Məşhur bir şeirdə deyildiyi kimi:
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar...
Məni günahkar bil, əzizim. Bütün darıxmaqlarının, sıxıntının, gecə gördüyün yuxularının, gözlədiyin yolların, almaq istədiyin gəlinciyin, səsləmək istədiyin adın, tutmaq istədiyin əlin, yatmaq istədiyin qucağın, qucmaq istədiyin qolların günahını məndə gör. Və bu yazımı mənim yaşıma çatmamış oxuma. Kobud səsləndi, incimə. Yəni məktubumu düz iyirmi bir yaşının dekabrında oxu.
Mən həmişə atamı yanımda axtaranda, yanımda tapa bilməyəndə söyürdüm. Söyürdüm ki, ay atamın gözün görən, ay atamın üzün görən, ay atamın səsin görən, sözün görən, Allah baba sənə lənət eləsin, Allah baba sənə qənim olsun! Sonra böyüdüm, daha Allaha baba demədim, Allah da demədim, O dedim, sonra adını kiçik hərflərlə yazmağa başladım. Bax, ondan sonra hər şeyi anladım.
İcazə ver, sənə qızım deyim, nolar! Ya da heç vaxt buna izin vermə, məni həmişə cəzalandır. Sənə qızım deyə bilməməklə həqiqəti üzümə çırp, üstümə qışqır ki, mən sənin qızın deyiləm!
Bir bilsən, bu məktubu yazmaq mənim üçün necə ağırdır. Bir bilsən, mən elə zənn edirəm ki, bu məktubu, əslində, sənə yox, özümə yazıram, əzizim, özümə! Bir gün gəlsən, ey, o mənimdir, onu heç kimə vermirəm, o mənim qəşəng atamdır, çıxın gedin desən... Gedərəm, əzizim, gedərəm. O saat gedərəm. Sən qırılma, sən üzülmə, sən xoşbəxt ol, göyərçin! Bilirsən, bütün göyərçinlər mənə eynən sənin gözlərin kimi baxır. Soyuq və laqeyd!
Bu soyuqluğun ağırlığını mən duyuram, əzizim, təkcə mən. Ona görə indidən, elə indidən bir az yaddaşım zəifləyib, bir az da gözlərim. Fikrim dağınıqdır, yuxularım qorxulu, ürəyim göynəyir, göyərçin. Deyirlər, soyuqdəymədir, sümük ağrısıdır. Eh, hardan bilsinlər. Sən də bilmə, məni anlama. Məni həmişə uzaq tut . Bir zamanlar nifrət etdiyim adamam, bilirsənmi? Məndən uzaqdakı adamın yanındakı adamam indi.
Səni ilk dəfə gördüyüm gün yadımdadır. Mənə elə diqqətlə baxırdın ki... Gözlərinin iki yaşı yox idi, gözlərin iyirmi bir yaşındaydı. Kədərliydi, darıxırdı, soyuqdu, laqeyddi, soyuqdu... Mənə o qədər baxdın, gözlərimi yayındırmağa məcbur oldum. Çünki daha bacarmırdım. Həmin an qarşından ağappaq bir pişik keçdi, pişiyə baxıb güldün, arxasınca qaçmağa başladın. Qaçışını, gülüşünü, səni seyr etdim. Elə tez aldanmışdın ki, məni də aldatmışdın, mən də gülümsəmişdim.
Səninlə danışmaq, rahatlaşmaq istəyirəm, amma buna icazə vermə. Mənimlə heç vaxt danışma. Bilirsən, buralar soyuqdur, evimiz də. Evdə tez-tez üzərlik yandırırq. O, sənin yerinə də üzərlik yandırır, evin bütün künclərində gəzdirir. Sənin adına meyvə alır, şirniyyat alır, əlcək alır, şərf alır. Otağını sənin şəkillərinlə bəzəyir. Düz fikirləşirsən, hə, nolsun? Nə faydası, bunlar nəyi, hansı doğum gününü, hansı xəstəlikdə onun üçün darıxdığını, darıxıb ağladığını əvəz edəcək ki? Heç nəyi...
Bu dünyada atadan ötrü darıxmaqdan əzablı heç nə yoxdur. Məni günahkar bil, əzizim. Bütün darıxmaqlarının, sıxıntının, gecə gördüyün yuxularının, gözlədiyin yolların, almaq istədiyin gəlinciyin, səsləmək istədiyin adın, tutmaq istədiyin əlin, yatmaq istədiyin qucağın, qucmaq istədiyin qolların günahını məndə gör. Atanı həmişə sev, ondan incimə. O ki səni çox sevir. İndi isə bir bucağa çəkilib sənə məktub yazıram. Yenə yazacam, hər gün yazacam. Yazacam ki, bağışla...