17 Oktyabr 2017 13:45
11 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyükçöl, yaxınlarda özündən bir müsahibə almışdın, fotoqraf şəkillərini də çəkmişdi, adamlar bəyənmişdi, demişdilər ki, qeyri-adisən... Heç də qeyri-adi deyildin. Özün kimi idin, necə varsansa, eləcə...

Yadımdadır, özündən müsahibə alanda xeyli pivə içdin, ard-arda siqaret çəkdin, sonra tünd çay... Hətta pivələrinin qapağını mən açırdım, siqaretini mən yandırırdım, çayını özüm tünd dəmləyirdim... Hərdən yerindən qalxıb otağın bu başından o başına, o başından bu başına var-gəl eləyirdin, əllərini ovurdun, qollarını sinənə basırdın, dizlərini bükürdün, hərdən də qulaqlarını tuturdun. Sənə uzaqdan baxan adam elə düşünərdi ki, şaxtalı, boranlı bir havada əyni, əli, ayağı yalın yol gedirsən. Qəfildən dizlərini soyuq kəsir, büdrəyirsən... Qəfildən əllərini buz kəsir, ayaqlarını şaxta vurur.

Mən də sənə uzaqdan baxırdım, amma başqaları kimi düşünmürdüm. Mənə elə gəlirdi ki, sənə həqiqətən də soyuqdur, sən həqiqətən də şaxtada, buzda, qarda, boranda, tufandasan...

Bu gün bir neçə mağazaya getdim. Getdim ki, sənə telefon alım. Təbii, nəğd pulla yox... Rayon qeydiyyatlı olduğuma görə bir Allahın bəndəsi məni həyat yoldaşıma kreditə telefon götürməyi qıymadı. Hələ təkid də edirdim. Deyirdim ki, bilirsiz, sabah mənim həyat yoldaşımın ad günüdür. Ona sürpriz etmək istəyirəm. Amma yenə alınmadı.

– Bilirsiniz, həyat yoldaşım kimdir?

– Kim?

– Kəramət Böyükçöl!

Bunu ona görə dedim ki, bəlkə mağazada kimsə onu tanıyar, romanlarını, müsahibələrini, hekayələrini oxumuş olar, kiminsə ona rəğbəti olar, kimsə oxucusu olar və məni üzü pərişan, əlləri hədiyyəsiz geri qaytarmaz....

– Xanım, kimin yoldaşı olmağınızın fərqi yoxdur. Siz rayon qeydiyyatındasınız. Bu halda sizə kreditlə telefon vermək mümkün deyil.

Böyükçölə heç nə ala bilmədim. Heç bir sürpriz edə bilmədim. Keçən il saat söz vermişdim, aldım, oğlumuz Barış sındırdı. Allah köməyi olsun. Bu il də telefon nəzərdə tutmuşdum. Amma alınmadı. Onsuz da alsaydım, Barış yenə sındıracaqdı.

O gün dalaşmışdıq. Dalaşmışdıq deyəndə ki... Hə, dalaşmışdıq. Amma on bir saat iyirmi üç dəqiqədən sonra barışdıq. Bu bizim rekord küsülü qalma müddətimiz idi. Sonra o mənə yazdı:

– Səni çox kədərli surətdə sevirəm.

– Ağlamalinski?

– Səyləmə...

Hə, bu dialoqla barışdıq...

Tez-tez ona deyirlər ki, çox içirsən... Vallah, çox içmir. Sadəcə, içki ona tez təsir edir. Mən onun kimi darıxsam, sərxoşluqdan ayılmazdım. Onun o qədər daxili təlatümləri, o qədər enişləri, o qədər yoxuşları, o qədər kədəri var ki... Jasmindən ötrü darıxır. Evimizin içində Barışdan da ötrü darıxır.

Onun dost kədəri var...

Onun ailə kədəri var.

Onun həyat kədəri var.

Onun istedad kədəri var.

Onun yazmaq kədəri var.

Onun yaza bilməmək kədəri var.

Onun güclə, güclə, birtəhər yaşamaq kədəri var...

Mən isə çalışıram ki, Böyükçölün o birtəhər yaşama səbəbi olum. Çalışıram ki, Böyükçöl kədəri unutsun. Onun çox sevdiyi misra var: “Elə bir haldayam ki, oğlum qızıma vurula bilər bu şəhərdə”.

Bax, onun bu misra boyda kədəri var. Kədərinə qurban olum, Böyükçöl.

Doğum günün mübarəkdir. Kaş O da bizimlə olaydı. O, bilirsən kimdir? "O" adına düşündüyün kim varsa... Gələn ad gününü Onunla birlikdə qeyd etmək diləyilə Səni sevirəm...


Müəllif: Çinarə Böyükçöl