Hər kəs kimi mən də ana dilimizi əbəveynlərimdən öyrənmişəm. İstər cımbılı, istərsə də çınqılı vaxtlarımda babam çalpoy havalarda bizə nağıl danışardı. Nağılın ən şirin yerində qalxıb həyətin ən uzaq küncündəki əvdəsə getməsi bizi çox kədərləndirsə də, babam çox mismil adam idi.
Babamın bəyənmədiyim tərəfi o idi ki, nənəmi çox sevirdi, nənəm də bunu bildiyi üçün tez-tez mərciməklənirdi. Biz də çox mazarxata, bir az da qarsala uşaqlar olduğumuz üçün babam hərdən bizə qeyzlənib sərtov deyərdi.
Babam çox qurdanquş kişi idi. Bizlər nə qədər həlləhuş olsaq da, yenə çox sevərdi, amma qarqur salanda da “görüm sizi ananız mələləyəndə ölü doğulaydınız” deyərdi...
***
Babamla yaşamadığım bu xatirəni xeyli başqa unudulmuş sözlərlə bəzəyə bilərdim. Çünki şəxsi arxivimdə 1929-cu ildə “Azərnəşr” tərəfindən çap olunmuş, Vəli Xuluflunun müəllifi olduğu “İmla lüğəti” kitabı var.
Hazırda orfoqrafiya ilə bağlı məsələ gündəmdə olduğu üçün dünəndən bəri bu lüğəti ələk-vələk edib dildən çıxmış sözlərə baxıram. Bəzi sözlər çox maraqlı gəlir, unudulduğuna kədərlənir, bəzi sözlərin isə yox olduğuna sevinirəm.
Dilçi olmadığımız üçün bu mövzuda elmi fikir söyləyə bilmərik. Amma düşünürəm ki, bir dilin formalaşmasına həm zaman özü təsir edir, həm də ki dilçi alimlərin müdaxiləsi.
İnanıram ki, Vəli Xuluflu hazırladığı lüğətdə xeyli ərəb mənşəli sözlər saxlasa da, bir xeylisini də tarixə gömüb. Çünki XX əsrin əvvəllərində xalqın danışdığı dil ilə mütəfəkkirlərin yazdığı dil arasında kifayət qədər fərq vardı. “Molla Nəsrəddin” və “Füyuzat” arasındakı problemlərdən biri bununla bağlı idi.
Məni düşündürən başqa məsələdir. Dünyanın hər yerində dillə bağlı məsələlərdə dilçi alimlər danışır, bu da cəmiyyət tərəfindən normal qarşılanır.
Amma bizdə Dilçilik İnstitutu bir layihə irəli sürəndə cəmiyyət gülür.
Tarix İnstitutu bir kitab çap edəndə cəmiyyət gülür.
AMEA-dan kimsə nəsə danışanda cəmiyyət gülür.
Bu, nədən qaynaqlanır?
Oradakı alimlərə etimadsızlıqdanmı?
AMEA-nın bizə Sovet dönəmindən yadigar qalmasındanmı?
AMEA-nın saytındakı əcaib-qəraib xəbərlərə görəmi?
AMEA bu məsələni mütləq şəkildə həll etməlidir. Mən Akademiya ilə bu və ya digər şəkildə əlaqədə olduğum üçün maraqlandığım sahələrlə bağlı çox mükəmməl nəşrlərin olduğunu bilirəm. Orada yaradılan resurs mərkəzinin necə möhtəşəm olduğunu bilirəm. Amma AMEA haqqında cəmiyyətdə uzun müddətdir ancaq mənfi fikirlər formalaşıb. Ona görə də Akif Əlizadə də nəsə deyəndə cəmiyyətə təsir etmir, ciddi qəbul olunmur.
Halbuki, dilçi alimin orfoqrafiya ilə bağlı dediklərində qəribə heç nə yoxdur. Sadəcə, AMEA-nın özü ilə bağlı cəmiyyətdə formalaşmış stereotiplər var. Bunu qırmaq vəzifəsi də akademiklərin üzərinə düşür. Çünki cəmiyyətdə hulhuluməssəb adamlar çoxdur, alimin lağ obyektinə çevrilməsində maraqlıdırlar.
***
Lüğət:
Əbəveyn – valideynlər
Cınbılı – Körpə
Çınqılı – balaca
Çalpoy – yağışlı
Əvdəs – ayaqyolu
Mismil - Mehriban
Mərciməklənmək – nazlanmaq
Mazarxata - nadinc
Qarsala – gec başa düşən
Sərtov – barama zibili
Qurdanquş – hər şeyə diqqət edən
Həlləhuş - fırıldaqçı
Qarqus – səs-küy
Mələləmək – doğmağı yaxınlaşmaq
Hulhuluməssəb – bir məzhəb üstə durmayan