3 May 2018 14:57
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ad məsələsi

Bir-birimizə münasibətdə, müraciətdə, çeşidli dialoqlarda, hətta ən sərt tənqidi yazılarda ədəb-ərkan qaydalarını pozmaq, insanların şəxsiyyətini alçaltmaq, ürəyinə toxunmaq olmaz!

Söz yarasının nə qədər ağır olduğunu və sağalmadığını hamımız bilirik. Buna görə də narazı olduğum, fikrini bəyənmədiyim adamlara da müraciət edərkən nəzakət qaydalarını qorumağa çalışıram. Məsələn, Güntay Gəncalp ilə aylarla davam edən dialoqumuza yazılan yorumlarda tez-tez mənə onun İran deyilən ölkədən Məniçöhr adıyla gəldiyini xatırladır və ona baş qoşmamağı “tövsüyyə” edirdilər. Bu məsələyə aydınlıq gətirməyi özümə borc sayıram.

Güntay Məniçöhr adını özü seçməyib, ona bu adı İran rejiminin məmurları veriblər. Bu 35 milyonluq Güneyli qardaşlarımızın ümumi faciəsidir. Bir millətə uşaqlarına ana dilində ad qoymaq imkanı belə verilmir. Burda Məniçöhrün nə günahı? Əksinə, onu alqışlamaq lazımdır ki, əlinə ilk imkan düşən kimi adını türkləşdirmişdir;dövlətin iradəsini qıraraq öz milli iradəsii ortalığa qoymuşdur. Kaş bütün güneyli qardaşlarımız bunu bacaraydılar. Müqayisə üçün deyim ki, Arazın quzeyində yəni Azərbaycanın respublikasında 27 il müstəqil olmağımıza baxmayaraq hələ də müti bir itaətkarlıqla sovetin “ov” soyadını qoruyub saxlayırıq. Əslinə qalanda bu iki durum arasında heç bir fərq yoxdur. Orda bir türkə Məniçöhr adı veriblər, burda bir türkün babasının adına “ov” şəkilçisi qoşublar. Ona lağ edirsənsə buna da lağ etməlisən. Bu vəziyyəti kimisə alçaltmaq vasitəsinə çevirmək olmaz, bu, millətimizin keçdiyi tarixin acı nəticəsidir və bütölüklə həll edilməlidir. Təəssüf ki, bizdə itaətkarlıq normal qarşılandığı halda, boyunduruqlardan xilas olmaq, milli kökə qayıtmaq istehza hədəfinə çevrilir və bu addımı atan adamlara daha çox hücumlar edilir. Məsələn, vaxtilə rəhmətlik Əbülfəz Elçibəyi tənqid edənlər başqa söz tapmayanda Elçibəy sözün atıb Əbülfəz Əliyev yazırdılar. Güya bu yolla onu ifşa etdiklərini düşünürdülər. Mənim təsəvvürümdə bu nadanlığın zirvəsidir. İnsan əsarət zəncirini qırmağa çalışır, yad soyadddan xilas olmaq, öz kökünə qayıtmaq istəyir və ya özünə təxəllüs götürür bir dəstə qul təfəkkürlü ona dil uzadır ki, sən niyə azad olmağa çalışırsan, sən də gəl bizimlə bir yerdə kölələr arasında qərar tut.

Son statusumda yazdığım kimi, Bayandur Ərənolla tarixə baxışlarımız ayrıdır. O, tarixi məhkəməyə çəkərkən bugünün düşüncəsiylə yazır, mən isə tarixə tarixin öz konteksində yanaşılmasının tərəfdarıyam. Mən xırda səhvlərə görə böyük tarixi şəxslərimizin qaralanmasını qəbul etmirəm; fikir ayrılıqlarına normal baxıram. Bir həqiqətə sevgim olanda başqa həqiqətləri bütövlüklə silib atmıram. Bu baxımdan Güntay maksimalistdir. Amma bu cür yanaşmalar sonda aparıb düşmənçiliyə və faşizmə çıxara bilər. Mən Azərbaycanda etnik ayrı-seçkiliyin harqan qaynaqlandığını, dövlətimizə və millətimizə ziyan vurduğunu bilir və bunu qəbul etmirəm. Türk olmaq və türkçülüyü təbliq etmək başqa azsaylı xalqlarımıza sevgimi və sayqımı azaltmır. Bu mövqeyim kimlərsə tərəfindən anlaşılmır. Amma mən öz yolumu və hədəfimi bilən adamam və bu cür yalnış yanaşmalara ciddi əhəmiyyət vermirəm.

Məncə, bu gün cəmiyyətimizin ən böyük bəlası insanlarımız arasında qarşılıqlı inamın, sayqının və sevginin azalmasıdır. Bunlar olmayan yerd nə qədər əmin-amanlıq olsa da insan özünü rahat hiss edə bilməz


Müəllif: Sabir Rüstəmxanlı