26 İyul 2014 18:03
2 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli qardaşlarımızın tez-tez işlətdikləri bir söz var. "Ne ummuştuk, ne bulduk".

Bizim futbolumuzda da bu "ummak"la "bulmak" arasındakı kəskin fərq həmişə "göz deşir". A qadan alım, kimə ümid edirik, bir balaca arxayın olub hesab edirik ki, bizi sevindirəcək, gəlir altından elə bir şey çıxır ki, ümidlərin də, özün də kəllə-mayallaq olursan.

Kimdən də ki ümidini üzürsən, deyirsən ki, əşşi, daha bundan bir şey olmaz, gəlir elə yerdə tərs tərəfə yatırdır ki səni, qalırsan baxa-baxa.

Məsələn, götürək elə Bakının "İnter" klubunu. "Bankirlər" hələ keçən həftə səfərdə "Elfsborq"u 1-0 məğlub edəndə babat həvəslənmişdik ki, axır ki, Kaxaber Tsxadadze və yetirmələri, nəhayət, ikinci mərhələdən o tərəfə keçə biləcəklər. Di gəl ki, sən saydığını say, gör fələk nə sayır.

Oyunu yaxşı səviyyədə keçirən komanda 120 dəqiqəlik döyüşün axırında heç kimin gözləmədiyi halda rəqibinə boyun əyəsi oldu. Özü də penalti seriyasında.

Hə, burda vacib bir məqamı mütləq vurğulamalıyıq ki, bu "İnter"in başına gələn ilk belə hal deyil. Bundan əvvəl iki dəfə də Kaxa və yetirmələri ikinci turu adlamaq istəyərkən penalti seriyasında "ilişmişdilər". Bu da oldu üç. Bizim atalarımız da üçdən deyib axı, yəqin bundan sonrakı dəfə iş "lotoreyaya" qalsa, turu keçən, biz olacağıq.

Bu vur-çatlasında Kaxaber Tsxadadze də deyir ki, istefa verirəm. Əslində, haqlıdı adam. Bu komandada qalıb nə edəcək ki guya? Azərbaycan çempionatında gümüş medal qazanmaq elə ciddi uğur hesab olunursa bu başqa məsələ, yox, əgər söhbət daha ciddi uğurlardan gedirsə, gərək bu adama bir şərait də yaradılsın axı.

Sənin istefanı dəstəkləyirəm, badano Txsadadze. Ancaq bil ki, bu məğlubiyyətdə ən az pay sahibi olan da sənsən. Hər nə qədər mətbuatla aran yaxşı olmasa da, jurnalistlərlə münasibətlərin enişli-yoxuşlu olsa da, adamın üstündə Allah var, gərək düzü düz deyək.

Axı sənin nə günahın var ki, oyunun baş hakimi matç başlar-başlamaz durduq yerdə sənin komandanı bir nəfər azlıqda qoydu, üstəlik, qapınıza da on bir metrlik cərimə zərbəsi təyin elədi. Hələ bu yetmirmiş kimi, oyun boyu da əlindən və fitindən gəldiyi qədər sıxdı sizin komandanı.

Axı sənin günahın deyil ki, sənin oyuna sonradan daxil elədiyin azərbaycanlı futbolçu qapıçı ilə təkbətək qaldığı zaman zərbə vurmaqdan başqa hər şey haqqında fikirləşdi, axırda eləcə baxa-baxa qaldı. Üstəlik, onun yerinə oyuna saldığın o biri azərbaycanlı futbolçu guya sələfindən fərqli olaraq tez qərar verib zərbə vurdu, o da dirəyə tuş gədi. Səni inandırım, o top dirəyə yox, sanki stadionda oturan 5-6 min azarkeşin başına dəymişdi.

Həmin anda anladıq artıq bu oyunun əldən getdiyini. Sonra da qınayrıq səni ki, niyə daha çox xarici futbolçularla oynayırsan. Sən sən ol, bundan sonra bir də məcbur qalmadıqca azərbaycanlı futbolçulara belə bağlama.

Sənlik nə var ki axı, bəyəndiyin, seçdiyin səviyyəli legionerləri klub rəhbərliyi komandaya cəlb eləmədi. Deyəsən, nəsə pul haqq-hesabı idi. Veriblər əlinə bir-iki alayarımçıq oyunçunu, deyirlər, bunlarla mərhələ keç.

Biz tərəflərdə bu kimi hallarda bir misal çəkirlər. "Bütövü kəsmə, paraya dəymə, doğra doyunca ye".
Səni də o hala qoydular. İndi də getmək istəyirsən, lap əcəb eləyirsən. Get, uğurun xeyir olsun. Birdən klub prezidenti qalmağın üçün israr eləyər, dil tökər. Qəti aldanma, başını sal aşağı, öz yolunla get.


Müəllif: Zaur Xudiyev