29 Yanvar 2018 09:30
2 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hörmətli Aydın Balayev Məhəmmədəmin Rəsulzadənin məktublarını dərc edib.

“Məktublar. Şəfibəyçilik” adlı kitabda Rəsulzadənin 1922-1932-ci illərdə müxtəlif şəhərlərdən Ceyhun Hacıbəyliyə və Əlimərdan bəy Topçubaşova yazdığı məktublar nəşr edilib.

Bu məktublar Rəsulzadənin mühacirətdəki ilk dönəmini ehtiva etdiyi üçün olduqca dəyərlidir.

Məktubların mətnindən başa düşürük ki, Rəsulzadə mühacirətdə çap etdiyi “Yeni Kafkasya” dərgisini, demək olar ki, tək başına çap edib, müxtəlif imzalarla məqalələr yazıb. Bu gərgin rejimlə yanaşı dolanışıq, Bakıdakı ailəsinin qayğısı, milli mücadilənin bir mərkəz ətrafında birləşdirilməsi cəhdi onu çox çətin vəziyyətdə qoyub.

Xüsusilə, Ceyhun Hacıbəyliyə ailəsi ilə bağlı yazdıqları mühacirliyin necə ağır məhrumiyyətlərinin olduğunu görürük.

15 iyun 1923 tarixli məktubdan: “Vallahi parasızlıq məni çox düşündürür. Ailəliləri düşünürəm. Mən də ailəmin buraya köçürülməsi üçün çalışıram”.

16 yanvar 1924 tarixli məktubdan: “Buraya köçməniz haqqındakı qərarınız, xüsusilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər əcnəbi də olsa, bari mədəni bir tərbiyə görürlər. Bizimkilərə nə tərbiyəsi eləyirlər məlum...”.

6 mart 1924-cü il tarixli məktubdan: “Əzizim, ailəmi gətirəcəyimi soruşursan. İlk imkanda görəcəyim işlərdən birisi də budur”.

24 noyabr 1924 tarixli məktubdan: “Ailəmi buraya gətirtmək istəyirdim. Bir-iki dəfə təşəbbüs eləmişlər. Fəqət hələlik buna müvəffəq olamamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam”.

1 Fevral 1925-ci il tarixli məktubdan: “Aldığım xəbərə görə, ailəmin də bu yaxında gəlmək imkanı hasil olacaq. Məsələ müşkül bir şəkil alır. İstər-istəməz bu işə girməliyəm. Baxalım, nə edə bilərik”.

19 iyul 1925-ci il tarixli məktubdan: “Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, icazə istəmiş, verməmişlər. Daha artıq gözləmək lazım gəldiyini bildirmişlər. Buna görə də durumları çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda onları gətirtmək üçün ən ciddi vasitələrə əl atıram”.

10 avqust 1928-ci il tarixli məktubdan: “Qızımdan məktub aldım. Vəziyyətlərini çox pis bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, oraya (Bakıya – D.Ə) göndərmək məcburiyyətində qaldım. Müalicəmin sonuna on gün qalmışdır. Bu on gün ərzində pul gəlməzsə, müalicə xərclərini ödəmək üçün nə edəcəyimi düşünürəm”.

Göründüyü kimi, Rəsulzadə mühacirətə gəldiyi ilk gündən etibarən ailəsini yanına gətirmək istəyib, amma mümkün olmayıb. Belə bir vaxtda isə o, atasının ölüm xəbərini eşidir. Topçubaşova yazdığı məktubda (12 aprel, 1927) bu ölümün necə mətanətlə qarşılandığını görürük:

“29 mart tarixli təziyətnamənizi aldım. Hərarətli cümlələrlə bəyan etdiyiniz duyğular dərd görmüş bir atanın ağzından çıxdığı üçün atasını itirmiş bir oğulu həm mütəəssir edir, həm də ona təsəlli verir. Nə edək, dözməliyik. Silsilədə bu həlqələr də varmış. Mərhumun ölüm ayağında, son nəfəsindəki duyğuları haqqındakı təsəvvürləriniz çox doğrudur. Könül arzu edərdi ki, bu qədər fəlakətdən sonra zavallı ixtiyarlarımız heç olmasa bir neçə gün də olsa məmləkətin qurtuluşunu görməklə məmnun olaydılar. Fəqət qədərin quruluşunda məntiq nə gəzir? O, ixtiyarlara deyil, həyata hər cür haqları olan gənclərə belə qıyır. O kürdür (qəzəblidir). Bununla belə, böyük ədalətin mövcudluğunu düşünmürük. Bu ədalətdən gözləyirik ki, şəxsimizdən aldığını könlümüzə qaytarmaqla əvəzini versin”.

Təəssüf ki, Rəsulzadə ailəsini gətirə bilmir, 30-cu illərin repressiya dalğası onun da ocağından yan keçmir.


Müəllif: Dilqəm Əhməd