7 Avqust 2014 11:09
1 188
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa liqalarındakı iki təmsilçimizdən biri "Neftçi"bu gün çıxacağı vacib görüş üçün səfərə yollanıb. "Ağ-qaralar"UEFA Avropa Liqasının üçüncü turu çərçivəsində Gürcüstanda yerli "Çixura"ilə cavab oyununa çıxacaq.

Tərkibi əsasən yerli futbolçulardan ibarət olan gürcülər xalq arasında Gürcüstanın baş naziri İvanişvilinin komandası kimi tanınır. Çünki son vaxtlara kimi aşağı liqalarda gün keçirən rəqibimiz yalnız ciddi maliyyə dəstəyi sayəsində yüksək dəstədə mübarizə aparmaq hüququ qazandı ki, ilk mövsümündəcə Avrokuboklara qatılmaqla onlara bəslənən inamın boşuna olmadığını sübut elədilər.

"Neftçi"və "Çixura"arasında bir oxşarlıq da var - hər iki klub Avropa Liqasında oynamaq hüququnu ölkə kuboku sayəsində əldə eləyiblər. Rəqiblərin ikisi də mövsümü 4-cü sırada başa vursalar da, "ağ-qaralar"ölkə kubokuna sahib olduqları üçün Avropanın ikinci dərəcəli turnirində oynamağa haqq qazanıb. "Çixura"isə kubokun finalçısı olduğu və digər finalçı Tbilisi "Dinamo”su ölkə çempionluğuna yüksəldiyi üçün bu mötəbər turnirə qatılmaq şansı əldə eləyib.

Turun ilk qarşılaşmasında Bakıda keçirilən görüş qolsuz bərabərliklə başa çatıb. Səfər öncəsi bu, sərfəli nəticə sayılmasa da, hər halda, tamam ümidsizliyə qapılmağa dəyməz.

"Neftçi""Çixura”nı keçə bilərmi? İndi hər kəsi düşündürən sual budur. Tarixi və təcrübəsi baxımından təmsilçimizdən qat-qat geri qalan qonşumuz ilk dəfədir beynəlxalq səviyyədə boy göstərir. Bununla belə, öncəki turda böyük sürprizə imza ataraq "Bursaspor”u mübarizədən kənarlaşdıran gürcülər dırnaqarası yanaşmaya layiq olmadıqlarını sübut eləmiş oldular.

Həm "Bursaspor”la oyunlarda, həm də Bakıda keçirilən ilk oyunda izlədiyimiz qədər, demək olar ki, qonşu ölkə təmsilçisi yaxşı müdafiə olunan, komanda şəklində mübarizə apara bilən və əks-hücumlarla təhlükə yaratmağa qadir kollektivdir.

Oyunu müdafiədən quran "Çixura"əsas hədəf olaraq qapısının tozunulmazlığını təmin eləmək haqqında düşünür. İmkan düşdükcə əks-hücumlarda qol arayışına çıxan komanda Bakıdakı oyunda da buna bir neçə dəfə cəhd elədi. Son anda diqqətsizlik və lənglik ucbatından hədəflərinə çata bilməsələr də, hər halda Gürcüstandakı oyunda daha diqqətli olacaqları və səfərdə qazandıqları sərfəli nəticədən turu keçmək üçün maksimum istifadə etmək istəyəcəkləri məlum məsələdir.

"Neftçi”nin isə evdə sərf eləməyən nəticədən sonra səfərdə turu keçmək təcrübəsi artıq var. Elə bundan öncəki turda da öz meydanında gözlənilməz şəkildə Sloveniya "Koper”inə yenilən flaqman səfərdə oynadığı gözəl oyun və vurduğu iki cavabsız qolla mərhələni adlamışdı.

Bu dəfə isə evdəki qolsuz bərabərlik səfər oyunu öncəsi ötən dəfəkinə nisbətən daha yaxşı nəticə hesab oluna bilər. Səfərdə qazanılacaq istənilən hesablı qələbə və ya hər hansı qollu bərabərlik bizi növbəti mərhələyə keçirəcək nəticə olacaq.

Bildiyimiz qədər, komandanın heyətində ciddi əksik yoxdur. Zədəli Denis Silvanın bu oyunda iştirak eləməyəcəyi əvvəlcədən məlum idi. Digər oyunçular isə yaxşı əhval-ruhiyyədə yollanıblar səfərə və qələbə qazanmaq üçün çatışmayan ciddi heç bir səbəb yoxdur.

Təmsilçilərimizə uğurlar arzulayırıq!


Müəllif: Zaur Xudiyev