13 May 2018 21:42
3 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların hər ikisi Şəkidə doğulmuşdu. Birinci vəfat etdiyi zaman ikincinin cəmi üç yaşı vardı. Birinci Azərbaycanda modern ədəbiyyatın, teatrın, fəlsəfənin əsasını qoydusa, ikinci Azərbaycanda qurulan ilk cümhuriyyətin Baş naziri oldu.

Cümhuriyyətimizin yüzüncü ildönümü olduğuna görə biz ikinci Fətəlidən bəhs edəcəyik. Fətəli xan Xoyski 1875-ci ildə doğulub. Gəncə klassik gimnaziyasını, 1897-ci ildə isə Moskva Universitetinin hüquq fakültəsinin tam kursunu 1-ci dərəcəli diplomla bitirib.

Bir neçə kiçik vəzifədən sonra Tiflis Məhkəmə Palatası sədrinin 1899-cu il 24 martda verdiyi əmrlə böyük məhkəmə məmuru təyin edilib, ardınca Kutaisi dairə məhkəməsinə böyük məhkəmə məmuru vəzifəsinə keçirilib.

1900-cü il martın 8-də Kutaisi qəza istintaq sahəsinin müdiri təyin olunub.

1904-cü il oktyabrın 25-də Yekaterinodar dairə məhkəməsi prokurorunun müavini vəzifəsinə göndərilib.

1907-ci ildə Gəncə valiliyindən 2-ci Dövlət Dumasına deputat seçilib. Dumada fəaliyyət göstərdiyi müddətdə imperiyada yaşayan müsəlmanların hüquqlarının qorunması uğrunda mübarizə aparıb.

1907-ci il iyunun 3-də II Dövlət Dumasının buraxılması haqqında çar manifesti elan olunduqdan sonra Gəncəyə qayıdıb. Bu dövrdə Tiflis Məhkəməsi Palatasının andlı iclasçıları sırasına qəbul edilib. 1913-cü ilə qədər Gəncədə andlı iclasçı kimi işləyən Xoyski həmin ildən Bakıya köçərək Bakı dairə məhkəməsində andlı iclasçı kimi fəaliyyət göstərməyə başlayıb.

28 noyabr 1917-ci ildə Cənubi Qafqazda türk, gürcü və erməni nümayəndələrindən ibarət “Zaqafqaziya Komissarlığı” adlı yerli hökumət qurulduğu zaman bu hökumətdə xalq maarif komissarı vəzifəsini tutub. Bununla da böyük siyasətə atılıb.

Zaqafqaziya Seymi yaradıldığı zaman Seymin üzvləri arasında yer alıb.

Seym 22 aprel 1918-ci ildə Zaqafqaziyanın Rusiyadan ayrılaraq müstəqil Zaqafqaziya Demokratik Federativ Cümhuriyyəti dövlətini elan etdikdən sonra Xoyski bu hökumətdə Ədliyyə naziri vəzifəsini tutub.

Gürcüstanın Seymdən çıxmasından sonra onun 44 nəfərlik Müsəlman fraksiyası 27 may 1918-ci ildə Azərbaycan Milli Şurasını yaradır. Mayın 28-də Tiflisdə, keçmiş Qafqaz canişininin sarayında Həsən bəy Ağayevin sədrliyi altında Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edir. Milli Şura 28 may 1918-ci ildəki ilk iclasında Fətəli xan Xoyski başda olmaqla Azərbaycan Cümhuriyyətinin ilk hökumət kabinetini yaradır.

Xoyski Nazirlər Şurası sədri seçilir.

Xoyski Azərbaycan Cümhuriyyətində Baş nazir və xarici işlər naziri işlədiyi dövrdə mühüm qərarlara imza atır.

Və nəhayət 14 yanvar 1920-ci il.

Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi iclası keçirilir. Buna səbəb Azərbaycanın Paris Sülh Konfransında qalib dövlətlər tərəfindən tanınması idi.

Saat 12:45-də başlayan iclasda sədr ilk sözü xarici işlər naziri Fətəli xan Xoyskiyə verir.

Kürsüyə gələn Xoyski tarixi hadisə münasibətilə deyir:

“Möhtərəm məbuslar! May ayının 28-də, 1918-ci ildə Azərbaycan xalqı öz istiqlaliyyətini aləmə məlum etmişdi... Bu bir il on ay müddətində Azərbaycan milləti öz həyatını, dolanacağını Avropaya, cəmi mədəniyyət aləminə məlum edib özünü öylə göstərdi ki, Avropa onun həqqini verməklə və istiqlalını təsdiq etməyə vadar oldu... Bu yalnız bizim üçün deyil, ümumi türk milləti və ümumi türk aləmi üçün böyük bir bayramdır. Böylə bir günü dərk etmək üçün qeyri-millətlər on illərlə çalışmışlar. Biz isə onu az müddətdə - bir il yarım içərisində qazandıq. Böylə az müddətdə istiqlaliyyətini alan bir millətin onu möhkəm saxlayacağına əminəm. Bugünkü bayram münasibətilə sizi hökumət tərəfindən təbrik edirəm. Özümü artıq dərəcədə xoşbəxt hesab edirəm ki, istiqlaliyyətimizi elan edən zaman da hökumət başında mən idim. Və indi də təsdiqini sizə mən elan edirəm”.

Bu tarixi qərarda Xoyskinin böyük zəhməti olmuşdu.

Ona görə də Nəsib bəydən sonra ruslar tərəfindən öldürülən ikinci dövlət xadimimiz məhz Fətəli xan olur…


Müəllif: Dilqəm Əhməd