18 May 10:04
1 076

İnsan münasibətlərində bəzən qəribə “gəlişmə” olur. Biri sənə doğru gəlir, gəlir. Bir gün vəfat eləyir, dünyasını dəyişir, amma dayanmır. Öləndən sonra da gəlir.

Hüseyn Əfəndinin gəlişi də o cür oldu.

Onun ömrünün sonuna yaxın eyni redaksiyada işləməyimiz Hüseyn Əfəndini adına insan deyilən “sehirli qutu”ya maraq göstərən biri kimi mənim, necə deyərlər, diqqətimin daha artıq əhatə dairəsinə saldı. Onu maraqlı eləyən təkcə qəribə, ağayana yerişi, xoş aurası, bəzən höcət və inadkar, amma axırda nədənsə zarafata gedib çıxan üsyankarlığı deyildi, həm də təxəllüsüydü: “Əfəndi…”

Hüseyn Əfəndidə möhtəşəm bir əfəndilik vardı.

“Şans” qəzetində işləyəndə infarkt keçirdi, yadımdadı, sonra 2004-cü ildə çıxan “Aydınlıq” qəzetində daha bizim sıramızda yoxudu, amma mərhum Məmməd Nazimoğlunun yanına tez-tez gəlib gedirdi. Bir dəfə çiskinləmək istəyən bir payız günündə yanaşı yeridik. Biz tələsirdik, o “siz gedin - dedi, - mən sürətlə yeriyə bilmərəm”. Nəfəs dərə-dərə, asta-asta, təmkinlə ölümünə doğru gedən bir adamı heç vaxt unutmaram, həm də ona görə ki, o adam yeriməyi yaxşı bacarırdı; hansı bioloji prosesin hesabınasa Hüseyn Əfəndinin aurası sanki təmizlənmiş, təzələnmişdi. Ondan ayrılmadım, bir qədər qoşa getdik.

O illərdə bir dəfə Hüseyn Əfəndi mənə dedi: “Necə olub səni tanımamışam…” Həqiqətən belə dedi. Halbuki mənim “Gənclik” jurnalından şeirimi qaytarmışdı, bir publisist yazımı bəyənməmişdi. Şeirim haqda, özü də hecada alt-alta düzülmüş bəndlər barədə rəyi belə oldu: “Şeiri oxuyursan, elə bil, adamın nəfəsi gəlmir…”

Həmin şeir it-bata düşdü, amma “Tutqun-bənövşəyi gün” adlı essem sonradan çap olundu.

Hüseyn müəllim infarkt keçirəndə “Şans” qəzetindəki köşə yerini boş qoymaq istəmədik, növbəylə onun küncündə yazanlardan biri mən oldum.

“Şans”da Hüseyn Əfəndinin köşələrinin bir spesifikası vardı: Başlıq bir hecadan ibarət olmalıydı! Çox prinsipial məsələydi, bunu pozmaq əsla və əsla yolverilməzdi. Bu qaydaya yazdığı müddətdə özü də riayət elədi, biz də qaydanı gözlədik.

***

“Mən başqa birisiyəm, öz keçmişim deyiləm. Təkcə xatirələrim yox, həm də gələcəyim var. Xatirələr köləyə yaraşar, onlara təskinlik verər. Bütün bunları düşündüm…”

Orxan Pamukun “Səssiz ev” romanındandı, gözəl sözlərdi, silkələnirsən, dəhşət basır adamı. Ancaq keçmiş yalnız keçmişdə qalmır, gəlir, arxadan sənə çatır, hərdən elə bilirsən, üzü sənə gəlirmiş, hətta ötüb qarşına çıxdığını da düşündüyün olur. Kölə olmaq istəmirsən, əlbəttə.

“Bütün bunları düşündüm…”

Hüseyn Əfəndinin ictimai möqveyi vardı, uzaqdan nə qədər sakit görünsə və ya görünməyə çalışsa da, təlatümlü, fırtınalı adam olduğunu hiss eləməkçün çox vaxt sərf eləmək lazım gəlmirdi.

O əfəndi insan barədə təəssüratım onu tanımaq fürsətimlə, zamanın, əcəlin verdiyi imkanla çərçivələnir. Ancaq bəzən adamın dəyərini bilməkçün dövrə nəzər salmaq kifayətdi.

Hüseyn Əfəndi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində, milli azadlıq epoxasının vəd dolu başlanğıcında inqilabi “Gənclik” jurnalında işləyirdi. Məmməd İsmayıldan sonra jurnalın baş redaktoru da oldu.

Bir dəfə, hansı il olduğunu xatıramıram, çox güman, 90-ların ortasıydı, amma dəqiq yay fəsliydi, dəhşətli mənzərədən sarsıldım. Səhifələrində çap olunmaq, redaksiyasının qapısını açmaq, əməkdaşlarıyla kəlmə kəsmək, təzə nəşrini alıb oxumaq üçün sinov getdiyimiz “Gənclik” jurnalının nəşriyyatdan, 1-ci mərtəbədən köçünə şahid oldum. Saysız-hesabsız oxucu məktubları döşəməni xəzəl kimi örtmüşdü, yer-yurdu kağız basmışdı, ən dəhşətlisi, redakasiyanın əməkdaşları əlacsız-əlacsız gülümsəyirdilər.

Bunlar bir şeyin əlamətiydi: Bir epoxa bitir artıq, sona çatır, inqilabın payızı düşür...

Bəzən insanı nə xəstəlik, nə virus, nə şiş öldürür. Dövran çıxır axırına – ya cismən, ya mənən.

***

Hüseyn Əfəndini xatırlayanlar onun saçlarını mütləq yada salarlar. Hüseyn Əfəndinin üz cizgilərindən çox, sanki əlahiddə bir “xilqət” kimi başı üstündə dayanıb duran ağ saçları adamı daha artıq təsirləndirirdi.

Mən onu saçlarına yazdığı və “Gənclik” jurnalında çap etdirdiyi şeiriylə tanımışdım. Hüseyn Əfəndi uzun müddət mənə doğru o şeirlə gəlirdi. Nəhayət, gəldi şatdı.

Həmin şeiri bütövlükdə yazıma qatıram. Oxuyun, lütfən.

***

Yuxusuz gecələrin içində,

Əvvəli, axırı bilinməyən

Kimsəsiz küçələrin içində,

Tüstüsü ərşə çıxan

Saçlarımın içində

Bir qız yaşar.

Ürəyim bir cındır sevincə büküləndə,

Bir yarımçıq gülüş tökülər sinəmdən,

Basdırmayın saçlarımı

Öləndə.

Dünya dolu qıznan,

Kim üşüyə, kim qızına...

Ürəyimin ağrısına yazılan,

Alnıma yazılmayan

Bir qız yaşar

Saçlarımın içində.

Saçlarımı darayaram,

Bulaq üstə dayanaram,

Baxıb, baxıb saçlarıma

Qızlar çaşar,

Ağ saçlarımın içində

Bir qız yaşar.


Müəllif: Qurban Yaquboğlu
Загрузка...