istəyən İŞİD, dövlətləri ələ keçirmək istəyən FETÖ kimi terror təşkilatları çox yaxın tariximizin məhsullarıdır.


Müəllif: Dilqəm Əhməd