14 Oktyabr 2017 09:22
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər mahalın gözəlliyi, özünəməxsusluğu var. Biri muğamatı, təbiəti, biri əruzu, meyxanası, o biri gülməcəsi, atmacasıyla məşhurdur. Biz tərəflərə gələndə isə sazsız, sözsüz olmaz. “Saz” dedinmi, uçan quşlar qanad saxlar.

Bir ara gözdən salmışdılar, amma təzə-təzə bərpa olunur saz sevgisi, söz məhəbbəti. Uşaqdan böyüyə kimə baxırsan, saz dinləyir, söz əzbərləyir. Məktəblilər kürəyindən məktəb çantasını çıxarandan sonra saz götürür, ustad yanına gedir. Yaxşı haldır, çox yaxşı.

Böyük-kiçik saz dinləməyində, söz əzbərləməyində, məclis qurmağında, məktəblilər ustad yanına getməyində olsun, mən sizə hardan deyim, hardan danışım? Ədalət Məhəmmədəli oğlu Nəsibovdan. Yəni Aşıq Ədalət Nəsibovdan, Dədə Ədalətdən.

Beş-altı yaşımdan dinləyirəm onu, beş-altı yaşımdan. Bilmirəm, düzməcədir, yoxsa həqiqət, amma indiyə kimi yadımdadır, mən balacaykən dədəm deyirdi, dil açanda “saz” dedin, ayaq açanda televizorda görüb Aşıq Ədalətə doğru qaçdın. Sonra da əlavə edirdi ki, o da sazı elə sənin yaşında olanda öyrənib. Yeri düşəndə indi də deyir.

Babam da çox danışmışdı Aşıq Ədalətdən. Daha doğrusu, balaca Ədalətdən. Hələ sümüyü bərkiməmiş, çəlimsiz yamaqçı oğlundan. Oxuduğu Qazax Müəllimlər Seminariyasına gedib-gəldiyi illərdə babam tələbə yoldaşları ilə yolüstü Ədalətin atası, eyni zamanda ustadı Məhəmmədəli kişinin yamaqçı köşkündə dayanıb dincini alar, danışdığı əhvalatları, şeirləri dinlərmişlər.

Nağıl dili yüyürək olar. O vədələr burnunun suyunu axıda-axıda balaca Ədalət də gəlib-gedərmiş köşkə. Başına gələn başmaqçı olar, bilirəm, ataların köhnə adətidir, oğul-uşağının gizli tərəflərini görməzlər. Məhəmmədəli kişi də balaca Ədaləti göstərib soruşarmış ki, bunun axırı nə olacaq, görəsən? Babam hər dəfə ustadı efirdə görəndə gülümsünüb deyirdi, hardasan, a Məhəmmədəli kişi, gəl gör, oğlun indi haralardadır?

...Onu çox dinlədim, az qala hər “gülünü”, xırdalığını əzbərlədim. Hətta örnək alıb aşıqlığa meyl də saldım, amma saz almağa imkanımız olmadı. Bəlkə, o vədələr içimdəki yanğıdan xəbərdar olsaydı, bir dənə cürə saz alıb göndərərdi.

Qəpik-qəpik yığıb aldığımız sazı köynəyinə qoyub ustad yanına gedən gün xəbər gəldi ki, nənəm rəhmətə gedib. Murazım gözümdə qaldı. Demək, qismət deyilmiş. O sazı qaldırıb divardan asdım, bir daha da əlimə götürmədim. İndi də gecələr yatağa uzananda baxıb köks ötürür, sonra yatıram.

Ustadın yolunu getmək qismət olmadı, gəl ki sonralar, çox sonralar... Həmişə Ədalətin barmaqlarına and içən adamlar əhatə etdi məni, həmişə. Siyahının başında isə Mövlud Mövlud gəlirdi, içib Ədalətin çaldığı havalara ağlayan Mövlud.

Tale elə gətirdi ki, dəfn günü nə Aşıq Ədalətin, nə onun barmaqlarına and içən adamların əhatəsində ola bildim, amma ustadın vəfatını eşidən andan ürəyimin yarısı Qazaxda döyünürdü...
İştirak edənlər deyir, həmin gün yağış yağıb, Mövludun dəfnində yağan yağış. Bir anlıq düşündüm, yaxşı ki, orada olmamışam, yaxşı ki. Ürəyim tablamazdı.

İndi də yağır, dəli yağışlar indi də yağır. Hələ də qəbrini ziyarətə gedə bilməmişəm, amma gedəcəm, nə vaxtsa mütləq gedəcəm. Qarlı-boranlı qışda, yağışlı-yağmurlu payız ayında yox, torpağın dil çıxarıb ləhlədiyi qorabişirən ayların birində gedəcəm. Gedib qəbrinin başında dayanacam, sinədaşına bir qab su töküb deyəcəm ki, mən gəldim, ustad, mən..


Müəllif: Hikmət Orhun