Heç kim diri-diri dərisi soyulan Nəsiminin, on il Irtış çayının soyuq sularında köhnə gəmiləri sökməyə məhkum edilən Dostoyevskinin, güllələnməyə aparılarkən barmaqları, qorxusundan yapışdığı avtomobilin qapısından kəlbətinlə qoparılan Lorkanın, çəkdiyi əzablara üsyan edib öz əli ilə öz başını kəsən Mopassanın, şizofren arvadının sağalmaz olduğunu görüb üç övladını dostlarına əmanət edib evini (bəlkə də, bu dünyanı) birdəfəlik tərk edən Hessenin taleyini, müsibətini göz altına alıb ədəbiyyata, sənətə gəlmir. Hər kəsi sənətə, o sənətin tən ortasında fırlanıb dörd yanına göz vuran bir uğur mayakı çağırır və insan sənətin yalnız uğur səmtini seçirsə, gec-tez bir məişət meşşanına, tale nökərinə çevirilir. Belələri sənəti sevsə də, sənət belələrini sevmir. Mənəvi aclıqdan, intellektual ehtiyacdan törəyən sənət, həmişə özünün xoşbəxtlərini deyil, bədbəxtlərini, toxlarını deyil, aclarını daha yüksək qiymətləndirir. O adamları ki, bu yolda heç vaxt şəxsi bədbəxtlikləri ilə mübarizə aparmırlar, şəxsi faciələri ilə ər-arvad kimi boğuşmaq səviyyəsinə enmirlər, Sənət və Həyat seçimi qarşısında tərəddüd etmədən birincini seçirlər və əsl həngamə də bundan sonra başlayır. Sənətin dostları gec-tez Həyatın düşmənlərinə çevrilirlər. Yaradıcılıq da bu zaman baş verir.
Əgər biz insanoğlunun bu gün əlində tuta bildiyi ən qədim kitablara, məsələn, şumerlərin “Enuma Eliş” dastanına göz gəzdirsək, orda da yaradalışın bir ilahi qarşıdurmanın, düşmənçiliyin nəticəsi olaraq ortaya çıxdığını görərik. İnsanın bədənləşməsi tanrıların düşmənçiliyinin nəticəsidir. Bir-birinə dost olan tanrılar heç vaxt insanı, yəni Əsəri sevməyiblər. Gerçəklik dediyimiz bəşəri qələbəlik bu ilahi modelin, mifoloji idrakın üstündə qurulub. Bu gün də yaradıcı insanın cəmiyyətdəki düşmən obrazı onun ən təbii, ən ilahi, ən mifoloji halıdır. Ancaq bu gün bu nöqtədən baxdıqda bizim yazarın düşmən kəsildiyi hansı nəsnələrin, ideologiyaların, məfhumların olduğunu görə bilərik? O, onu yazmağa qoymayan hansı qorxu hissi ilə döyüşür və özünü təhlükəyə atıb yazır? Axı biz, ilahi yaradılışın, onun yerdəki modeli olan insani yaradcılığın səbəbində həyati təhlükənin olduğunu bizə söyləyən qədim mətnlərin varisləriyik. Və bizə yazar olmanın hər şeydən əvvəl bir refleks, insanlığı izləyən təhlükələrə qarşı şərtsiz bir refleks olduğunu ta qədimdən öyrədiblər!
Həyatla razılaşmış, onun gündəlik şərtləri ilə aşiq-məşuq olmuş və bu tərtib və təhrif olunmuş obrazı ilə o, bizə dünyanın maddi mükəmməlliyinə hayıl-mayıl olmuş Qarqantua və Pantaqureli xatırlatmırmı?
İtalyan filosofu Kroçe sənətin və elmin məqsədi kimi Gözəllik və Fayda anlayışlarını təklif edir; sənəti gözəllik maraqlandırır, elmi fayda. Bunu necə başa düşək? Sənət prinsipləri iddia edir ki, həyatda heç nə gözəl deyil, onu yalnız eybəcərliyə müqavimət göstərərək gözəlləşdirmək olar. Elm isə həyatda hər şeyin özü-özlüyündə faydasız, hətta bəlkə də, ziyanlı olduğu fikrini əldə əsas tutur, üstünə getməklə, müqavimət göstərməklə faydasızı faydaya çevirməyin yollarını axtarır. Amma biz ətrafımızda nə görürük? Elm adamları “allah” deyib durublar, çünki kainatda fayda yox, gözəllik axtarırlar. Sənət adamları isə əksinə faydanın, həm də şəxsi faydanın peşindədirlər. Onlar da gözəllikdən üz çeviriblər. Halbuki tamamilə əksi baş verməli idi. Ona görə ədəbiyyatımızın küncləri boş, ortası doludur, yaradıcılıq bir şıdrığılıq, canfəşanlıq hadisəsinə çevirilib. (Sizi and verirəm ulu Şirvinin müqəddəs ruhuna, “bu gədə yenə bizi bəyənmir” qocafəndiliyi ilə qarşılamayın yazdıqlarımı, mən, sadəcə, gördüyünü çağıran bir aşığam). Yaradıcı tip təkcə daşlaşmış, bərkimiş böyük həqiqətlərə müxalif olmamalıdır, o, eyni zamanda xırda, işlək həqiqətlərə də dirsək göstərməyi bacarmalıdır. Məsələn cəmiyyətdə hamının öndə getmək diribaşlığına qarşı, o, hamıdan arxada qalmaq ağırbaşlığını seçə və bu zaman həm də önündə çığır-bağırla gedənlərin hansı səmtə üz tutduğunu görə bilər. Amma təəssüf ki, o, həmişə nəyinsə qabağındadır, kiminsə hüzurundadır. Məsələn, medianın.
Hə, yazımızın, deyəsən, saçyoldu yerinə gəldik. Bizim yazar mediaya qoşulub ümid verir, inandırır, bu, bir ədəbiyyatın faciəsidir. Ədəbiyyat öz ümidsizliyi ilə elmin axtarışlarına, öz inamsızlığı ilə fəlsəfənin şübhələrinə güc verir. Bu günü elmimizin və fəlsəfəmizin bu günə düşməyinin bir nömrəli səbəbkarı media dilini kullanaraq, mənəvi arxayınlıq mühiti yaratmağa cəhd edən ədəbiyyatımızdır. Mediaya qoşulub hamıdan çox oxunmaq istəyir, buna görə özünün hiss etdiyi yalanı deyil, oxucunun hiss etmək istədiyi həqiqəti yazır. Nə vaxt baxsan onu, əlində yavan çörək, oxucuların arasında avaralanan yerdə görəcəksən. O, güllələnməkdən yox, acından ölməkdən qorxur. Qorxu kiçildikcə, məna ölür, üslub, estetika bayağılaşır. Vəhşi təbiətdə belə üslubu, estetikanı təhlükənin mövcudluğu yaradır, çünki üslub, estetika çıxış yollarının ən mükəmməlinin tapılması çabasıdır. Bu çabanın hiss olunmaması bir ədəbiyyatın fəlakətidir. Yadınıza gəlirsə, ilk insan da öz içində qorxunu yenib yasaq meyvəni yeyərək özünü cənnət mənasızlığından, ilahi üslubsuzluqda xilas etmişdi. Biz kişilərin həyatını indi də mənalandıran qadınlarla bir yerdə pozduğumuz qadağalar, bir yerdə batdığımız günahlar deyilmi? Bu barədə sonrakı yazılarda üyüdüb-tökərik.
Bu yerdə dərhal yazının ağzını dünya mediasına tərəf çevirirəm ki, qardaş qırğınının qarşısını alım. 2016-cı ildə Donald Tramp seçkini qazanandan sonra dünya yazarları medianın mövcud vəziyyətini müzakirə etməyə başladılar və bu zaman ingiliscəsi “post-thruth”, bizim dildə “post-gerçək”, “gerçəklikdən sonrakı gerçəklik” deyə müəmmalı bir ifadə atıldı ortaya. Çünki Tramp media yalanları ilə qalib gəlmişdi və seçkidən qısa müddət sonra ofisləri Makedoniyada yerləşən məşhur informasiya agetliklərinin təhrif olunmuş adıyla propaqanda aparan yüzə yaxın qondarma saytın Trampın yalanlarını dünyaya yaydığı faktı çıxdı ortaya. Mediaya olan peşəkar inam sarsıldı, amma kütləvi rəğbət artdı. Çünki media bu dəfə böyük yalanla çıxmışdı kütlənin qarşısına; “Hakimiyyəti Vaşinqtondan alıb xalqa verəcəyəm!” Etimada bax, ehtişama bax! Tramp, sanki, barıtı yenidən kəşf etmişdi. Və media bunu heç bir məsuliyyət hissi duymadan tirajladı. Tarixə qayıtsaq, ümumbəşəri sujetdə inqilabi epoxaların həmişə böyük yalana inanan kütlələrin əli ilə yaradıldığını görə bilərik. Məsələn, bütpərəstlərlikdən təktanrıçılığa keçid də bu cür baş vermişdir. Bütpərəstlərin dini dünyagörüşünə görə, tanrı və insan eyni müqəddəs maddədən yaranmışdır, ona görə hər ikisi eyni təbiətə sahibdirlər, tanrı və insan bir bütünün oxşar yarılarıdırlar. Onlar təktanrıçıların tanrı adından insana qoyduqları qadağalarını da buna görə rədd edirdilər, iddia edirdilər ki, tanrılar onlarla eyni təbiətə, eyni istək və arzulara sahib olan insana qadağalar qoya bilməz, bu, tanrıların özlərini inkar etməsidir, məntiqsizlik və uydurmadır. Amma bu uydurma o qədər böyük uydurulmuşdu ki, təktanrıçılar bir anda kütlələri onlarla eyni müqəddəs maddədən yaranmış öz ənənəvi bütlərinə əl qaldırmağa sövq edə bildi.
Trampın böyük yalanlarından sonra Qərbdə ədəbiyyatla medianın yolu bir daha ayrıldı. Çünki hər bir yazıçı Trampın hakimiyyətə Ağ evi Harvard hüquqşunaslarından alıb xalqa bağışlamaq üçün gəlmədiyini bilirdi. Amma media kütləni buna inandırmaqdan ötrü dəridən-qabıqdan çıxırdı ki, ictimai mühitdə dürüstlüyü və səmimiliyi dəyərdən salsın, insanın reallıqla o reallığın beynindəki inikası arasında əlaqə qurmağa cəhd göstərməsinə mane olsun, hətta dürüstlük və səmimilik kimi əxlaqi, etik dəyərləri itirməsini kimsə özünə dərd etməsin. Ədəbiyyatın qorumağı öhdəsinə götürdüyü səmimilik, dürüstlük kimi bəşəri prinsipləri media Ağ evdə hakimiyyətə gələcəyinə inanan kütlənin iştirakı ilə ələ salırdı. Mediativ canfəşanlıqla bizi yaşadığımız dünyanın arzularımızdakı dünyayla eyni olduğuna inandırmağa çalışırdı. Arzularımızdakı dünyanı qorxulu bir illüziya kimi təqdim edirdi, onu müharibə, aclıq, yoxsulluqla hədələyirdi. Bizə, sadəcə, mövcud olduğumuzu və bununla kifayətlənməyi aşılayırdı. Dünya mediası vaxtilə özünə tanrılar yaradan və yaratdığı tanrıları devirib yeniləri ilə əvəz edən bir məxluqun özünü indi sifariş olunan şərtlərə uyğun yenidən yaradır, şəkilləndirirdi. Qərb yazıçısı bundan duyuq düşdü və “post-thruth” zəmanəsi başlayır deyib, bizi gözləyən təhlükədən xəbərdar etdi. İnsanı yenidən yaradan əl media idi, bəs bu əlin müəllifi kim idi? Bu sualın cavabını, nə qədər təəccüblü olsa da, dində, fələsəfədə deyil, statistikada axtaracağıq. İsveçrədə yerləşən beynəlxalq maliyyə təşkilatı “Credit Suisse” bu yaxınlarda yayımladı ki, dünya üzrə gəlirlərin əlli faizi dünyanın yüzdə birinə çatır və 2007-2016-cı illər arasında orta rifah Çindən başqa dünyanın bütün ölkələrində azalıb. Bax bu, medianın yaratdığı dünyadır. Milyonerin itinin xəstələnməsini şok xəbər, milyonların aclığını soyuq statistika kimi tirajlayan media. Yazıçının işi belə bir dünya ilə ən azı, dünyanın hər yerində barşımamaqdır. Amma o, iş yerini itirməkdən qorxduğu üçün belə bir dünyanın başına pərvanə kimi dolanır. Çünki onu media vasitəsilə inandırıblar ki, xoşbəxt olacağı dünya yalanlarına inandığı, mənfəətlərinə burun soxmadığı, eybəcərliyinə etiraz etmədiyi yerdədir.
Yüz il əvvəl “O olmasın, bu olsun” filmində jurnalist Məşədi İbadı hədələyirdi ki, “Səni qəzetimdə biabır edəcəyəm”, indiki dünyada Məşədi İbadın öz qəzeti var. Bu gün dünya mediası hansısa Məşədi İbadı biabır edirsə, bunu başqa bir Məşədi İbadın sifarişi ilə edir və medianın bu cür prinsiplərini mənimsəyən yazıçı da öz ədəbi ömrünü gündəlik qəzetin ömrü səviyyəsinə endirir.
Sözün açığı, mən özüm də qonorarla dolanan adamam və yazını bu yerdə ağını çıxarmadan bitirirəm.