Әvvәllәr yatanda ancaq yazmaq haqda düşünürdüm. Necә yazmaq. İndi isә yalnız necә yatmaq haqda fikirlәşirәm. Əvvәllәr necә yazmaq haqda düşünürdüm vә düşündükcә yata bilmirdim. Yuxum әrşә çәkilirdi. Ancaq yazırdım. YaTa bilmәsәm dә, yaZa bilirdim. Həyatımın şifrələri bu iki hərf aralığında dəyişdi. Bütün əski mənalara giriş bağlandı.
İndi isә necә yatmağı düşünürәm. Düşünürәm-düşünürәm, ancaq yata bilmirәm. Tәbii ki, yaza da bilmirәm. Yuxu gәlmir, ölüm xofu gәlir, hәm dә hәr gün 24 saat daha yaxın... gecələr də profilini, təyinatını dəyişdi, artıq şifrələrin heç biri funksional deyil. Görünür, kimsə gecəmi ələ keçirib, şifrələri dəyişib.
Şifrələrin ələ keçirilib dəyişdirilməsi bir yana. Hələ təkcə bu iki hәrfin arasında, seçim qarşısında qalmaq bilirsinizmi, nәyә bәnzәyir?
...Tәsәvvür elәyin, xüsusi tapşırıqla ömrü boyu savaşlar getmiş hansısa əraziyə ezam olunmuş snaypersiniz: çölün ortasında ayağınızı qəfildən bir minaya basıb, çıqqıltı eşidərək anında hərəkətsiz dayanmısız. Sizdən altı addım aralıda rabitəçi əsgər yoldaşınız minaya düşüb, ayaqlarını qəlpələr qoparıb, deyir, qoyma, məni qan aparır... Siz də ona yardım üçün yaxınlaşmaq istəyəndə ayağınızı minaya basıbsınız. Bu, artıq sizin yolunuza zərrəcə dəxli olmayan yeni işiniz, həyat tərzinizdir.
Daha aydın olması üçün rahathülqum halına salınmış açıqlama: Ayağınızın altındakı bu mina... Yəni şair ruhunuza daban-dabana zidd olan kənar və qismən qazanclı iş. Әlinizi işdәn, yәni ayağınızı minadan çәkib addımınızı atsanız... Bunun nә demәk olduğunu bilirsinizmi? Mәncә, tam da yox. 5-6 addım aralıda ağrıya dözməyib qafasına güllə sıxıb intihar etmiş əsgərin halı hələ hər şeyi demir sizə, oxucum. Yəni məsələ ölüm-qalım aralığındakı boşluq qədər bəsit deyil, bәnd olmayın...
Bu anda donub qaldığınız nöqtəni şərti olaraq yazının əvvəlindəki “T” hərfiymiş kimi təsəvvür edək, aralanıb getmək istədiyiniz son məqamı isə “Z”. Sonuncu hərf!
Әlbәttә, Z hәrfinә doğru addım atsanız, dostunuz kimi parçalana bilәrsiniz. Çölün ortasındaca. Ancaq bәlkә bu minanın basdırılmasından 7 il keçir vә sizin çox cüzi xilas olmaq şansınız var. 15 il ötmüşsә, yüzdә әlli. Buna nә qәdәr bel bağlamaq olar... Deyәk, siz hәlak olmadınız, sadәcә, ayaqlarınızdan oldunuz. Tutalım, o ayaqlar da sizin dostunuz, doğmanız, mәnәvi gücünüzdü. Necә hәrәkәt edәcәksiniz? Hәtta deyәk, bədəni tam halda xilas etdiniz, ancaq günlәrlә ac-susuz minanın üstündә otura-dura dayanmısız, özünüzü dәfәlәrlә batırıb iyrәnc günә düşmüsüz. Yaxşı, buna da bənd olmayaq. Qanınız donub, yerimәyә zәrrәcә heyiniz qalmayıb, ayaqlarınız qansızlıqdan göyərib şişib, qanqren olmaqdadı vә ilk yaşayış mәntәqәsi dә buradan on günlük mәsafәdә yerlәşir.
İndi әliniz nә T-yә çatır, nә Z-yә.
Nə yaza bilərsiniz, nə yata...
Üstәlik ara-sıra qum fırtınaları gәlir...
Yaxınlıqda cəsədini çaqqalların didib-parçaladığı yoldaşınızın bir əlcə ətini üstündə saxlayan enerjisi tükənməkdə olan rabitə qurğusundan, yəni sizin sevimli Z-dən xırıltılı sәs eşidilir:
- Mәn Qartalam, mәn Qartalam. Siz hardasınız? Koordinatları deyin. Qəbul...
- Qartal, Qartal, nə koordinat? Göydə ulduz yox, yerdə bir kol-kos. Qəbul. – artıq sayıqlayır və gerçəkdən “mərkəz”lə danışdığınızı zənn edirsiniz.
- ...72 saat gözlәyә bilsәniz, xilasedici qrup sizә yetişә bilәr. İndi onlar N mәntәqәsindә yüzlәrlә düşmәnlә döyüşür. Səddi yarıb keçә bilsәlәr... Qəbul...
- Helikopter göndərin. Mən tələb edirəm! Tapşırığı yerinə yetirə bilməsəm də, tələb edirəm. Qəbul!
- Helikopter dә göndәrә bilmәrik. Qum fırtınaları bunu mümkünsüz edib... Mәn Qartalam. Qəbul...
Başınızın üstündә sәmada qıy vuran, ağzının suyu başınıza ələnən əzrayıl qartalları görürsünüz... Onlar da sizi addım atmağa həvəsləndirirlər. “Yeməzlər, - deyirsiniz, - demək parçalanmış cəsəd istəyirsiniz?”
Və sonunda xəyalımıza belә bir finalı gәtirәk: hansısa möcüzəylə daha bir neçə gün minanın üstündə addım atmağa cәsarәt etmәdәn durursunuz. Son nəfəsinizdə qәfildәn bir tufan qopur, gәlib sizi kәnara atır vә... görürsünüz ki, mina bildiyiniz içinə kiçik bir karandaş atılmış adi bir konserv qutusuymuş, zamanında sizә “cәsarәtli ol, addım at, hәr şeyi tulla, onsuz da ömrümüz hәr addımda qırıla bilәr, ya indi, ya bir saat sonra”, - deyәn sәsә qulaq assaymışsınız, istәdiyiniz ola bilәrmiş... indi isә gecdir. Ömür öz qaydasıyla başa çatır...
Qartal, Qartal, mәn Yazmaq... Z-siz... Mən Yatmaq... T-siz. Gəl məni parçala, qartal. Qəbul...