19 Fevral 2018 22:13
3 694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitab, kitabxana, kitab rəfi, ümumiyyətlə, kitaba aid olan nə varsa, mənə atamın mavi boyalı, 6 cərgəli, sevimli kitab rəfini xatırladır. Başa düşməsəm də, lap balacalıqdan, kitab oxumağı öyrənəndən bəri atamın kitablarını dəfələrlə oxumuşdum.

Servantes, Puşkin, Şekspir, Homer, Tolstoy, Düma, Bayron, Dostoyevski, Mayakovski və s. Siyahını 6 mərtəbəlik rəfə sığacaq qədər uzatmaq olar. Vərəqlərdən atamın siqaretinin qoxusu gəlirdi. Siqaretin iyi otağımızın nəmindən kiflənmiş sarımtıl vərəqlərə elə hopmuşdu ki, əlimə yapışıb ürəyimi bulandırırdı, əsəbiləşirdim, az qalırdım onları cırıb tullayam. Arada qucağıma yığıb sobamızın altına yığırdım, vərəqlər istidən bürüşürdü, otağı iy götürürdü, anam acıqlanırdı, mən də ağlayırdım. Kitablara yazığım gəlirdi, yenə ürəyim bulanırdı.

Qəfildən ağlıma suallar gəlirdi, görəsən, Günəş yerə düşsə, nə olar? Görəsən, bizim sümüklərimizi bir yerdə saxlayan nədir? Görəsən, buludların üstündə yata bilərəm? Görəsən, istəsəm, heyvana çevrilə bilərəm? İndi övladını belə suallar verən valideynlər cumur psixoloji mərkəzlərə. Ümumiyyətlə, bu psixoloji mərkəzlər nə işə yarayır? Bunu gələn dəfə də müzakirə edə bilərik. Demək istədiyim isə odur ki, mən uşaqlıqdan istedadlı olmuşam. İstəyir özünü tərifləmək kimi çıxsın, istəyir çıxmasın. Mənim çox dahiyanə suallarım olub, amma heç kim cavablandırmayıb.

Sonradan o suallara özüm cavab axtarmışam, tapanda sevinmişəm, ürəyim döyünüb, sualıma heyrət etmişəm. Elə indinin özündə də dahiyanə suallarla doluyam. Bir fərq var ki, cavab tapa bilmirəm. Görünür, heç vaxt da cavab tapa bilməyəcəm. Məsələn, birini deyim? Çinarə, niyə belə oldu? Bura haradır? Burda kim var? Burda mən varam? Dünyanın hansı bucağındayam? Qaçsam, haracan çəkər? Hə, di gəl cavab ver. Adamın gülməyi gəlir. Kül ağlıma. Nə isə.

Kitablardan danışırdım axı. Demək istəmirəm ki, gözümü açıb kitabsevərlər görmüşəm, ay belə kitabxanamız olub, ay ulu nənəmdən, babamdan bu yana hamısı kitab oxuyan olub, görüb-götürmüşəm. Yox. Nənəmə yazığım gəldi o dəfə. Dedi, kaş oxuma, yazma bilərdim, kitab oxuyardım. Dəhşətdir, dərinə getsən. Amma dərinə getmək lazım deyil. Üzdən dəhşət kimi qəbul etmək bəsdir. Yəni bütün etdiyim bu xırdaca mütaliə çərçivəmi o mavi boyalı kitab rəfinə borcluyam. Bunlara görə filankəsə, filan şeyə borcluyam məsələsindən də zəhləm gedir. Ona görə də kül o rəfin başına, əsəblərimi pozdu, ağlıma min cür şeylər gəldi, lazım deyildi. Həssas olmaq lazım deyildi, qızım, Çinim. Amma bir səhvdir, oldu, keçmədi. Peyğəmbər də səhv edib-zad.

Əvət, indi çoxlu kitablar oxuyuram. Kitab rəflərim kiçik-kiçikdir. Dolur, ayrısını alıb asıram divardan. Ürəyimcə kitablar oxuyuram. Lazımsızları rədd edirəm. Kiməsə hədiyyə də edirəm, guya xeyirxaham. Avtobusda oxuyuram. O günü bir xala vardı, uzun da burnu. Burnu mənim də burnumdan uzun idi. Avtobusda o qədər kitabıma tərəf əyildi ki, kitabı qəfildən örtdüm, burnu qaldı vərəqlərin arasında. Öldüm gülməkdən, axır vaxtlar heç elə gülməmişdim. Sonra bozardı üstümə. Mən də heç nə olmamış kimi davam etdim. Deyəsən, dedi ki, kitab oxumaqla deyil ki, adam ola bilməmisən. Ola bilər, bu barədə düşünməliyəm. Yəni birnəfəsə analiz ediləcək məsələ deyil. Adam olub-olmadığımı gərək araşdıram, eksperimentlər aparam, ölçəm, biçəm. Yenə nəysə.

Son zamanlar Dostoyevskiyə vurulmuşam. Bütün əsərlərini oxumaq aclığı yaranıb. O gün Dostoyevskinin “Alçaldılmış və təhqir olunmuş insanlar” romanını univeristetdə seminar vaxtı oxuyurdum. Bitməyə iki səhifə qalmışdı. Müəllim məni çağırdı. Dərsə hazır idim, sadəcə, əsərin təsirindən elə sarsılmışdım ki, nəinki dərs danışmaq, heç hazır olmadığımı da deyə bilmədim. Hönkürməmək üçün özümü zorla saxladım. Uşaqlar dedi, müəllimə güzəşt edin, Çinin övladı var. Müəllimə çox qəribə baxdı, dedi, bunun övladı var? Bu ki özü körpədir. Baxışındakı qəribəlik ürəyimdə nəyisə titrətdi. Yəqin, kameralarımdan, ya da damarlarımdan biri imiş tərpənən. Fikirləşdim ki, yazıq Nelli. Kaş çoxdan öləydi...

Məncə, mənə kitab oxumaq qadağan olunmalıdır, çünki özümü pis hiss edirəm, qapanıram, üşüyürəm, məsələn, dırnaqlarımı yeyirəm, mütləq xəstəlik çıxacaq. Hamısı mikrobdur. Kitab oxumayanda isə elə də fikirləşmirəm, amma indi o qədər düşünürəm ki, qaşlarımın arasından bir sim ağrı çiyinlərimə qədər uzanır. Kitabsız da dura bilmirəm. Oxumalıyam. Oxumasam, ölmərəm. Amma ölə də bilərəm. Sonda isə hə, düz bildiniz, yazı Kəramət Böyükçölə məxsusdur. Hələ bəlkə də Barış oğluma. O(nlar) yazıb, mənim adımla çap etdirir ki, çox maaş olsun. Haydı, sağ olun.


Müəllif: Çinarə Böyükçöl