15 Oktyabr 2017 13:29
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə saat 02:03-dür.

Dördmərtəbəli binanın ən aşağı mərtəbəsində böyük ustad Nəşət Ərtaşın türkülərinə qulaq asıb məmləkətimin dərdlərini düşünürəm.

İstanbul Bakıdan uzaq şəhər olmasa da, buradan Feysbuka daxil olanda məmləkətdə kimin nə işlə məşğul olduğu daha aydın seçilir.

Görürəm ki, hələ də ədəbiyyatın davasını edən bir neçə adam qalıb ölkədə: Rasim Qaraca, İradə Musayeva, Nəriman Əbdürrəhmanlı... Rasim bəy hələ də eyni həvəslə, eyni enerji ilə kitablar çap edir, böyük dünyanı kiçik Azərbaycana yerləşdirmək üçün ən keyfiyyətli məhsulların axtarışındadır. Qismət Rüstəmovun tərcüməsində “Ədəbiyyatsız dünya” ilə ədəbiyyatı tanıtmaq istəyir. Oxucular isə hər zamankı kimi “qiymət bahadır” deyib kitabı görməzdən gələcək, Rasim bəy də axırda “50 kitab 50 manata” kampaniyası aparmağa məcbur olacaq. Tənqidçi İradə Musayeva ədəbiyyatın xilasını dövlət dəstəyində görür, açıq şəkildə ona səlahiyyət verilsə, nələr edəcəyini sadalayır, ad çəkməsə də, hər gün kimlərisə tənqid edir... Nəriman Əbdürrəhmanlı isə heç bir qalmaqala qarışmadan əsl yazıçının etməli olduğu işi edir, yəni əsər yazır. Son yazdığı “Taclı” romanını isə dostlarımız tezliklə Bakıdan göndərəcək...

Görürəm ki, siyasətin davasını edən bir-iki adam qalıb ölkədə. Real təmsilçisi Natiq Cəfərli hər gün yorulmadan “qalstuklu müəllimlər” adlandırdığı məmurlara dərs keçir, Əli Kərimli mitinq dönəmini açıq elan edib, xalqı Məhsula səsləyir, İsa Qəmbər isə Elçibəyə çiynində vəfa borcunu ödəyir. Hər seçki ərəfəsində Bakıya gəlməyi planlayan xaricdəki mühacir siyasilər isə pilotlarla müzakirə edir, ilk fürsətdəcə təyyarəni necə geri döndərmək ətrafında danışıqlar aparırlar. Hökumət Avropa Şurasından çıxmaqla bağlı bəyanatlar səsləndirir. Çün bu sualın cavabını hələ də tapmamışıq: Biz asiyalıyıq, yoxsa avropalı?

Görürəm ki, təhsilimizin dərdi ilə məşğul olan isə qalmayıb. Təzəlikcə məlum olub ki, dərsliklərimizdə ermənilərə fayda verəcək xəritələr var, jurnalistlər müəlliflərin, müəlliflər isə jurnalistlərin üstünə düşüb, arada isə xalqı cahil adlandırırlar. AMEA isə dərsliklərin yazılmasını öz idarəsinə daşımaq istəyən Tarix İnstitutunun bəyanatına qarışmadığını deyir, polemikadan kənarda dayanmaq istəyir. Amma necə dayansın? Çünki bir tərəfdən də Nizami Gəncəvi növbəti dəfə fars şairi elan edilib. Buna cavab vermək lazımdır, üstəlik Nizaminin diliylə. Amma məlum olur ki, Nizami əvəzinə Səməd Vurğun, Rəsul Rza danışır. Onlar isə milləti deyil, Sovet ümmətini təbliğ edirlər.

Görürəm ki, buradakı kimi ölkəmizdə də Amerika və Tramp gündəmdədir. Sevinc Telmanqızı Amerika haqqında kitab yazır, Ramin Hacılı isə Amerikanı barmağına dolayır.

Başımı yastığa qoyub yatmaq istəyirəm. Gözüm bir müsahibəyə sataşır. Yazıçı Murad Köhnəqala intihar edən yazıçı Mövlud Mövlud haqqındakı müsahibəsində 3 dəfə “araq”, 4 dəfə “içki”, 5 dəfə isə “içmək” sözünü işlədib. Gözümün qabağına hər gün işdə bütöv Azərbaycandan, Təbrizin azadlığından, türk tarixindən, Azərbaycan mədəniyyətindən, ədəbiyyatından bəhs edən, hər gün “Gündəlik Teleqraf” qəzeti üçün bu mövzularda yazılar yazan bir gənc, bir yazıçı, bir redaktor gəlir.

Gözümün qabağına hər gün kitab çap edəcəyini deyən, Rusiyada hekayəsi çap olunduğu üçün sevinən enerji dolu, gələcəyə böyük ümidlərlə baxan istedadlı bir yazıçı gəlir.

Gözümün qabağına övladını, xanımını böyük məhəbbətlə sevən bir kişi, bir ata gəlir.

Heyhat, yalan dünya. Əvvəllər insanın düşmənləri onun haqqında içki düşgünü obrazını yaradardılar, indi dostları...

Kaş ki, o dünya olmasın və sən bu yazılanları görməmiş olasan, hey gənc yaşında müdrik görünən, qoca Mövlud...


Müəllif: Dilqəm Əhməd