14 May 2018 21:53
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvələr yaya doğru nəinki ölkələrin iç siyasətində, hətta regional və qlobal müstəvilərdə bir səngimə baş verirdi – deyirdilər ki, siyasətçilər də yay məzuniyyətinə, dincəlməyə gedib.

İndi nə yay var, nə də qış. Siyasət qazan kimi qaynayır, eyni bir mövzudan yazı oxuculara çatmamış artıq yeni təfərrüatlar və detallar üzə çıxır.

Ona görə də yaxın keçmişimizdən bizə yaxşı tanış olan siyasi doktrinlərdən birilə assosiasiya yaratsa da biz də “Yerləşdiyimiz çevrədə bir kabus – müharibə kabusu dolaşmaqdadır!” demək məcburiyyətindəyik. Sanki bu “geosiyasi landşaft”da cərəyan edənlər “müharibə şahinləri” üçün azdır, onlar daha yeni münaqişə ocaqlarının yaranmasında maraqlı görünürlər.

Bu kontkesdə ötən həftə xüsusilə həlledici olmalı idi, çünki ABŞ prezidentinin İranla nüvə razılaşması ilə bağlı qərarı üçün müəyyən etdiyi vaxt məhz bu həftə bitirdi. Əvvəl deyildi ki, D.Tramp qərarını mayın 12– də elan edəcəkdir. Amma proses sürətləndi, artıq mayın 8-də gecə saatlarında qərar açıqlandı, ABŞ-ın İranla nüvə sazişindən çıxması məlum oldu.
İndi ikinci həftədir ki, hamını bunun ardınca nələrin baş verəcəyi düşündürür. Son günlərdə İsrailin baş naziri elə hey deyirdi ki, ölkəsi İranla müahiribəyə hazır vəziyyətdədir.

Amma əvvəldən daha çox ehtimal olunan ssenari bu idi ki, İrana qarşı yenidən sanksiyalar işə düşəcək və artıq ilk təşəbbüslər də edilməkdədir, çünki bir çox səbəblərdən İranla açıq hərbi qarşıdurmanın, hətta “hibrid müharibəsi”nin belə ehtimalı yüksək qiymətləndirilmirdi.

Ələlxüsus nəzərə almaq lazımdır ki, avropalı müttəfiqlər D.Trampın qərarı ilə hələki razı deyillər. Bunun özü də ciddi məqamdır – D.Trampın Qüdslə bağlı qərarına Avropa ölkələrinin BMT-də necə təpki göstərməsi güman, diqqətli oxucuların yadındadır.

Ümumiyyətlə, son vaxtlarda, yəni Trapm hakimiyyətə gələndən sonra ABŞ-Avropa müstəvisində xeyli problem və ziddiyyət yaranıbdır ki, bu da ABŞ-ın siyasətinə əlavə ətalət verir.

Amma indiki halda bir məsələni qeyd etmək lazımdır. Avropa ölkələrinin İranla nüvə sazişinə bu qədər önəm verməsi düşünürük ki, təkcə onların bilavasitə İranla ilişgili biznes maraqları ilə bağlı deyildir. Bir müddətdir ki, ABŞ-la Avropa arasında ticarət müharibəsi gedir və Vaşinqton Köhnə Qitədən ixrac olunan bir çox strateji məhsullara rüsumları artırmağa qərar vermişdi. Güman ki, Avropa ölkələri ABŞ-la indi sərfəli siyasi ticarət yapmağı düşünürlər. Fikirləşməyək ki, İranın nüvə məsələsi Avropa üçün bu qədər önəmlidir – böyük ehtimalla Yeni və Qoca Dünya gec-tez dil tapacaq.

Azacıq bundan əvvəl Qüds məsələsi hallandı yazımızda. İranla nüvə sazişi də buna bənzər problemdir. Proses beynəlxalq hüquq çərçivəsində, BMT–nin çətiri altında baş tutmuşdu və etiraf etmək lazım gəlir ki, ABŞ növbəti dəfə, Qüds məsələsində olduğu kimi beynəlxalq hüquqdan fərqli istiqamətə üz tutdu.

Ümumiyyətlə, Yaxın Şərqin öz geosiyasi spesifikası var. Regionun geosiyasətində dünyanın digər seqmentlərində təsadüf olunmayan çalarlar nəzərə çarpır. Burada nəinki beynəlxalq hüquq müşkülə düşür, hətta dini mistikanın və esxatologiyanın təzahürləri görünməyə başlayır.

Elə təsəvvür yaranır ki, ibtidai dini təsəvvürlər belə regionla bağlı ən son geosiyasi ssenarilərə də sirayət etməyə başlayıbdır.

Bu çalarlar prinsipcə, hamıya yaxşı bəllidir. Əvvəlcə yəhudilər, daha sonra isə ərəblər inanmağa başladılar ki, guya bu region Tanrı ilə rabitə üçün ən əlverişli və bəlkə də yeganə məkandır və təsadüfi deyil ki, onu “peyğəmbərlər vadisi” adlandırırlar. Onlar əmindirlər ki, hətta sonuncu gün – qiyamətlə də bağlı ssenarilər də burada gerçəkləşəcəkdir.

Ona görə də Yaxın Şərqə qarşı böyük marağın mayasında yalnız onun enerji ehtiyatları dayandığını düşünmək artıq sadəlövhlük kimi yozulur.

Reallıqda ibtidai mistik təsəvvürlərin əsasında modern “geosiyasi ssenari”lər qurmağa cəhd edilir: Vəd olunmuş torpağa qayıdış, sonuncu müharibə və Messiyanın gəlişi!

Yox, bu hansısa fantastik trillerin süjeti deyil, min ildən də artıq yaşı olan ibtidai dini- mistik təsəvvürlərdir ki, bunun əsasında da, bir daha deyirik ki, “geosiyasi konsepsiyalar” qurulur.

Prinsipcə, bütün bunları xəstə bir təxəyyülün məhsulu kimi bir tərəfə atmaq və demək olardı ki, İrana qarşı münasibət əslində onun ideoloji, regional və qlobal iddialarının nəticəsi kimi təzahür edir. İran siyasiləri daim deyirlər ki, onların ən əsas hədəfi, - hətta nüvə silahı əldə ediləcəyi təqdirdə, - İsraildir.

Bu, bizə həmişə təəccüblü görünüb. Ona görə ki, İranın İsraillə bağlı iddialarında bir anlaşılmazlıq var. Tehranı daha çox nə narahat edir? Bu, tək “Fələstin məsələsi”lə və İsrail-ərəb qarşıdurmaları ilə bağlıdır, yoxsa ki, qeyri səbəblər də var?

Bu fonda İsrailin iddiaları daha konkret və anlaşılan təsir bağışlayır. Təl-Əviv israr edir ki, bögədəki bütün radikal dini qruplaşmaların və terrorçu təşkilatların arxasında İran dayanır.

İranın iddialarında isə konspirologiya, hətta mistik və dini çalarlar sezilir: Tehran dünyada və regionda baş verən bütün proseslərə “sionist sövdələşməsi”nin nəticəsi kimi baxır, ABŞ-ı və İsraili indi də regiondakı “şiə zolağı”nı hədəfə almaqda ittiham edir.

Bütün bunları, Yaxın Şərqlə bağlı çox incə geosiyasi məsələləri fikirləşəndə daim yadımıza 1967-ci ildə qəbul olunmuş məşhur “Xartum bəyannaməsi” düşür. Xüsusən də onun üçüncü punktunda əks olunan “üç yox” prinsipi çox maraqlıdır: İsraillə sülhə yox, İsrailin tanınmasına yox, İsraillə danışıqlara yox!..

O vaxtdan görün, nə qədər vaxt keçib, amma bir çox ölkələrin İsrailə münasibəti hələ bu səpkidə qalıbdı. İndisə vəziyyət bir az da gərginləşməyə doğru gedir: ABŞ Tehranla bağlanmış nüvə sazişindən çıxır, mayın 14- də isə Qüdsdə ABŞ-ın səfirliyi açılır. Bunların hər ikisi isə Yaxın Şərqdə daha bir müharibənin başlanmasına səbəb ola bilər.

Məsələnin üstündə ətraflı dayanmağımız təsadüfi deyil. Hər üç ölkə - ABŞ da, İsrail də və İran da Azərbaycan üçün çox önəmlidir. İran Azərbaycanın bilavasitə cənub qonşusu, mühüm ticari-iqtisadi partnyoru və milyonlarla azərbaycanlının yaşadığı ölkədir. İran ətrafında vəziyyətin gərginləşməsi Azərbaycanı geosiyasi seçim qarşısında qoya və Tehranla iqtisadi layihələrinə əngəl ola bilər. Bu layihələrsə yetərincə tutumlu işlərdir. Təkcə Cənub-Şimal dəhlizi çərçivəsində Azərbaycan öz cənub qonşusuna 500 milyon dollar ayırmağı düşünür...

Amma burada başqa məqam da var. Gizlətmirik ki, son dövrdə formalaşmağa başlayan Moskva-Ankara-Tehran alyansı ilə də bağlı Qarabağ konteksində müəyyən ümidlərimiz vardı.

Düşünürdük ki, Kreml Ankara və Tehranla yaxınlaşacağı təqdirdə Dağlıq Qarabağla bağlı müəyyən güzəştlərə gedə, bu məsələdə siyasətini dəyişə bilər.

Amma bu indi növbəti puç ümid kimi görünür. İndiyədək nə qədər belə ümidlər yaranıb və hələ bundan sonra da yaranacaqdır! Ona görə ki, illər məchulluqları və qeyri-müəyyənlikləri azaltmaq əvəzinə daha da artırır. Fəqət, problemlər də onları həll etmək üçündü. Ona görə də Azərbaycan Qarabağla bağlı İran səmtində də səylərini davam etdirməlidir.

Regionda çox maraqlı proseslər gedir və onlar prinsipcə, yeni “arxitektura”nın yaranması ilə də nəticələnə bilər, ən azı ona görə ki, geosiyasi alyanslar statik və ya donuq, əbədi sxemlər deyillər, onlar da şəraitə və maraqlara uyğun olaraq yenidən qurula bilirlər...


Müəllif: Hüseynbala Səlimov