27 Oktyabr 2017 15:12
1 628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dil-ədəbiyyat müəllimimin yalançısıyam, dinən deyirdi, riyaziyyata nə var, dəqiq elmdir, iki vur iki həmişə dörd edir. Bir-iki düstur da əzbərlədinmi çulunu sudan çıxarırsan. Dilə, mətnə, ədəbiyyata gələndə, hərə öz bildiyi kimi yazır, dəyişir, ora-burasını qurdalayıb gözünü çıxarır.

Bu yaxınlarda bir eksperiment elədim, müəllimimin sözləri öz təsdiqini tapdı. “Hiss” sözünə cəm şəkilçisi artıranda ikinci “s” düşür, yoxsa düşmür” deyə bir polemika açdım. Aşağısı iyirmi adam münasibət yazdı, birinin fikri o birinə uyğun gəlmədi, çünki qaydalar tez-tez dəyişdirilir. Məktəbi 2006-cı ildə bitirən adamın 2010-cu ildə baş verən dəyişiklikdən xəbəri yoxdur.

Bu, lap “Olacak o kadar” verilişindəki “Çaycının intiharı” skecini xatırladır. Situasiya belədir ki, saniyədə bir hökumət dəyişir, çayçı da hər gələn dövlət məmuruna çay paylayır, amma haqqını almağa macal tapmamış yeni hökumət qurulur. Hər gələn hökumət də öz kadrını təyin edir. Axırda çayçı dözmür, dama çıxır ki, intihar edəcəm.

Yəni...

Mən orta məktəbdə oxuyanda “s” düşürdü, indi deyirlər, yox, düşəndə sözün leksik mənası dəyişir, “çıraq hisi” anlamına gəlir. Bir qrup isə deyir, “his” sözü cəm şəkilçisi qəbul etmir, ona görə də “hiss” cəmlənərkən ikinci “s” hökmən düşməlidir. Bəzilər də deyir, məsələ cəm şəkilçisinin başında deyil, eynicinsli qoşasamitli təkhecalı sözlərin yazılış qaydasına riayət edilməlidir.

O zaman sual yaranır ki, biz cəm formanı necə yazaq? Axı, bizim açdığımız polemika sözə cəm şəkilçisi artırılanda ortaya çıxan problemlə bağlıdır...

Baxanda hər kəs haqlıdır, amma, ancaq və lakin... Vahid qayda yoxdur. Yoxdur yox e, hər gün dəyişir. Hərə kitabında bir cür yazır. Mənim bildiyim orta məktəb dərsliyində “s” hərfi istisnasız düşür, ali məktəb dərsliyində isə müstəsna kimi göstərilir. Bax, problem buradan başlayır. Bu qədər qarışıqlığın arasında bir ağıllı da çıxır, bu il bir kitaba, gələn il başqa bir kitaba istinad edir, camaat çaş-baş qalır. Başa düşmək olmur, bu necə dildir ki, orta məktəbdə bir cür öyrənilir, ali məktəbdə bir cür?

İndi də Nazirlər Kabineti yanında Terminologiya Komissiyası bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığını müəyyənləşdirərək mətbuata açıqlayıb. “Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib.

Bitmədi. İşin ən biabırçı yeri isə aşağıdadır.

Bu sözlərin mətbuat orqanlarında komissiya tərəfindən təsdiqlənmiş formada istifadə edilməsinin vacibliyini vurğulayan komissiya sədrinin müavini Sayalı Sadıqova qeyd edib ki, kompüter “mouse”-nun qarşılığı kimi “bələdçi” sözündən istifadə olunması təklif edilir. Maraqlıdır, bəs, bələdçi sözünün yerinə nə yazacağıq?

Hərçənd “mesaj” sözünün qarşılığını çıxmaq şərtiylə digərlərinin iki gün sonra uğursuzluğa düçar olacağını, unudulacağını düşünürəm, amma bir anlıq təsəvvür edin ki, təklif olunan sözlərlə cümlə qurursunuz: ”Yükləyicini ver, telefonu yükləməyə qoyum”, “Statusunu bəyənmə etdim”.

Sizcə də, “Quql transleyt” tərcüməsinə bənzəmədimi? Beş yaşında uşağa da desən, adamın üzünə qayıdar ki, telefon eşşək arabasıdırmı yükləyirsən?

“Bəyənmə”. Hə, bir də bu var. Sözü deyəndə beyində qığılcım çaxır. Bilmirsən, bəyən deyir, yoxsa bəyənmə... “Yekdillik” sözünün özünün tərcüməyə ehtiyacı var.

“Qadağa”, “köçürülmə”, “öncəgörmə” isə sözün orijinalına yaxın belə düşmür, özümüzü zorlamaqla deyil. Haraya getsək, “embarqo”dan, “evakuasiya”dan, “proqnoz”dan, “konsensus”dan qurtula bilməyəcəyik.

Niyə də qurtulaq, axı? Oturuşmuş sözlərdir. Yazanda, danışanda problem yaşamırıq. Ən azından “Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu“nu çoxları əzbər bilir. “Öncəgörmələr bürosu”na dəyişməklə yaxını qoyub uzağa getmiş olmuruqmu? Əlbəttə, çox uzağa gedirik. Yeri qoyub göyə, reallığı qoyub mistikaya qaçırıq.

Fikrimcə, yuxarıdakılar tez zamanda səhvlərini anlayacaq və düzəldəcək. Təklif olunan sözlərdən sonra qənaətim budur ki, əlimizdəkilərlə kifayətlənməliyik. “Mouse”-u “bələdçi”, “adapter”i “yükləyici”, “razetka”nı “elektrik deşiyi” (Mir Şahinin versiyasıdır) ilə əvəzləyib, özümüzü biabır etmək yerinə əlimizdəkilərdən yararlanmalıyıq.

Doğrusu, budur.


Müəllif: Hikmət Orhun