Tomsonun imkanı olsa, Nuru Paşanı edam etdirərdi...
Bir neçə gün əvvəl Feysbuk sosial şəbəkəsində Bakıya nəzarət edən ingilis qoşunlarının komandanı general Tomsonun Nuru Paşaya müraciəti ilə bağlı bir qəzet materialı yayımlandı. Bu materialda Tomson Nuru Paşadan Azərbaycandan apardığı nələrisə qaytarmasını tələb edir.
Bu qəzet materialı müxtəlif şəxslər tərəfindən sosial şəbəkədə Anadolu türklərinin azərbaycanlılara xəyanəti kimi dəyərləndirildi, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya qarşı hədyan fikirlər səsləndi.
Biz, adətən, azlığın faşizminə qarşı cavab vermir, bu kimi fikirlərin 70 il bolşevik mətbuatında çeynəndiyini bildiyimiz üçün üstündən keçirdik.
Lakin indiki dövrdə sosial şəbəkədə yalan nəinki ayaq tutur, hətta yeridiyi üçün bəzi mətləblərdən gənclərin hali olmalarında fayda var.
Əvvəla, Tomson kimdir?
General Tomson I Dünya müharibəsində Osmanlını məğlub edən, ona Mudros müqaviləsini imzaladan ingilislərin generalı idi və adıçəkilən müqavilə nəticəsində Bakıya yerləşmişdi.
Çünki imzalanmış barışığın 11-ci maddəsinə əsasən, Osmanlı ordusu tezliklə Qafqazı tərk etməli idi. Antanta Osmanlı hərbi qüvvələrinə Bakını bir həftədən gec olmamaqla, Azərbaycandan isə bir ayı ötməməklə çıxmaq ultimatumu vermişdi. 15-ci maddəyə görə isə həm Türkiyənin nəzarətində olan Zaqafqaziya dəmiryolu Antantanın nəzarətinə verilirdi, həm də Türkiyə Antantanın Bakını tutmasına etiraz etməməli idi.
Daha sadə desək, Tomson Nuru Paşanın düşməni idi, nəinki ona qarşı qəzetdə bəyanat verə bilərdi, əlində imkan olsa, Bakıda Qoşa qala qapısında edam etdirərdi.
Digər tərəfdən Tomson Nuru Paşaya soyğunçuluqla bağlı söz deyə biləcək ən axırıncı adam idi. Çünki ingilislər Bakıda olduqları müddətdə 113,5 milyon manatlıq (30 milyon pudadək) neft talamışdılar.
Eləcə də, təzyiq göstərərək Azərbaycan büdcəsindən milyonlarla manat pul mənimsəmişdilər.
Bu zaman digər bir iddia ortaya çıxır ki, Azərbaycan Cümhuriyyəti necə bir müstəqil dövlət idi ki, ingilislər bu qədər hadisələri törədə bilirdilər?
Adətən, bu sualı Cümhuriyyət tarixini və I Dünya müharibəsinin nəticələrindən bixəbər şəxslər soruşurlar. Təbii ki, o zaman Azərbaycanda vəziyyət olduqca mürəkkəb idi, türk qoşunları ölkədən çıxdıqdan sonra qaliblər öz siyasətini həyata keçirəcəkdilər, heç 1 yaşı olmayan, yoxdan var edilən bir dövlət bu cür ağır şərtlər altında varlığını qorumaq üçün mübarizə aparacaqdı. Necə ki, belə də oldu. Bütün şərtlərə baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəinki varlığını qoruya bildi, həmçinin Parisdə müstəqilliyi tanıda da bildi.
Tomson hökumətin rəsmi orqanı olan “Azərbaycan” qəzetində Nuru Paşanın əleyhinə bəyanat yaya bilərdimi?
Bu suala cavab vermədən, əvvəla, görək Tomson Azərbaycanda nələr etmişdi.
Bakıya gəldiyinin elə ilk günü – 17 noyabrda general Tomson “Bakı şəhərində hərbi vəziyyətin tətbiqi haqqında məcburu qərar” elan etdi. Burada göstərilirdi ki, “1) 17 noyabr 1918-ci il gündüz saat 12-dən Bakı şəhəri hərbi vəziyyətdə elan edilir. Ona mən, aşağıda imza edən general-mayor V.M.Tomson rəhbərlik edəcəyəm…; 2) hərbi vəziyyət vaxtı mən, aşağıda imza edən Bakı ş. hərbi valisi olacağam; 3) polkovnik F.P.Kokkerel ittifaq dövlətlərinin Bakı şəhərində polis komissarı təyin edilir…”.
Hərbi vəziyyət elan etməklə ingilis komandanlığı Bakıda və Bakı valiliyində bütün inzibati hakimiyyəti öz əlinə aldı, bütün məhkəmə və yerli icra hakimiyyəti də Tomsonun ixtiyarına keçdi. Denikinə yardım üçün Xəzər dənizini də nəzarətə götürən ingilislər çox keçmədən Zaqafqaziya dəmiryolu üzərində də ağalıq etdilər.
Yəni ki, bütün Bakı ingilislərin nəzarətinə keçmişdi. Belə bir vəziyyətdə Tomson nəinki hökumətin qəzetində Nuru Paşanın əleyhinə yazı verə bilərdi, istəsə ümumiyyətlə, qəzeti bağlatdırar və ya Nuru Paşanın əleyhinə xüsusi buraxılış hazırlaya bilərdi.
Ona görə də işğalçı ingilis komandanlığının Bakının xilaskarı Nuru Paşaya qarşı yazdığı bəyanat sadəcə düşmənin bir hərəkəti idi.
Nuru Paşaya gəlincə, cümhuriyyət liderlərinin də etiraf etdiyi kimi Azərbaycanın istiqlalı 28 mayda elan edilsə də, faktiki dövlət şəklində fəaliyyəti 15 sentyabrdan sonra başlayır.
Bunu da əminliklə deyirik ki, əgər Qafqaz İslam Ordusu olmasaydı, mart soyqırımı Gəncədə də törədiləcəkdi, Tiflisdə qurulan hökumətimiz cəmi bir ay yaşayacaqdı. Çünki Tiflisdə hökumət qurularkən Qazaxdan Bakıya qədər faktiki heç bir ərazidə söz sahibi deyildik.
Necə ki, Üzeyir Hacıbəyli “Azərbaycan” qəzetinin 31 mart 1919-cu il tarixli 147-ci nömrəsində yazırdı: “Əgər türklər, Osmanlı Türk qəhrəmanları vaxtında gəlməsəydilər, azəri türkləri Bakı məğlubiyyətindən sonra özlərinə gəlib müdafiəyə hazır olmağa fürsət tapana qədər, nəinki Bakıda, Şamaxıda, bəlkə, bütün Azərbaycanda daş daş üstündə qalmayacaqdı”.
Çünki çar dövründə azərbaycanlıları hərbi xidmətə aparmadıqlarına görə əsgəri qüvvəsi olduqca zəif idi, Bakıda hakimiyyəti ələ keçirmiş Şaumyan adi bir həmlə ilə Gəncəni ələ keçirəcəkdi, Bakı və Gəncə əbədiyyən ermənilərin əlinə keçəcəkdi. Təsadüfi deyil ki, Xoyski hökuməti 1918-ci il iyunun 19-da bütün Azərbaycanda hərbi vəziyyət elan etdi. Buna səbəb Şaumyanın tabeliyindəki 18 min nəfərlik 1-ci Qafqaz qırmızı korpusunun Gəncəyə doğru yürüşə başlaması təhlükəsi idi.
Nuru Paşa və onun siyasi müşaviri Əhməd bəy Ağaoğlu ilə hökumət üzvləri arasındakı problemlər olduqca təbiidir. Amma bu kimi hallar Bakının türklər tərəfindən əbədiyyən Azərbaycanın paytaxtı elan edilməsi faktına əsla kölgə sala bilməz.
Və kaş ki Azərbaycan tarixində bir deyil, daha çox Nuru Paşalar olaydı.
Kaş 1920-ci ildə Azərbaycanda Nuru Paşa olaydı.
Kaş 1937-ci ildə Bakıda Nuru Paşa olaydı.
Kaş 1990-cı ildə Bakıda Nuru Paşa olaydı.
Kaş 1992-ci ildə Xocalıda Nuru Paşa olaydı...