10 May 2018 21:54
1 298
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnqilabları sevənlər də var, sevməyənlər də. Amma onlar hamı üçün maraqlıdır, çünki burada da, necə deyərlər, “adrenalin məsələsi” var - ən azı ekstrimə maraq insanları onları izləməyə vadar edir.

Bu mənada Ermənistan “məxməri inqilabı” haqqında deyiləsi və ya yazılası məqamlar hələ çoxdur. Məsələn, indiyədək digər fəallar və təşkilatçılar “incognito” olaraq qalırlar. İndiyədək məlum deyil ki, niyə Sərkisyan və tərəfdarları etirazçılarala əlaqəyə girməyə çalışmadılar?

Sərkisyan özü guya buna cəhd etdi, amma bircə gün sonra “Paşinyan haqlı idi!” deyib istefa verdi. R.Karapetyan isə, ümumiyyətlə, qımıldanmadı, N.Paşinyanla bir neçə dəfə görüşən prezident A.Sərkisyandan fərqli olaraq bu adam görüşlərdən tamam imtina etdi.

Bir çoxu əvvəlcə bunu K.Karapetyanın Kremlə arxayın olması ilə izah etməyə çalışdı. Amma sonradan məlum oldu ki, hətta hakim partiyanın böyük hissəsi belə K.Karapetyana dəstək vermir...

Ən son günlərdə isə belə məlum oldu ki, böyük çətinliklərlə olsa da, Ermənistanın hakim partiyası N.Paşinyanı dəstəkləməyə razılıq verib – guya onları buna hətta S.Sərksyanın özü təhrik edibdir.

Mayın 8-də isə xəbər gəldi ki, Paşinyan məqsədinə çatıbdı, hakim partiya da onun baş nazir seçilməsi üçün zəruri dəstəyi verib, amma bunun üçün tələb olunan minimal səsdən artığına qıymayıbdır.

İndiki məqamda bu addım əlbət ki, daha məntiqli görünür. Axır ki, hakim partiyanın strateqləri başa düşdülər ki, yaxın vaxtda yeni seçkilərə getmək onların maraqlarına qətiyyən cavab vermir. Aydın məsələdir ki, yaxın aylarda növbədənkənar seçkilər keçirilərsə, N.Paşınyan tərəfdarları daha çox mandat qazanarlar.

Elə bu səbəbdən də düşünürük ki, Serj və komandası başqa yol seçdi – deputat və jurnalist N.Paşinyanı hakimiyyətə buraxmaq. Hətta onunla bir hökumət qurmağa belə tələsmirlər. Səbəbi də budur ki, Serj və komandası N.Paşinyanın siyasi cəhətdən tezliklə tam iflasa uğrayacağını təxmin edirlər.

Əsasları da budur ki, Paşinyan tək bir fiqurdur, Ermənistan isə problemlər ölkəsidir və üstəlik, bu problemlər tək sosial-iqtisadi xarakter daşımır, bunun hətta geosiyasi tərəfləri də var.

Artıq indidən ruslar Ermənistanda ABŞ-ın təsirinin artacağını proqnozlaşdırırlar. Elə daxili problemlər də heç də az aktual deyil. Tək adam N.Paşinyan nə edəcək? Xüsusən də nəzərə alanda ki, bu problemlər nəinki bir, hətta bir neçə hökumətin belə həll edə biləcəyi ölçüdə deyil, o halda görürsən ki, Sərkisyan və tərəfdarları çox da böyük xətaya yol vermirlər – onların hesablamaları məntiqlidir...

Bəli, Paşinyan meydanda tək görünür. Bir tərəfdən bu boyda işi bir adamın görə biləcəyi, bu qədər etirazı bir adamın təşkil edə biləcəyi elə də inandırıcı görünmür. Amma kadr önündə heç kim yoxdur, tək Nikol müəllim var. Güman edirik ki, kabinetin tərkibi açıqlanarkən, indiyədək gizli qalan “kartlar” da açılacaq. Hələliksə gözləmək qalır...

Düzdür, bu adam hətta regionlarda da “inqilabi komitələr” yaratmağa qərar vermişdisə, deməli o, tamamilə tək də deyildi. Bir daha deyirik ki, bir adamın görə biləcəyi iş deyildi bu...

Elə Serjin adamlarının N.Paşinyanın arxasında güclü partiyanın olmaması haqda dedikləri də tam həqiqəti əks etdirmir. Nikol müəllimin parlamentdə 7-8 deputatı vardı. Bəli, bu, zəif bir partiya olsa da, hər halda təşkilatdır. Həm də güclü və zəif partiya məsələsi şərait məsələsidi – bugünün zəif partiyası sabahın güclü təşkilatı da ola bilər.

Hökumət başçısı kimi N.Paşinyanın uğuru onun həm də nə qədər siyasətcil adam olmasından asılı olacaq. Ermənistanda böyük korrupsiya var və bunun böyüməsində S.Sərkiyan hakimiyyətinin də rolu az deyildi. O səbəbdən də hakimiyyətə gələndən sonra o, da korrupsiyaya müharibə elan edərsə, o halda indiki hakim partiyanı iflic hala sala bilər.

Güman ki, N.Paşinyan bunu edəcək, əks təqdirdə Dağlıq Qarabağ klanının Ermənistan siyasi həyatındakı rişələrini qopartmaq mümkün olmayacaq. Xüsusən də nəzərə almaq lazımdır ki, bu klan hərbi müstəvidə çox güclüdür və onları hakimiyyətə gətirən də elə bu olubdur.

Amma parlamentdəki sonuncu çıxışında N.Paşinyan heç kimin siyasi və iqtisadi motivlərlə təqib olunmayacağını bildirdi. Bunu həm də belə başa düşmək olar ki, hakim partiya onunla yaxşı bazarlaşa, özü üçün müəyyən təminatlar ala bilib. Fəqət, belə etsə, Paşinyan səhv etmiş olacaq, ona görə ki, kriminal Qarabağ siyasi klanı vəhşi heyvan kimidir, onu yaralayıb buraxmaq olmaz...

Həm də Nikol hakimiyyətə gələcəyi bir təqdirdə növbədənkənar parlament seçkilərini heç bir halda ləngitməməlidir, çünki zaman onun əleyhinə işləyəcək. İndisə elə bir vaxtdı ki, hakim partiyanın reytinqi çox aşağıdır, necə deyərlər, dövran Paşinyanın dövranıdır.

Amma bir daha deyirik ki, bu, əbədi də olmayacaqdır – siyasətin rəqqası bir tərəfə hərəkət etdiyi kimi, o biri tərəfə də yönələ bilir.

Üstəlik, Ermənsitan iqtisadiyyatının problemi həm də resurslar problemidir və əhəmiyyətli dərəcədə Ermənistanın regionda apardığı siyasətdən asılı bir məsələdir. Paşinyan bu siyasəti dəyişməzsə, çox çətin olacaq, bunun dəyişməsininsə bir yolu da İrəvanın Azərbaycana və həm də Türkiyəyə qarşı indiyədək apardığı siyasətin dəyişməsidir.

Amma o, bunu edə biləcəkmi? Bunu istəyəcəkmi və yaxud bacaracaqmı? Qəti söz demək olduqca çətindir. Etməsə, Ermənistanın ilk “məxməri inqilabı” elə məxməri çiçəklər kimi tez bir zamanda solacaq və hətta ola bilsin, rəngini dəyişərək yaddaşlarda epizod kimi qalacaq və biz daha bir uğursuz “rəngli inqilab”ın şahidləri olacağıq.

Bilirsiniz, çoxu düşünür ki, siyasətçinin gücü və fəndgirliyi yalnız cəmiyyətin eşitmək istədiklərini səsləndirməkdədir. Amma belə deyil. Güclü siyasət adamı həm də o kəsdir ki, axına qarşı da gedə, cəmiyyətin rəyini dəyişə də bilir. Əks təqdirdə siyasət yalnız populistlərin meydanı olardı...

Parlamentdə sonuncu çıxışı zamanı N.Paşinyan buyurdu ki, Azərbaycanla danışıqlara hazırdır. Üstəlik, əlavə etdi ki, Ermənistandakı inqilab Qarabağ problemi üçün də yeni perspektivlər açır...

Bu hansı perspektivlərdir? Paşinyan necə danışıq aparmağı düşünür? Bunlar günün bəlkə də bir nömrəli suallarıdır. Bir daha təkrar edirik ki, onun siyasəti Köçaryan-Sərkisyan siyasətinin davamı olacaqsa, bunun ən azı onun özü üçün acı nəticələri olacaq – inqilablar liderlərini hakimiyyətə apardığı kimi gilyotinə də aparır.

Geosiyasi incəliklərə gəldikdə, aydın məsələdir ki, N.Paşinyan Saakaşvili olmayacaq, çünki o, hər şeydən əvvəl ermənidir, ermənilərsə hiyləgərliklərilə həmişə seçiliblər.

Üstəlik, Kremlin İrəvanın siyasətini tənzimləmək üçün yetərincə “rıçaq”ı var, bunun biri də, bəlkə də birincisi Qarabağ problemidir. Yeni baş nazir də ilk olaraq Dağlıq Qarabağa yollandı.

O ki qaldı ruslarla münasibətə, mayın 14-də Paşinyanın V.Putinlə ilk görüşü baş tuta bilər. Gözləyək və ciddi şəkildə izləyək, çünki ilk görüş, həm də ilk təəssüratdır– bu həm də Paşinyanın böyük siyasi müstəvidə özünü necə aparmasının göstəricisi olacaq...


Müəllif: Hüseynbala Səlimov