20 Aprel 2018 15:25
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya özü də sadəcə, bir teatrdır. Qadınlar və kişilər də hamısı aktyorlardır. Hər biri də rol oynayır, hərənin öz rolu, üstəlik, bir deyil, bir neçə rolu var...”

Ermənistandakı ən son prosesləri izləyərkən ağlımıza gələn ilk fikir Uilyam Şekspirin bu sözləri oldu. Bəli, Sərkisyan da rollarını gözəl oynamağa çalışır və bu, növbəti dəfə sübut edir ki, ingilis dramaturqu haqsız deyilmiş.

Bir tərəfdən hakimiyyətini bütün vasitələrlə uzatmağa çalışan fırıldaqçı S.Sərksiyan, o biri tərəfdən də guya ki, insanlara, cəmiyyətə öz münasibətini bildirmək üçün yetərincə sərbəstlik verən “demokrat lider” – bəli, səhnəyə pis tərtibat verilməyib...

Yox, demirik ki, son etirazların hamısı teatrdır. Belə deyil, amma hiyləgər Sərkisyan, hələ ki, onu özü üçün teatra çevirməyi bacarır. Yəqin Avropanın demokratiya institutları hesabatlarında qeyd edəcək ki, hakimiyyət cəmiyyətə etiraz etmək üçün kifayət qədər şərait yaratdı və nəinki S.Sərkisyanın tərəfdarları, hətta onun əleyhdarları belə istədikləri qədər ürəklərini boşalda bildilər.

Bəri başdan deyək ki, ABŞ Departamentinin məsələ ilə bağlı bəyanatı da təxminən bu ruhda idi.

Amma bizi başqa detallar düşündürür. Parlamentdə müzakirə zamanı deputatlar dedilər ki, müharibə aparan Ermənistana Serj Sərkisyan kimi güclü lider lazımdır. Doğrudan da belədirmi?

Düşünmürük. Daim “güclü lider” axtarışında olan cəmiyyətlər gec-tez, özlərinin də xəbəri olmadan bir gün avtoritarizmin caynağına keçirlər.

Sərkisyan tərəfdaları gözəl bilir ki, ağ yalan deyirlər, çünki ermənilərə də heç də güclü lider yox, güclü məntiqi, fəhmi olan praqmatik, realist lider, həm də sağlam cəmiyyət lazımdır ki, on illərdir, ölkədə aparılan siyasi kursun onlara hara sürüdüyünü anlaya bilsinlər.

Həm də ümidliyik ki, xristinalığı guya hamıdan əvvəl qəbul etdiyini iddia edən ermənilər hələ unutmayıb ki, on müqəddəs buyruqdan birində məhz belə deyilir: Tanrıdan savayaı özünüzə kumir yaratmayın...

Buna bənzər prinsip üstüörtülü şəkildə siyasətdə də, məşhur “Helsinki dekaloqu”nda da əksini tapıb. Burada da təxminən deyilir ki, özünüzü düşmənlərlə əhatə etməyin, özünüzə düşmən yaratmayın, çünki heç bir xalq, heç bir ölkə özünü düşmənlərin əhatəsində təhlükəsiz və rahat hiss edə bilməz...

Demirik ki, Ermənistanda bunları anlayan insanlar tamam yoxdur, yox, var, amma yetərincə deyil.

Amma onların da çoxu anlamır ki, məsələ təkcə kriminal Dağlıq Qarabağ siyasi klanında, Sarkisyanda da deyildir, ölkənin apardığı çox yanlış siyasətdədir.

Bunu qismən anlayanlardan biri, bəlkə də birincisi keçmiş prezindent L.Ter -Petrosyan oldu. Amma onun son proseslərdə iştirakını görmürük. Ola bilsin, yaş da özünü göstərir – Petrosyanın artıq yetmiş iki yaşı var və o, yaşı ilə bağlı hələ 2013-cü il seçkilərində iştirakdan imtina etmişdi.

İndiki etirazçıların da ölkənin geosiyasi oriyentasiyasının fərqində olduğu duyulur. Rusiyalı politoloqlar belə detala diqqət yetirir ki, etrirazlar, hakimiyyətə qarşı yürüşlər Rusiyanın hərbi bazası yerləşən Gümrüdən başladı, çünki erməni müxalifəti ölkədə rusların hərbi bazasının yerləşməsindən, Ermənistanın KTMT-yə üzv olamsından elə də məmnun deyillər.

Sərkisyanın mövqelərini gücləndirən amillərdən biri də budur – Ermənistanda hakimiyyət məsələsinə təsir edən güclü faktorlardan biri də Kremldir ki, Serjikin onunla hansısa problemi yoxdur.

Artıq ötən günlərdə bildirildi ki, V.Putin Sərkisyana zəng edərək onu baş nazir seçilməsi münasibətilə təbrik edib.

Üstəlik, ötən il Avropa Birliyilə saziş imzalamaqla Serj Qərbdəki erməni lobbisinin də “saqqızını oğurlaya” bildi.

Ona görə də belə ehtimal etmək olar ki, indiki etrirazlar, nümayişlər ciddi nəticə verməyəcək – hər halda, bu ehtimal daha yüksək dəyərləndirilir. Amma o, da var ki, etirazçılar təslim olmaq da istəmirlər.

Artıq “məxməri inqilab komitə”ləri də yaradılıb və N.Paşinyan bildirib ki, bütün bölgələrdə belə komitələr yaradılacaq. Sadəcə, burada bir sıra amillər var ki, onlar bizə qəti söz deməyə imkan vermir.

Bunlardan birini qeyd etdik – Kremldən və erməni lobbisinin münasibətindən çox şey asılıdır. İkincisi, digər müxalif qüvvələr, hələ ki, gözləmə mövqeyindədirlər və yeni etirazlarda lider problemi duyulur. Bu isə elə vacib məsələdir ki, onsuz siyasi etirazların ciddi impuls alması çətindir, çünki insanlar həmişə hakimiyyətə alternativ olan siyasi qüvvəni görməyə tələsir. Ona görə ki, bu, onlara qərar qəbul etməyə və mövqelərini müəyyənləşdirməyə yardım edir.

Üçüncüsü, parlament çoxluğu Sərksiyanın tərəfindədir və etirazçılar məsələni kardinal şəkildə həll etmək, Qarabağ klanını siyasətdən qoparıb atmaq üçün indidən növbədənkənar seçkiləri gündəmə gətirməlidirlər...

Bəs bizim üçün hansı nəticələr hasil olur? Belə vəziyyətdə Sərksiyan tərəfdarları, xüsusən Dağlıq Qarabağ kriminal klanı cəbhədə təxribatlar törədə bilər və buna hazır olmalıyıq.

İkincisi, S.Sərkisyan hakimiyyətdə qalarsa, öz siyasətimizdə vurğunu hərbə etməliyik, çünki iki prezidentlik müddəti Sərkisyanın bir siyasətçi kimi portretini cızmağa imkan verir. Bu adamla yalnız güc müstəvisində danışmaq mümkündür və hətta lazımdır da...

Daha bir məsələ də var ki, onu da gərək, qeyd edək. Biz erməni müxalifətinin Qarabağ probleminə münasibətini bilmirik, bildiyimiz təkcə keçmiş prezident L.Ter-Petrosyanın mövqeyidir, digərlərindən isə tamamilə xəbərsizik.

Erməni cəmiyyətinin hamıya bəlli “kollektiv patologiyaları” bir yana, hətta başqa ölkələrin də təcrübəsində görünür ki, ən qatı demokrat – qərbçilər belə bəzən ifrat dərəcədə “vətənpərvər-patriot” görünməyi sevirlər...

Prosesin ümumi gedişilə bağlı demək olar ki, artıq ötən günlərdə hakimiyyətin kütləvi həbslərə başladığı xəbərləndi. Bütün hallarda aydın məsələdir ki, burada “məxməri inqilab” alınmayacaq. “Məxməri inqilab” ssenarisi nisbətən mədəni ölkələr, siyasi mədəniyyəti olan ölkələr üçün xarakterikdir. Kriminal Qarabağ klanı belə bir hakimiyyət deyil, - bunlar qana susamış müharibə köpəkləridir.

Bu səbəbdən də düşünürük ki, proses zorsuz keçinməyəcək, hakimiyyətlə etirazçılar arasında daha ciddi qarşıdurma olacaq. Həm də bir məsələni bilmək lazımdır ki, bu, Sərkisyan üçün ilk insident deyil, bu adam Dağlıq Qarabağdakı müharibə teatrı ilə Ermənistandakı siyasi teatr arasında elə də böyük fərq qoymur.

Ona görə də bir daha deyirik: məsələ zorsuz sovuşmayacaq və gün kimi aydındır ki, Ermənistan təkrar məchul ünvana üz tutub: onun adı isə qeyri-müəyyənlikdir.

Güman ki, Serj bu etirazları yatıra biləcək, amma kim zəmanət verə bilər ki, onlar bir müddətdən sonra yenidən, özü də daha geniş miqyasda vüsət almayacaq?..


Müəllif: Hüseynbala Səlimov