Bu yeni ilimizin mənim üçün ən maraqlı cəhəti o oldu ki, İranda baş verən ixtişaşlar bayram axşamı sanki Qarabağın işğaldan azad olunması arzusunu unutdurdu, əvəzində isə Cənubi Azərbaycan sevdası ön plana keçməyə başladı.
Sosial şəbəkələr bayram axşamı azadlıq nidaları ilə alışıb-yanırdı, qaynayırdı, Elçibəyin ruhu Təbrizin başı üstündə dolam-dolam dolanırdı. Hətta adamlar vardı ki, Bötöv Azərbaycanın prezidentini də seçmişdi, nazirlərini, nazir müavinlərini, şöbə müdirlərini təyin eləmişdi, iki daşın arasında imkan tapıb özünə də bir vəzifə vermişdi.
Bu mənada 2018-ci ili daha böyük arzular ili hesab eləmək olar. Özü də bu cür arzular ən çox kasıbların ürəyində yaşayır. Elə ailələr tanıyıram ki, ondan-bundan borc pul tapıb evə bazarlıq eləyir, axşam da ata-bala oturub Cənubi Azərbaycanın sağlığına içirlər. Allahdan qədim türk torpaqlarının azadlığını istəyirlər, arzulayırlar. Heç hansısa olliqarx, hansısa milyader bunu edərmi? Amma kasıb edir. Bəlkə kasıbın pulu kimi ağılı da yoxdur? Ona görə də arzularını yorğanına görə uzada bilmir...
Düzü, hərdən də adam hirslənir, yanıb-tökülür, fikirləşirsən ki, pis-yaxşı özünə bir tikə çörək tapmısan, uçuq-sökük bir daxmanın altında oturub bayramını qeyd eləyirsən, bu arağı balalarının sağlığına iç, nəvələrinin, arvadının sağlığına iç, bayram axşamı Cənubi Azərbaycan yeridirmi? Axı sən niyə bu hislərlə yaşayırsan? Məgər bilmirsən ki, bu eşqlə yaşayanların axırı yoxdur? Məgər bilmirsən ki, bu sevdanın sonu sonsuzluqdur? Məgər bilmirsən ki, olmur, alınmır, vermirlər? Uşaqsan? Niyə dinc durmursan, niyə kirimirsən? “Təbriz, Təbriz” deyib bu qədər ağlamaq, bu qədər sızlamaqmı olar?
Sən beş tərəfdən öz torpaqları ilə həmsərhəd olan bir ölkənin vətəndaşısan, əlli iki min problemin var, müstəqilliyini əlindən almaq istəyirlər, güc-bəla ilə özünə bir dövlət qurmusan, adını da Azərbaycan qoymusan, niyə onun sağlığına içmirsən? Niyə demirsən ki, Allah, sənə çox şükür, ac başım, dinc başım! Yoxsa sən də ulu babaların kimi öz içində böyük arzular muzeyi yaratmaq istəyirsən? Axı o arzular muzeyinin nə mənası var? Məgər bilmirsən ki, yeddi arxa dönənin Təbriz arzusunu həyat amalına çevirib, axırda da çərləyib öldü?
Axı sən yoxsul adamsan, ağzının çörəyini güclə çatdırırsan, bir ayağın da gordadır, iki daşın arasında türk millətinin birliyini arzulamaq sənin nəyinə lazımdır? Görürsən ki, alınmır. Bəs niyə çörəyini yeyib yıxılıb yatmırsan? Cənubi Azərbaycan, türk millətinin problemləri ilə Allahın yanında arzu limitimi niyə tükəndirirsən? Bilmirsən ki, Allah beynəlxalq məsələlərə qarışmır? Bilmirsən ki, Cənubi Azərbaycanı İran kimi bir ölkənin tərkibindən ayrmaq və Bütöv Azərbaycan dövləti yaratmaq Allahın da təfəkkür hüdudlarından kənarda olan bir şeydir? Bilmirsən ki, Allah Rusiyadan, Amerikadan qorxur? Bilmirsən ki, Gülüstan və Türkmənçay müqavilələri Allahın yadından çıxıb və o da elə bilir ki, Cənubi Azərbaycan torpaqları İranındır?
Əzizim, sənin arzularına qurban olum, səni anlayıram, başa düşürəm. Sənin göz yaşlarından öpürəm. Bilirəm ki, safsan, təmizsən, keçirdiyin hisslər gözəldir. Bütövlük hissləri yaşadan da sənsən, bilirəm. Amma olmazmı öz milli arzularınla heç olmasa bu əziz gündə qurbanıolduğumun əsəbləri ilə oynamayasan? Bir damcı ömrün qalıb, dərdin də başından aşır, niyə Allahdan öz şəxsi xahişlərini eləmirsən?