Bundan sonra konkret olaraq nələrin baş verəcəyini birmənalı şəkildə deməyə çətinlik çəksək də, Suriyada baş verən son proseslərin ərəfəsində deyirdik ki, Rusiya ABŞ-a cavab verməyəcək.
Belə də oldu. Bəs bizi belə proqnoz verməyə nə təhrik edirdi? Səbəblər olduqca çoxdur.
Birincisi, Rusiyanın ətrafında faktiki olaraq kimsə yox idi, bir Türkiyə və bir də İran vardı ki, Kreml bunlara da qısqanclıqla yanaşır və hətta bu ölkələrin ona Suriyada yeganə ağa olmağa mane olduğunu düşünürdü.
Elə son hadisilərin ərəfəsindəcə Rusiya ilə Türkiyə arasındakı ziddiyyətlər faş oldu və belə məlum oldu ki, Tehran-Ankara-Moskva üçlüyünü “strateji rəqiblərin ittifaqı” adlandıranlar heç də yanılmayıblar.
Qərəz, S.Lavrov Ankaradan Afrini Əsədin nəzarətinə verməyi tələb etdi və bununla faktiki demək istədi ki, Afrini B.Əsədə ver, o, isə bu bölgəni bütün Suriya kimi bizim sərəncamımıza verəcək.
Türkiyə prosesin əvvəlindən kənara çəkildi və düz də etdi. Sonrakı mərhələdə isə ABŞ-ın, Fransanın və Britaniyanın apardığı əməliyyatlara siyasi dəstək verib hansı geosiyasi düşərgəyə mənsub olduğunu bir daha hamıya anlatdı.
Burada başqa bir məsələ də vardı. Kremllə Ankara arasındakı ziddiyyətlər həm də Əsədlə bağlı idi. Bir başqa səbəb isə budur ki, heç bir ölkə Suriya münaqişəsini Türkiyə qədər hiss etmir, hazırda bu ölkədə üç milyona yaxın suriyalı qaçqın var. Avropa Türkiyəyə yardım vəd etsə də Ankara bu məbləğin indiyədək heç yarısını da almayıb.
İkincisi, V.Putinin geosiyasi ambisiyaları böyük olsa da, bu adam keçmiş SSRİ-nin qüdrətini qaytarmaq arzusu ilə qovrulsa da, sovet imperiyasını süquta aparan səhvləri təkrar etmək istəmir, onun ən çox ehtiyat etdiyi məsələ Rusiyanın Əfqanıstan kimi bir müharibəyə cəlb olunmasıdır. Elə bu səbəbdən bir ayağını Suriyadan kənarda saxlayır.
Üçüncüsü, Türkiyə ilə məlum təyyarə insidenti baş verəndə Kremlin davranışını çox izlədik. V.Putin çox asıb-kəsdi, amma son mövqeyi belə oldu ki, Türkiyəyə müharibə elan etməyəcəyik. Aydın məsələdir ki, Türkiyə ilə belə müharibədən çəkinən bir ölkə heç bir halda ABŞ-la və onun Britaniya və Fransa kimi müttəfiqlərilə savaşa girməz və təkbaşına NATO ilə qarşı-qarşıya durmaz.
Dördüncüsü, tarix boyu Rusiyanı əsasən üç şey hifz edib: böyük coğrafiya, sərt iqlim və böyük insan resursları. Rusiyanın rəqibləri üzərində qələbələri yalnız bunun sayəsində mümkün olub, özü də bu qələbələrin hamısı “pir qələbəsi” olub, çox böyük itkilər hesabına başa gəlib. Napoleon Rusiyaya yürüşdən qayıdandan sonra yazmışdı ki, mən ora ordu ilə vuruşmağa getmişdim, şaxta ilə yox...
Qərəz, getdikcə anlaşılan budur ki, Rusiyanın ABŞ-a cavabını gözləməyə dəyməz, hərçənd, Kremlin assimmetrik və yaxud da hibrid cavabının olacağı haqqında söz-söhbət bitib-tükınmir. Amma inidilik bir şey var: Rusiya BMT-nin qapısının ağzını kəsdirib...
Başqa detallar da Kremlin necə axmaq vəziyyətdə qaldığını göstərir. Moskva zərbəni Aralıq dənizindən gözlədiyi halda o, Qırmızı dənizdən başladı. Üstəlik, Suriya 13 raketin, Rusiya 20 raketin vurulduğunu desə də, ABŞ bunun bir raket olduğunu bildirir.
İndi güman, bir neçə günə Suriyadakı bütün geosiyasi vektorların planları və niyyəti açıqlanacaq. Hələlik bir məsələ aydındı: ABŞ hamıya işarə verdi ki, nəinki Yaxın Şərqdən, heç Suriyadan getmək fikri, yaxud da planı yoxdur.
O ki qaldı Rusiyaya, bir daha deyirik ki, Kreml indi pərt bir vəziyyətdədir. Hamı düşünür ki, Putin nəsə edəcək. Amma o, böyük hesabla heç nə edə bilməyəcək. Putin özü də bilmir ki, nədən qorunsun; raketlərdən, yoxsa sanksiyalardan?..
Həm də başqa məsələ var. Təxminən yüz il bundan əvvəl “Avrora” gəmisindən atılan boş güllələr Rusiyanın tarixini tamam dəyişdi. Qırmızı dənizdən atılan raketlər haqqında bunu deyə bilmərik. Fəqət bir məsələ aydın görünür: raketlər Rusiyanın tarixini bəlkə də dəyişməyəcək, amma Kremlin Suriya planlarını dəyişəcək...
O ki qaldı Vaşinqtona, onun da planlarından xəbərsizik. Amma düşünmürük ki, ABŞ-ın sürətli şəkildə Suriya epopeyasına son qoymaq fikri-planı olsun – hər halda, bunun əlaməti görünmür.
Həm də ABŞ-ın da başqa problemi var: prezident D.Trampla ölkənin “siyasət maşını” arasında əsl savaş gedir. Hiss olunur ki, Pentaqon, MKİ, eləcə də digər strukturlar Trampı zorla bu və ya digər qərarı qəbul etməyə məcbur edirlər. Son proseslər ərəfəsində də bu, bir daha duyuldu. Tramp “17 ildə Yaxın Şərqdə 20 trilyon dollar itirmişik, ona görə də biz Suriyadan çıxmalıyıq!” desə də, Pentaqon ertəsi gün bəyan etdi ki, ABŞ hələ Suriyada missiyasını başa çatdırmayıb. Daha sonrasa raketlər işə düşdü ki, bunu siz də bilirsiniz...