24 Aprel 2018 14:30
1 785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir tərəfdən az qala, hər gün Rusiyaya qarşı yeni-yeni sanksiyalar tətbiq edir, özünün Tvitter hesabında hədələr yazır, o biri tərəfdən elə hey israr edir ki, Rusiya ilə dil tapmalıyıq, mən Putinlə görüşməliyəm...

Bəli, söhbət ABŞ prezidenti Donald Trampdan gedir ki, ikinci ildir, prezident olmasına baxmayaraq, nəinki başqa ölkələr, hətta amerikalılar üçün “tapmaca adam” olaraq qalır.

Üstəlik, ən azı mənim bildiyimə görə, son yüz ildə Riçard Niksondan sonra ikinci prezidentdir ki, ətrafında bu qədər böyük siyasi qalmaqallar baş verir, haqqında çox ciddi hüquqi təhqiqatlar aparılır.

Onun davranışını dəfələrlə araşdırmağa çalışmışıq və gəldiyimiz nəticə budur ki, “orta statistik azərbaycanlı”nın dililə desək, Donaldın nala-mıxa vurmasının ən əsas səbəbi onun ABŞ üçün təhlükəni, təhdidi Rusiyadan yox, qeyri-istiqamətlərdən görməsidir.

Digər arqumentsə budur ki, V.Putinlə görüşməkdə israrlı görünən D.Tramp onu hipotetik görüş ərəfəsində maksimum dərəcədə sıxmağa çalışır ki, görüşdən konkret nəticələr əldə etsin və V.Putindən daha çox güzəştlər qopa bilsin.

Ona görə də bir daha Trampın geosiyasi və geoiqtisadi baxışlarının incəliklərinə təkrarən toxunmayacağıq. Bir məsələni deyək ki, o, tamam haqsız da deyil, əlbəttə ki, indi ABŞ-ın dabanlarını tapdayan yalnız nüvə başlıqlarının qüdrət verdiyi Moskva deyil, iqtisadi gücü gündən-günə artan Çindir.

Amma Çin nə əvvəllər, nə də indi dünyada fəal geosiyasi aktor olmayıb. Bu səbəbdən də Trampın ciddi-cəhdlə Çinin üstünə düşməsi qaranlıq və boş otaqda qara pişiyi axtarmağa bənzəyir. Ona hey deyirlər ki, vallah-billah, otaq boşdur, nəinki qara, heç ağ pişik də yoxdur burada, amma o, buna məhəl qoymur ki, qoymur...

Həm də Çinə qarşı müxtəlif adlarla müharibə elan etməyin məntiqi yoxdur. Düzdür, yoldaş Sinin də özünə ömürlük prezident postu təmin etməsindən sonra “səmaaltı imperiya” bizim də gözümüzdən tamamilə düşüb, çünki inkişaf etməkdə davamlı olan Çində əks proseslər gözlənilir və düşünürdük ki, burada da siyasi islhatlara start veriləcək, di gəl, olmadı, tamam əks proseslər başladı.

Amma yenə də Trampı başa düşmürük. ABŞ-ın özündən qüdrətli hərbi dövlətin meydana çıxmasına imkan verməməyə çalışmasını çətinliklə də olsa, anlamağa çalışırıq. Fəqət bu, heç də o, demək deyil ki, ABŞ var deyə, dünyanın heç bir ölkəsi iqtisadi cəhətdən inkişaf etməməlidir.

Digər detal da var. Bütün mübahisəli nöqtələrdə ABŞ qarışısında, məsələn, Çini yox, Rusiyanı görür: Suriyada da gözə dəyən və problem yaradan Rusiyadır, keçmiş sosialist məkanında da, eləcə də Avropada! Bəli, hər yerdə Rusiyadır, hətta zəruri olmadığı hallarda belə özünü nəinki ABŞ-a, hətta bütünlüklə NATO-ya rəqib elan edən yalnız Rusiyadır...

Ona görə də razılaşmalı olursan ki, D.Trampın Rusiya sevgisinin arxasında hansısa ciddi geosiyasi və geoiqtisadi arqument axtarmağa dəyməz - xeyli müddət buna cəhd etdik, amma heç nəyə nail olmadıq...

Bu səbəbdən də onun Rusiya ilə mümkün əlaqələri haqdakı iddiaları da bir yana qoyur, hesab edirik, bu adam sadəcə, dünyaya biznesmen gözü ilə yox, adi tacir gözü ilə baxır: düşünür ki, axı, ABŞ niyə Rusiyaya vəsait, vaxt sərf etməlidir, yaxşısı dünyanı Moskva ilə bölmək deyilmi?..

Bəli, bundan savayı arqument tapmaq çətindir. Bəs bunun nəticəsi nə olur? Birincisi, Ağ Evin siyasətinin ətaləti artır, zəruri halda problemlərə vaxtında və adekvat reaksiya vermək olmur.

İkincisi, digər problemlər arxa plana keçir. Məsələn, əminik ki, keçmiş sovet məkanındakı münaqişələr, o cümlədən də Dağlıq Qarbağ problemi heç Trampın yadına da düşmür.

Bu səbəbdən son vaxtlar yaxın, regional geosiyasi konfiqurasiyalara, xüsusən də Moskva-Ankara-Tehran üçbucağına diqqəti artırmışdıq və hesab edirdik ki, bir tərəfdən ABŞ-ın, digər tərəfdənsə Türkiyə ilə İranın sıxışdırdığı Rusiyanı Dağlıq Qarabağ problemində daha konstruktiv bir siyasət yürütməyə vadar etmək olar.

Amma Trampın rusofil mesajları, üstəlik, ABŞ–ın Moskva-Ankara-Tehran siyasi üçbucağının yaranmağa macal tapmamışdan sökülməsinə yönəlik siyasəti belə ümidlər üçün də yer qoymur. Məsələ bundadır ki, Kreml heç vaxt həqiqi, səmimi müttəfiqlik nə olduğunu bilməyib, bunlar yalnız ağalıq etməyə alışıblar.

Ankara və Tehranla ilişgilər əslində Kremlin, bir növ, çarəsizlikdən qatıldığı əməkdaşlıq formatı idi və təsadüfi deyil, azacıq başqa küləklər əsən kimi bu çərçivədəki ziddiyyətlər faş oldu.

Məsələn, hələ proses bitməmiş, Suriya ilə bağlı bir razılıq əldə edilməmiş, Rusiya özünü buranı sahibi kimi aparmağa, kimin nə etməli olduğunu müəyyənləşdirməyə başladı: Kremlin diplomatları Türkiyədən Afrini Əsədə qaytarmağı, politoloqları isə şiə İranına Suriyada meydan verməməyi tələb etməyə başladılar.

Bu məqamda da ABŞ özünü yetirdi, məlum oldu ki, Ştatların hələ İŞİD-lə savaşı bitməyib.

Hədəfsə hələ məşhur 11 Sentyabr zamanı müəyyən edilib və adı da guya ki, beynəlxalq terrordur.

Onu növbə ilə gah bu, gah da digər bölgəyə transfer edir və yeni münaqişə-müharibə ocaqları yaradırlar. Başqa cür necə olmalıdı? Böyük hərbi xərcləri əsaslandırmaq, yeni silahların sınağını keçirmək, ordunun praktiki hazırlığını artırmaq üçün bir əsas olmalıdır, ya yox?..


Müəllif: Hüseynbala Səlimov