15 Yanvar 2018 12:00
6 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Kəramət Böyükçölün şair Xəlil Rza Ulutürk barədə yazdıqları bir neçə gündür müzakirə edilir. Bu müddətdə Böyükçölə Xəlil Rza haqqında yazdıqlarından daha ağır ifadələrlə cavab verildi. Həmin rəyləri oxuduqca kasıb oxucuların dostu Elman dayının Qız Qalasının yanındakı bukinist mağazası gözümün önünə gəldi.

Həmin mağazanın bir köşəsində Xəlil Rzanın “Davam edir 37” adlı kitabı uzun illərdir toz basmış şəkildə öz oxucusunu gözləyir. Amma alan yoxdur. Hər dəfə o kitabı gördükdə sanki bizdən çox-çox uzaqlarda fərqli bir Azərbaycanın olduğunu xatırlayıram. Mənim uşaqlığım o Azərbaycanda keçmişdi.

Mən dumanlı şəkildə Xəlil Rzanı və onun nəslinin apardığı mübarizəni xatırlayıram.

Atalarımızın evə Xəlil Rza, Sabir Rüstəmxanlı, Anar və digərlərinin kitablarını daşıdığını xatırlayıram.

Vətəndaşın yazıçı və şairləri özünün rəhbəri kimi gördüyü illəri xatırlayıram.

Onlar ataların qəhrəmanları idilər, amma oğulların tənqid obyekti oldular. Niyə?

Bu niyənin cavabı ilə əslində Böyükçölün Xəlil Rzanı bu qədər sərt şəkildə tənqid etməsinin səbəbini də rahat şəkildə başa düşə bilərik.

Əslində, hamınız o cavabı bilirsiniz, sadəcə etiraf etmək, qəbul etmək ağırlığı hələ də bizim üçün çətindir.

Cavab isə olduqca asandır: Çünki onlar məğlub oldular!

Xəlil Rzanın, Sabir Rüstəmxanlının əsərlərində bizə təqdim etdiyi ulu türklər I Qarabağ savaşında məğlub oldular.

Milyonlarla insan meydanlara axışdı, günlərlə tribunaya çıxan siyasətçiləri, şairləri, yazıçıları, ictimai fəalları dinlədilər. Ailələrini evdə qoyub vətən üçün eyni amalla meydanlarda yatdılar. O vətəndaşlar bu ölkəyə müstəqillik bəxş etdilər, özlərinə rəhbər olaraq Moskvadan təyin edilən hər hansı bir baş katibi deyil, özlərindən birini seçdilər. Ona seçki qutusunda etimad bəslədilər, “bizi dünyada sən təmsil et” dedilər. Amma nəticəsi nə oldu? Milyonlar bir gecədə tərk edildi.

O meydanda qəhrəman olanlar gözümüzün önündə millət vəkilliyi, başqa ad-san qazanmaq üçün əriyib getdilər.

Azərbaycana müstəqillik bəxş edən hərəkatın üzvləri 25 ildir bir-birini söyür, tənqid edir, məğlubiyyətin günahını digərinin üzərinə atır.

Əbülfəz bəyin ətrafında olanların hər biri özünə bir partiya yaratdı, yeni şəraitə uyğunlaşanlar qısa zamanda parlamentdə təmsil olundular, AXC-dən qalan ruhu hissə-hissə yox etdilər.

Ona görə də bu gün 1992-də doğulan uşaqlar rahat şəkildə “Əbülfəz Elçibəy qaçdı” deyirlər.

Həmin uşaqlar rahat şəkildə “Etibar Məmmədov KQB-nin adamı idi” deyirlər.

Onlar rahat şəkildə Rəhim Qazıyevə, İskəndər Həmidova nifrət edirlər.

Siyahını uzatmaq olar.

Niyə 90-larda rəğbət görən bu siyasətçilər, kitabları on minlərlə satılan şair və yazıçılar bu gün rəğbət görmür, oxunmur?

Çünki onlar məğlub oldular!

Əbülfəz bəy bizə bütöv Azərbaycan vəd etdi, amma Qarabağı itirdik.

Sabir Rüstəmxanlı bizə Güney Azərbaycan həsrətindən danışdı, amma indi vətəndaşımız oraya dərman və alver arxasınca qaçır.

Xəlil Rza bizə Odər Yurdu, Od torpağından danışdı, amma köz ola bilmədik.

Bütün problemlərin qaynağı budur.

Xəlil Rza nəsli məğlub oldu, bizə bu günü miras buraxdılar.

Ona görə də 2000-lərdə doğulanlar o insanları daha sərt şəkildə tənqid edəcəklər.

Görəcəksiniz!


Müəllif: Dilqəm Əhməd