16 Oktyabr 2017 10:43
1 897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə elə gəlir ki, metro yolçuluğunun ən gözəl yeri eskalatorda aşağı düşmək, yuxarı qalxmaqdır. Axı heç vaxt metroya minməyən, şəhərdə ancaq öz şəxsi avtomobili ilə gəzib-dolaşan adamlar bunu nə bilsinlər? Balaca zaman çərçivəsində gördüyümüz insanlar, onların üzləri, yaxın məsafədə dayanan əlləri o qədər qəribə, ahəngdar bir ritm yaradır ki... Sanki yuxarı qalxanlar ölənlərimizdir, təzədən həyata qayıdırlar. Aşağı düşənlər isə həyatdan gedirlər, dünyasını dəyişirlər. Biz aşağı, onlar yuxarı və ya biz yuxarı, onlar aşağı uçurlar.

Ömrümüz də eskalator sürətilə uçub gedir. Doğmalarımız, yaxınlarımız bu sürətlə itir, sıradan çıxır. Sürətlə yuxarı qalxırıq, həyata başlayırıq və ya sürətlə yerin dibinə qədər gedir, qaranlıq yola üz qoyuruq. Hərdən elə bilirəm ki, eskalatorda illər öncə itirdiyim yaxınlarımla, doğmalarımla rastlaşacağam. Məsələn, əzizim babamı görəcəyəm. Bir anlıq təsəvvür edirəm ki, mən eskalatorla aşağı düşürəm, babam isə gülə-gülə üzü yuxarı qalxır, bir neçə saniyə yanaşı duranda əlini uzadır, saçlarımı sığallayır, cibindən bakuş çıxarıb mənə verir və təzədən gülə-gülə yoluna davam edir. Hələ uzaqlaşdıqca geri çevrilib mənə əl də eləyir.

İnanın, təsəvvür elədikcə ürəyim partlayır. Çünki babam üçün çox darıxmışam... Babam öləndən sonra onu hər yerdə axtardım, tapa bilmədim. Yeganə ümidim eskalatoradır. Elə bilirəm, onu nə vaxtsa eskalatorla qalxanda görəcəm. Onda metroya da, eskalatora da, Bakıya da necə minnətdar olardım. Əyilib eskalatorun pilləkənlərindən öpərdim. Babamın ayaqlarının dəydiyi yerlərin şəklini çəkərdim, o şəkli böyüdər, evimizdə divardan asardım.

Fikir vermişəm, elə adamlar da var, eskalatorda dayanır, amma başını qaldırıb heç kimin üzünə baxmır. Bilmirəm, insanlar yanlarınca uçan adamlara necə laqeyd yanaşa bilirlər? Onlara niyə baxmırlar, niyə onların içində əzizlərini axtarmırlar? Bəlkə o adamlar başını qaldırıb baxmır ki, doğmalarını itirməyiblər? Ola bilərmi bu dünyada kimsə kiminsə itirməsin?

Nədənsə, eskalatorda hamı sənə tanış gəlir. Ay adam, bəs niyə başını qaldırmırsan? Ay adam, kimsən?.. Bəlkə hər gün darıxdığın atan ölməyib, bəlkə anan hələ sağdır. Bəlkə onlar esaklatorla yerin altından üzü yuxarı – həyata qalxırlar. Bəs niyə baxmırsan? Bəlkə sən onun üzün bir daha görməyəcəksən. Onu görə biləcəyin kiçicik bir an üçün dəyməzmi? Bəlkə kiməsə, hansısa doğmana, əzizinə oxşatdığın bir adam yanından keçib gedir, ona baxıb gülümsəyə bilməzsənmi? Gülümsəmək gözəl deyilmi?..


Müəllif: Çinarə Böyükçöl