20 Yanvar 2018 14:23
1 382
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən dostumuz Sərxan Carçının “Bir kəndin repressiyası” adlı kitabının təqdimat mərasiminə qatıldım.

Sərxan bəy kitabında doğulduğu Qazaxın Çaylı kəndində bolşeviklərə qarşı baş verən milli müqavimət hərəkatından, buna görə repressiyaya uğrayan fədakar insanların həyatından bəhs edir.

Kitabla tanışlıqdan sonra bir daha əmin oldum ki, bolşeviklərin Azərbaycanda başlatdığı repressiya siyasətinin əsası elə 1920-ci ilin 27 aprelində qoyulub. Çar Rusiyası dövründə də milli görüşlü insanlar həbs edilir, təzyiqə məruz qalırdılar, amma bolşeviklərin törətdiyi qətliamlar, işgəncələr daha dəhşətli idi.

27 apreldən bu yana baş verənləri analiz etdiyimizdə görürük ki, bolşeviklər və onların dəstəkçisi olan ermənilər yuxarıdan aşağıya planlı şəkildə Azərbaycan xalqına qarşı cinayət həyata keçiriblər. Bu cinayətlərdəki tək məqsəd isə Azərbaycanda bir daha 1918-ci il 28 may ruhunun doğulmamasına cəhd idi.

1918 ruhu bir daha doğulmasın deyə 27 aprel işğalından sonra ilk olaraq milli hökumətin baş naziri Nəsib bəy Yusifbəylini qətlə yetirdilər. Bu məqsədlə Fətəli xan Xoyskini, Həsən bəy Ağayevi Tiflisdə öldürdülər, Xəlil bəy Xasməhəmmədlini yaraladılar.

Bu məqsədlə İstanbulda Behbud xan Cavanşiri qətlə yetirdilər.

Bolşeviklər hökuməti ələ keçirdikləri ilk gündən etibarən Bakıda fəalları həbs etdilər, işgəncəyə məruz qoydular, Narginə aparıb güllələdilər.

Nağı bəy Şeyxzamanlının qardaşını aradan götürdülər, Rəsulzadəni həbs etdilər.

Kütləvi şəkildə kəndlərdə sözü keçən kişiləri, imkanlı ailələri, tanınmış nəsilləri hissə-hissə məhv etdilər. Hətta Azərbaycan xalqının yanında olan kommunist düşüncəli siyasətçiləri də gələcəkdə təhlükə yaradar deyə yox etdilər. 1937-1938-ci illərdə isə repressiyanın kuliminasiya nöqtəsi oldu.

Bolşeviklər artıq qəti qərar vermişdilər: Bir daha Azərbaycanda 1918 ruhu doğulmasın deyə şairlər, yazıçılar, siyasətçilər, din xadimləri – bir sözlə, xalqın bütün qaymaqları yox ediləcəkdi.

Baxmayaraq ki, Hüseyn Cavid təkbaşına bolşeviklər üçün təhlükə deyildi, amma Cavidin Bakı küçələrində dolaşması, fiziki varlığı belə xalq üçün bir ümid idi, xalq üçün bir örnək idi. Ona görə onları da sürgün etdilər, güllələdilər.

Ölkədən gedənlər də bu repressiyadan xilas ola bilmədilər. Bolşevik agentləri Düdənginskini qətlə yetirdilər, Gəncə üsyanının rəhbəri Cahangir bəy Kazımbəylinin ailəsini təyyarə qəzası ilə aradan götürdülər.

1937-ci il repressiyası elə bir dəhşət idi ki, Stalin öləndən sonra bolşeviklərin özləri belə bu faciədən utanaraq bəraət hökmləri çıxardılar. Amma repressiya bu və ya digər şəkildə növbəti 10 illiklərdə də davam etdi. Ən son 1990-cı il yanvarın 19-dan 20-nə keçən gün oldu.

Amma heç bir şəkildə Azərbaycandakı 1918 ruhunu öldürə bilmədilər...


Müəllif: Dilqəm Əhməd