16 Oktyabr 2017 14:41
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəqin redaktor dostlarım da təsdiqləyər ki, artıq xeyli vaxtdır media olaraq müsahib, ekspert sarıdan çox ciddi əziyyət çəkirik. Bir yandan bəzi köhnə ekspertlər yorulub, KİV-ə əvvəlki dəstəyi göstərmək istəmirlər, o biri yandan da oxucu eyni simaları görməkdən, bənzər fikirləri oxumaqdan, təkrarçılıqdan bezib.

Bir qisim ekspertlərsə istədiklərini artıq əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədət populyar və əvəzolunmazdırlar, onlarin jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Ortada itirən isə təbii ki, həm dövlətimiz, həm də mediadır. Media güclü silahdır. Yeni simalar, intellektuallar, düşünən beyinlər, ideya generatorları, medianın rolunu, əhəmiyyətini anlayanlar azaldıqca KİV-in maraqlılığı, rəngarəngliyi, oxunaqlığı və gücü, cazibəsi azalır. Təklifim nədir? Sosial medianı təbii ki, izləyirəm. Diqqətimi çəkən bir neçə jurnalist həmkarımız var. Ki, artıq onlara jurnalist demək doğru olmaz. Onlar sözün əsl mənasında, səviyyəli politoloq, siyasi şərhçi, təhlilçidirlər. Baş verənləri ağıllı, soyuq başla analiz edib ortaya fikir qoya bilirlər. Onları yazı yazmaqdan, yazı redaktə etməkdən kənarlaşdırıb məhz politoloji, siyasi fəaliyyətə yönəltmək lazımdır. Azərbaycanda məhz belə təşkilatlar, siyasi institutlar, beyin mərkəzləri (SAM və s. kimi) yaradılmalı və o şəxslər orada çalışmalıdırlar. Bir siyasətçini, politoloqu yetişdirmək üçün illər lazımdır. Onlar isə xüsusi qayğı, diqqət olmadan siyasi proseslərin içərisində özləri yetişiblər. Düşünürəm ki, onları itirmək olmaz! Baxın, illərimiz jurnalistikada keçib. İndi yetərincə tanınmış siyasətçilərin demək olar, hamısının səviyyəsinə, intellektinə, hazırlığına yaxşı bələdik. Əksərindən müsahibə almışıq, həmsöhbət olmuşuq. Onların danışdıqlarını olduğu kimi oxucuya təqdim etsəydik, yəqin ki, bu gün o qədər "böyük" görünməzdilər. Jurnalistlər onları redaktə edib, cilalayıb, təmizləyib topluma təqdim edib. Öz ətrafından, qohum-əqrəbasından savayı heç nəyə, heç kəsə xeyri dəyməyən o şəxslərə göstərdiyimiz diqqəti öz həmkarlarımıza niyə göstərməyək? Həmkarlarımı, xüsusən də media şirkətlərini idarə edən, qərar verən dostlarımı səsimə səs verməyə çağırıram...

P.S. Təbii, ad çəkməyimi istəyəcəksiniz. Qısqanclıq yaranmasın deyə, hələlik ad çəkmirəm. Bəlkə də kimləri nəzərdə tutduğumu özünüz anlayırsınız...


Müəllif: Aynur Camalqızı