Bir zamanlar vəkilim olmaqdan qorxan Aslanın xarici ölkə kəşfiyyatına böyük dəstəyi – ona qarşı tələmi, yoxsa...
O qədər absurd ki! Aslan İsmayılov məni İranın Qum şəhərindən yayın yapan Facebook səhifəsindəki materialla vurur! Nur-az.com adlı bu səhifəyə və eyniadlı sayta Azərbaycana xəyanətə görə axtarışda olan, 1996-ci ildən İrana qaçaraq, hələ də orada yaşayan və iddialara görə, qonşu ölkənin xüsusi xidmət orqanlarına casusluq edən, hər gün ölkəmizə qarşı ideoloji təxribatla məşğul olan İsgəndər Hüseynzadə rəhbərlik edir.
Qəşəng ittifaq qurublar. Hüseynzadə Milli Şuranın mitinqindən yazdığımıza görə, bizi "ifşa" edir, əleyhimizə məqalə yazır, video-kollaj düzəldir, bunu da hörmətli Aslan İsmayılov öz səhifəsində tirajlayıb, reklama qoyub, pul xərcləyir, öz aləmində, MŞ və xarici ölkə kəşfiyyatı tərəfindən hədəfə alınan Rauf Arifoğlunu cəzalandırır?
Niyə? Sadə bir səbəb var. Onunla məhkəmə çəkişməsində olan iş adamı Mürvət Həsənlinin yazı və müsahibələrini dərc etmişəm. Bir neçə dənə də bərabər fotolarımız var. Yəni qəzetçi fəaliyyətimə görə.
Hansı ki, Mürvət Həsənli adlı iş adamı Aslan İsmayılovu məhz bizim qəzetdə dərc olunan iddia və mövqeyinə görə məhkəməyə verib. Yəni biz əslində Aslan İsmayılovla bərabər məhkəməyə verilmişik, "podelnik"ik. Üstəlik, onunla bərabər, bizim qəzet də prosesi uduzub.
Biz bu məsələdə də hər zaman onun yanında və mövqeyində olmuşuq. Qarşı tərəfi bəzən əzib, keçərək, Aslan İsmayılovun tərəfini saxlamışıq. İnanmışıq ki, haqlıdır.
İndi həmin iş adamı mövqeyini ortaya qoyub, sənədlərlə sübut edib ki, A. İsmayılovun müdafiə etdiyi şirkətə Türkiyədə yaşayan iki erməni də ortaqdır... Bu barədə yazılarla çıxış edib. Bizə də deyib ki, Aslan İsmayılov ondan 200 min dollar xərac istəyib, vermədiyi üçün indi ondan əl çəkmir...
Və bundan sonra bizim üçün vəziyyət dəyişdi. Biz, Türkiyə vətəndaşı da olsa, ermənilərdən yana tərəf tutmarıq. Aslan bəy özü bilər.
Bir-iki yazıya və Mürvət bəylə çəkdirdiyim 1-2 fotoya görə, yəni çəkişdiyi bir adamın bizə yaxınlaşması səbəbindən İllərdir yaxşılıq etdiyimiz, təmənnasız olaraq yanında olduğumuz, hər çağırışına getdiyimiz, onun üçün hətta bir sıra riskləri göz önünə aldığımız Aslan İsmayılov ünvanımıza bütün növ təhqir və böhtanları yağdırdı, sonra da , xarici kəşfiyyata alət olaraq, məni gözdənsalma kampaniyasına qoşuldu! Adam sanki deyir: məndən icazəsiz niyə Mürvət Həsənli ilə dostlaşır, şəkil çəkdirirsən? Bax, illərdir məni bu zehniyyət incidir, bir qəzetçi olaraq! Yanlarında olanda yaxşıyam, azacıq aralanan kimi, azacıq fərqli davranış, sərbəstlik sərgiləyən zaman oluram xain!
****
Mazidən bir hekayə anladım.
İki dəfə həbsdə olmuşam.
Guya indi birilərinin, o cümlədən də Aslan İsmayılovun mübarizə apardığı iqtidarla az qala təkbaşına mübarizə etdiyim zamanlar idi. Bütün siyasi düşərgə arxamda gizlənib, mətərislənirdi...
Üzərimdə təyyarə qaçırdaraq, sərnişinləri girov götürməkdən tutmuş, siyasi quruluşu dəyişməyə təşəbbüs etmək, iğtişaşlar törətmək və ona rəhbərlik etmək, yazılarımda dövlət quruluşunu və mövcud hakimiyyəti dəyişmək kimi maddələr vardı.
İlk dəfəsində 2000-ci ilin avqustunda dünya çapında müdafiəm vardı. Ölkədə də ictimai-siyasi xadimlər, çəkingən tövrlə, müdafiəmə qatıldılar. Lakin Azərbaycan mediası tarix yazdı, o zaman. Elə bir dəstək, elə bir proses olmadı, yəqin bundan sonra da olmayacaq...
Bizim bu Aslan nə etdi? Vəkilim olmaqdan imtina etdi. Qorxdu! Qardaşım Azər Ayxanın müraciətini geri açıq şəkildə çevirdi.
2003-cü ildə Bayılda, “ölüm korpusu”nda saxlanırdıq, təkadamlıq kamerada, İŞİ ELƏ QURMUŞDUQ Kİ, VƏKİLLƏRİMİZ EYNİ ZAMANDA GƏLİRDİ və bizim - Pənah Hüseyn, Arif Hacılı, Sərdar Cəlaloğlu, İqbal Ağazadə - yalnız qısa müddətdə, orada biri-birimizi görmək fürsətimiz olurdu.
Həmin günlərin biri idi, Aslan İsmayılov cinayətdən mühakimə olunan müvəkkilinə gəlmişdi, bizi gördü, salamlaşdıq. Təxminən bu cür tövr sərgilədi: “Nə haber, lan, fakirler...”
Adıçəkilənlərin demək olar ki, hamısı eyni anda xahiş etdi ki, bizim işə çıxsın.
Üz-gözünü qırışdırıb, "məni qatmayın", dedi. Başqa cümlələr də söylədi...
Bunu xeyli müzakirə etdik...
O zaman onun hədəfi başqa idi və fürsətdən istifadə edib, yeni prezidentə, qurulan yeni iqtidara yaxınlaşmaq istəyirdi. Meydan boş idi, manevr imkanı, özünübazarlama şansları böyükdü.
Sonda buna nail oldu, prezident İlham Əliyevlə də görüşdü. Və əslində düz hesablamışdı – bizdən birinə vəkillik etsəydi, prezidentlə o görüş olmayacaqdı və onun iqtidara yaxınlaşma hədəfləri alınmayacaqdı.
Yəni zamanında qorxudan və şəxsi maraqlardan çıxış edərək, ölkə tarixinin ən böyük siyasi işinə çıxmaqdan imtina edən, 1041 nəfər həbsdə olan siyasi müxalifət təmsilçilərindən heç birinə vəkillik etməyən Aslan İsmayılovun gerçək sifəti budur.
Dustaq o qədər çox idi ki, vəkil çatmırdı. ATƏT bizə xaricdən vəkillər tutdu, bir vəkil bir neçə məhkumla müqavilə bağladı... Mərhum vəkillər Səməd Pənahov, Elton Quliyev, dəyərli vəkillərdən Mirismayıl Hadıyev, Vüqar Xasayev, Yavər Hüseynov, Namizəd Səfərov, Mübariz Ağayev, Osman Kazımov, Şahmar bəy (soyadını unutdum) eləcə də digərləri bu işə çıxaraq, böyük hüquq və siyasət davası verdilər, vəkil əxlaqı və nümunəsi göstərdilər.
(2000-ci ildəki vəkillərim Vidadi Mahmudov, Tufan Kərimli.)
Və Aslan İsmayılov belə bir sürəcdə öz peşə və vətəndaşlıq borcunu həyata keçirtməkdən imtina etdi. Heç bir siyasi dustağa vəkillik etmədi. Müdafiə komitəsinin toplantılarına qatılmadı.
****
Zamanında vəkilliyimi etməkdən qorxan birisi, mənim zindanda olanda hayıma yetməyən bir vəkil indi bizi xəyanətdə, dönüklükdə suçlayır. Suçlasın. Nə desə, onunla muhattab olası, cavab verəsi deyiləm. Lazım bilsəm, bundan əvvəl etdiyim kimi, gedib özü ilə üz-üzə də danışaram, aydınlaşdıraram. Canlı yayında polemikaya da çıxaram. Çəkindiyim bir nöqtə, cavab verəməyəcəyim heç bir iddia yoxdur. Azərbaycan çapında məni polemikalarda uda biləcək bir adam da tanımıram. Üstəlik, bütün manevr və hərəkətlərimə cavabdehəm, gedişat və tarix də göstərir ki, bütün siyasi davranışlarımda tamamilə haqlıyam!
Lakin yeganə olaraq, bu fakta görə susqun qalamadım!
Xatırlayırsınızsa, fevral ayında yazdım ki, İranın bəzi təsirli dairələri, o cümlədən də Bakıdakı səfirliyi məni qara siyahıya salıb. Maraqlananlar Feys səhifəmə baxsınlar, oxusunlar! Və mən bunun nəticələrini gözləyirdim. İndi bu nəticələrin içindən Aslan İsmayılov və Əli Kərimli çıxdı! Birgə, ansambl şəklində və sinxron halda!
Milli Şura və Əli Kərimli ilə işim yoxdu. Onların bütün ittifaqlarını, gizli əlaqələrini bilirəm. Rusiya və İran dəstəklərindən də təfərrüatları ilə xəbərim var. Lakin Aslan İsmayılov??? Odamı...Bilə - biləmi? Yoxsa Aslan “tələyə” düşüb?
Özü nə yazırsa, nə deyirsə desin, illərdir vəkil kimi böyük ayıbına susduğum kimi, yenə susaram. Fəqət xarici kəşfiyyatın hədəf aldığı ölkəsinin vətəndaşının vurulmasında alət olmasın...
Yox, desə ki, olacam, biz də işimizi bilək, ona uyğun davranaq.
Vətən xaini, Qum şəhər sakini İsgəndər Hüseynzadəyə münasibətimiz necədirsə, onunla ortaq və sinxron hərəkət edən Bakı sakinlərinə də həmin münasibət sərgilənəcək.