15 May 2018 11:06
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda yaşadığım müddətdə Azərbaycan Cümhuriyyəti və onun davamı olan siyasi mühacirət tariximizlə bağlı tədqiqatlarımda məzarlıqlar önəmli yer tutdu.

Xüsusən, İstanbulun Avropa hissəsindəki Fəriköy məhəlləsində yerləşən məzarlıq Azərbaycan tarixi baxımından çox önəmli idi.

Çünki digər məzarlıqlardan fərqli olaraq burada Cümhuriyyətin hökumət və parlament üzvlərinin məzarları çoxluq təşkil edir. Eləcə də siyasi tariximizdə, ədəbiyyatımızda yer almış şəxslərin də çoxu burada dəfn ediliblər.

Türkiyəli tədqiqatçı, əziz dostum Ömər Özcan bəyin də dəstəyi ilə bu şəxslərin məzarının Fəriköydə olduğunu dəqiqləşdirdik: Əhməd bəy Ağaoğlu və ailəsi, Məhəmmədsadıq Aran (Cümhuriyyət deputatı), Xəlil bəy Xasməhəmmədli (Cümhuriyyətin Ədliyyə naziri), Nağı bəy Şeyxzamanlı (Cümhuriyyət dönəmində Əks-inqilabla mübarizə təşkilatının sədri), Xosrov bəy Sultanzadə (Cümhuriyyətin ilk hərbi naziri, Qarabağın hərbi valisi), Şəfi bəy Rüstəmbəyli (Cümhuriyyət deputatı), Əbdüləli bəy Əmircan və ailəsi (Cümhuriyyətin ilk maliyyə naziri), Hüseynqulu xan Xoylu və ailəsi (hərbçi, Fətəli xan Xoyskinin böyük qardaşı), Miryaqub Mirmehdizadə (Cümhuriyyət deputatı, Azərbaycanı de-fakto tanıdan şəxslərdən biri), Qulamrza Şərifzadə, Həsən Fəttah Başoğuz və ailəsi, Leyla Əsədullah (Tağıyevin qızı), Baba Behbud (hərbçi), Kərim Odər (Müsavat başqanı), Səlim Rəfiq Rəfioğlu (ədəbiyyatçı), İsgəndər Nəcəf, Qurbangil ailəsi və b.

Fəriköy məzarlığı ilə bağlı mətbuatda daha çox kinorejissor Tahir Tahiroviç məlumat verdi. Miryaqub Mirmehdizadənin məzarının dağılması ilə bağlı mediada məlumat yazdıqdan sonra bu məsələni həll edən, məzarı təmir etdirən də məhz Tahir bəy oldu.

Daha sonra millət vəkili Qənirə Paşayeva ilə birgə bu məzarları ziyarət edərkən, o, məsələni parlamentdə gündəmə gətirəcəyini bildirdi. Qənirə xanım sosial şəbəkədə bu məsələni gündəmə gətirməklə yanaşı, parlamentdə məsələni səsləndirdi.

Amma sistemli şəkildə bu məzarları təmir etmək, xatirə lövhəsinin hazırlanması şərt idi. Bu baxımdan jurnalist həmkarım Vüsalə Abbasova ilə bərabər İstanbuldakı Azərbaycan Baş Konsulluğuna layihə ilə müraciət etdik. Baş konsulumuz Məsim Hacıyev tərəfindən layihə bəyənildi, Cümhuriyyətimizin yüz illiyi münasibətilə bunu həyata keçirəcəyini bildirdi.

Nəhayət, dünən Fəriköy İslam Məzarlığında Azərbaycan Cümhuriyyəti xadimlərinin xatirəsinə həsr olunmuş lövhənin açılışı oldu. Məzarlığın girişində qoyulan xatirə lövhəsində Azərbaycan və Türkiyə bayraqları və məzarlıqda dəfn edilən əsas şəxsiyyətlərin adları həkk olundu.

Konsulluq tərəfindən Qaraca Əhməd məzarlığında dəfn edilən Əli bəy Hüseynzadənin də məzarı bərpa edildi.

Prosesin başlanğıcdan sonadək izləyicisi olduğum üçün başda Məsim Hacıyev olmaqla əməyi keçən hər kəsə təşəkkür edirəm.

Türkiyə Azərbaycan Cümhuriyyətinin ruslar tərəfindən işğalından sonra siyasətçilərimizin üz tutduqları əsas ölkə olub. Bu baxıman İstanbuldakı əksər məzarlıqlarda, eləcə də Türkiyənin müxtəlif bölgələrində qərib məzarlarımız var. Fəriköydəki bu nümunəvi addımın digər məzarlıqlarda da həyata keçəcəyini arzu edirəm.

Məsələn, bu yaxınlarda İstanbuldakı Zincirliquyu məzarlığında Şəfiqə xanım Qaspıralının məzarının fotoşəklini gördüm. Şəfiqə xanım türk dünyasının ən nəhəng şəxsiyyəti olan İsmayıl bəy Qaspıralının qızı, Azərbaycan Cümhuriyyətinin Baş naziri Nəsib bəy Yusifbəylinin xanımıdır. Bundan əlavə Şəfiqə xanım tarixdə atası və həyat yoldaşına görə deyil, qadın azadlığı uğrunda mübarizə aparan şəxs kimi qalıb. Ona görə də onun və digər tariximizdə rol oynamış şəxsiyyətlərin qərib məzarlarına diqqət göstərmək lazımdır.


Müəllif: Dilqəm Əhməd