12 Dekabr 2017 08:28
2 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzaq məhəllədə bir qonşumuz var idi. “İdi” ona görə ki, uzun müddətdir yoxdu… Ailənin 3 oğlan övladından ortancılıydı Taleh.

Həmin hadisə baş verəndə 5 yaşım olar, ya olmazdı. Talehinsə 15, bəlkə də çox varıydı. Çünki onun bərq vuran qızıl dişi yadımdadı ki, onunçün də, məncə, yaşı 15-dən çox olardı, az olmazdı. Onun məni indi də oğlanlarda görərkən səksəndiyim yaşıl gözləriylə qızıl dişi yaşını bir az da çox göstərirdi. Taleh çox vaxt bizim çəpərin yanından keçib, harasa gedirdi.

Bir gün yaz-yay aylarının al-əlvanlığında sanki cənnətdəyəmmiş kimi evimizin arxasındakı gilas ağacının altındaydım. Həmin vaxt başımın nəyə qarışdığını xatırlamıram. Ya gilas yeyirmişəm, ya da arıların yonca güllərinə qonub, şirəni necə çəkməsinə tamaşa edirmişəm. Amma qəfildən çox pis diksindiyim yadımdadır. Taleh adəti üzrə çəpərimizin yanından keçəndə, bu dəfə nə üçünsə məni qorxutmaq istəmişdi. Həm də 5 yaşlı balaca qızı. Onun vahiməli səsi quşların cəh-cəhinə, arıların şirin vızıltısına bomba kimi düşdü. Qorxutmaq üçün çıxardığı "bööö" səsi 5 yaşımda mənə güllə kimi dəymişdi. Ondan sonra eyni hal iki dəfə də oldu. Həmin vaxtlardan balaca, saf ağılımla içimdə baş qaldıran ikrah hissi ilə ona nifrət etməyə başladım. Axı, uşaqlar ən xırda şeylərdən qorxa bilirlər.

Hər dəfə onu görəndə o qorxumu yenidən yaşayırdım. Məhəllədə adətən, qaş qaralana kimi uşaqlarla oynayardıq. Talehi sonuncu dəfə elə məhəllədə sıradan günlərin birində Günəşin qürub çağına yaxın gördüm. Əlində çubuq inəklərini evlərinə aparırdı. Onda da ona nifrətlə baxırdım. Məni niyə elə qorxutduğunu və ona niyə belə nifrət etdiyimi də tam dəqiq bilmirdim.

Həmin gündən sonra Taleh daha görünmədi. Nə çəpərimizin yanından keçirdi, nə də inəklərini evə aparırdı. Son dəfə gördüyümdən 3-4 gün sonra anam nəsə söhbət düşmüşkən onun öldüyünü dedi. Mənsə yaxşı xatırlayıram ki, “elə ölməli idi” dedim.

Bu sözlər ağızımdan necə çıxa bilərdi? Yadıma düşəndə heç cür inana bilmirəm. Anam bu sözləri məndən eşidəndə heyrətləndi. Hirslə “o nə sözdü, adam heç ölənə elə deyər?” – məni tənbeh elədi. Amma nifrətimdən anamın sözləri mənə elə də ciddi gəlməmişdi. Talehin kor bağırsağının partlayıb, qanını zəhərlədiyini, xəstəxanaya gec çatdırıldığından və elə əməliyyat masasında qalmasını ağlım kəsəndən sonra anamdan soruşanda bildim.

Anam Talehin haradan yadıma düşdüyünü soruşanda vicdan əzabından və utandığımdan cavab verə bilməmişdim. “Elə birdən yadıma düşdü” deyib, canımı həmin an üçün qutarmışdım. Amma onun əzabı məni indi də narahat edir. Yəqin bundan sonrakı illərimdə də belə olacaq. Kiminsə ölməsinə insan necə sevinə bilər? Hələ-hələ bu, 5 yaşlı, dünyanı dərk etməyən uşaqdırsa…

İndi də onun üzü-gözü yadıma düşəndə bir gizilti keçir içimdən. Sanki onu mən qarğayıb öldürmüşəm, səbəb mənim nifrətimdir. Kaş ölməsəydi, mənim ona nifrət etdiyimi ölümü ilə xatırlatmasaydı...

Qəhəri boğazımda düyünlənib…


Müəllif: Şəfiqə Nazimqızı