17 Oktyabr 2018 15:24
2 649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar Norveçdə mühacir həyatı yaşamış, sonradan öz ömrünə intiharla son qoyan yazar dostum, Güney Azərbaycan övladı Siyamək Səbri Bakıya gələndə onunla tanış oldum. Bircə görüş içində bizə, millətimizə lazım olan hər şeydən danışdıq. Söhbət arasında “Səncə, Avropada bizi necə tanıyırlar?” soruşdum. Siyamək gülərək: “Avropalıları bilmirəm, ancaq mən oralarda yola tüpürə-tüpürə gedən adam görəndə bilirəm ki, bizimkilərdəndi”- dedi.

Onun bu cavabından çox pis oldum.

Nədən bizimkilər köç etdikləri qürbət ellərdə hər hərəkəti, hər kəlməsi ilə öz milləti, vətəni haqda rəy yaratdığını bilmirlər?

Burda “camaatdan ayıbdı”, “qohum-qonşu nə deyər” fəlsəfəsi ilə yaşayan bu adamlar, niyə özgə torpağındakı qonşuların onlara nə deyəcəyinə əhəmiyyət vermir?

90-ci illərin əvvəlləri idi. Bir vacib məsələ üçün Xabarovsk şəhərinə getmişdim. Onda çinlilər təzə-təzə Rusiyaya axışır, təsərrüfat, komersiya ilə məşğul olmağa başlayırdılar. Həmin arada bizim azərbaycanlılar çinli ovuna çıxmışdılar. Ordakı yerlilərimiz çinlilərə “atmaq” üçün onlarla şərikli “iş qururdular”. Yəni, çinlilərin Rusiyadakı hüquqsuzluğundan bəhərlənərək özlərini iş adamı kimi göstərir, hüquqi müəssisəni öz adlarına keçirdikdən sonra ortadakı pulları, ortaq mayanı götürüb qaçırdılar. Halbuki, çinlilər özlərinin texnikası ilə Uzaq Şərq torpaqlarında xaruqələr yaradır, kartof-soğan, bostan bitkiləri əkərək bütün bölgəni tərəvəzlə təmin edirdilər. Bir dəfə çinlilərlə ortaq investisiya yatırıb onlara “atan” tovuzluya dedim, eloğlu, sən sevinirsən ki, çinlilərə 200 min dollar “atmısan”, halbuki, ciddi iş birliyi qursaydın bir ilin içərisində milyoner olardın.

Belə əhvalatlardan sonra çinlilər nəinki azərbaycanlılarla, hətta bütün qafqazlılarla ortaq biznes yaratmaqdan qaçdılar.

Danmağın yeri yoxdu, biz alverçi xalq kimi tanınırıq. Yəni, dünyanın harasında oluruqsa-olaq, bazardan kənara çıxa bilmirik. Bazar təkcə iş yerimiz deyil, çax-çux az qala bütün mənəviyyatımıza oturub.

Bazarda işləmək, bazar açmaq, münasibətləri bazar sistemi üzərində qurmaq, bütün məsələləri bazar ölçüləri ilə hesablamaq qanımıza yeriyib. Yaxşı, bir nəslin bazarçı olması ilə razılaşıram. Ancaq bazardan qazandığınla övladına, nəvənə yaxşı təhsil vermək haqda niyə düşünmürsən?
Gəlin, hesablama aparaq. Məsələn, Rusiyanın orta bir şəhərindəki xidmət sektorunda, intellektual sahədə, elmi sferada neçə azərbaycanlının imzası var? Orada neçə azərbaycanlı yaşadığı yerin televiziyasına, mətbuatına, siyasi həyatına təsir etmək gücündədi? Neçə azərbaycanlı oradakı həmvətənlərinə kömək əlini uzadıb? Bu işlərdən ötrü həmin ölkədə QHT, birlik və ya fond yaradıbmı?

Yəqin ki göstərəcəyiniz say ikirəqəmli deyil.

Bəs, siz Rusiyada ən çox pul qazananların azərbaycanlılar olduğunu bilirsinizmi?

Mən Rusiyada, keçmiş sovet respublikalarının bir çoxunda olmuşam. Yaxınlarda isə bir neçə ay İsveçdə yaşayası oldum. Avropanın bu gözəl və azad diyarında insanlar çox rahat və sadə həyat yaşayırlar. Bu ağır sənaye ölkəsinin şəhərlərində maşınlar çox az gözə dəyir, küçələrdə velosipedli və idman geyimli şən isveçlilər biri-birinə gülümsəyirlər.

Kimsə evinin ətrafına hündür hasar çəkərək dəmir darvaza qoyub, qapının ağzında yekə “Jeep” saxlamır. Belə bir mənzərə yaratmaq heç ağıllarına da gəlmir. Onlar təxminən bu fikirdədirlər: kimsə sənin həyətinə icazəsiz girmir, mal-dövlətinə göz dikmir və həyat tərzinə burun soxmursa, çəpərləmək nə üçün?

Avropa ölkələrində yaşayan həmvətənlərimin isə öz dünyası var. İllərlə Avropada yaşamalarına baxmayaraq, bu adamlar sığındıqları ölkənin dilini belə düz-əməlli öyrənə bilmirlər. Demək, bizim “avropalılar”, Avropada “balaca bir Azərbaycan” quraraq icma halında yaşayır, ömür boyu bir alman və ya fransızla ilişkiyə girmirlər.

Belə olan halda söhbət, hansı ictimai-siyasi aktivlikdən, təbliğatdan, milləti tanıtmaqdan gedə bilər?
Martın 21-i evində şəkərbura bişirib, qohum-əqrabanı başına yığmaqla Novruz bayramını qeyd etmək olar. Lakin sən öz milli bayramını yaşadığın ölkədə tanıtdırmaq istəyirsənsə, bu mərasimi evin içində yox, çölündə eləməlisən.

Başqa sözlə desək, bizdən ötrü Avropada yaşamaq hələ avropalı olmaq demək deyil. Bəs kim olmaqdır?

Qafqaz dağlarının ətəklərində yaşayan, Avropa ilə Asiya arasında ortaq nöqtəni tutan Azərbaycan ölkəsi haradır, azərbaycanlılar kimdir, necə bir xalqdır, nələri var, nələri yox, dünyada hansı səviyyəni fəth ediblər, hansı ictimai-siyasi, kulturoloji sistemi qurublar? Yəni biz, xarici ölkələrdə kimliyimiz, mənsub olduğumuz xalq barədə məlumat verərkən fikirlərimizi, əsasən, bu suallar üzərində qurmalıyıq. Qədim tariximizdən, rəngarəng coğrafiyamızdan, xalqımızın etnik tərkibindən, milli adət-ənənələrindən tutmuş hazırkı ictimai-siyasi vəziyyətimizə qədər danışmalıyıq. Belə tanıtımlar təkcə təqvimin özəl günlərində keçirilən diaspor tədbirləri ilə məhdudlaşmamalı, davamlı olmalıdı. Yəni standart cümlələrdən ibarət yekə bir mətni zaldakı üç-beş nəfərə oxuyub əl çaldırmaqla tədbirləri baş tutmuş saymaq ayıblı bir şeydi.

Ermənilərin Xocalıda törətdiyi vəhşiliyi sivil dünyada tanıtmaq istəyirik. Ancaq təbliğatımızı effektli apara bilmirik. Avropadakı şəhərlərin bir-ikisinin mərkəzində əldə bir gün plakatlar, şəkillər tutmaqla yad ölkədə fikir yeritmək mümkün deyil. Əslində bu iş mövsümdən-mövsümə yox, il boyu aparılmalıdı. Ən çox yerli dili yaxşı bilən cavan nəslin nümayəndələrindən istifadə olunmalıdı. Xocalı faciəsini bilən yaşlı nəslin nümayəndələri orada təhsil alan övladlarına bu faciə haqda bilgilər verməli, həmin gənclər isə yerli əhaliyə öz dillərində rahatca bu tarixdən söz açmalıdı. Faciəni əhatə eləyən bukletlər, kitabçalar çap olunub paylanmalıdı. Yerli QHT-lərin dəstəyi ilə ictimaiyyətin müxtəlif kəsimində görüşlər keçirib faciəyə aydınlıq gətirilməli, əldə olan video görüntülər nümayiş edilməlidi.
Mühacirətdə yaşayan soydaşlarımız hər il sosial şəbəkələrdə Xocalı faciəsini nümayiş elətdirən şəkillər və videolar paylaşırlar. Yerli əhalinin əllərində qətlə yetirilmiş adamların şəklini tutan azərbaycanlılardan yan qaçmasını dəfələrlə görmüşük. Əlbəttə, hər şey təbliğatın formaca düzgün qurulmasından asılıdı. Məsələn, bir norveçli hələ yaxşı ayırd edə bilməyib, azərbaycanlı kimdi, erməni kim? Hadisə haralarda baş verib? Kim kimi qətlə yetirib? Bütün bunlar nə üçün törədilib?
Primitiv müqayisə olsa da boynumuza almalıyıq ki, ermənilər belə təbliğat-təşviqat işlərini həmişə bizdən yaxşı bacarıblar.

Onlar neyləyir?

İlk olaraq, hər bir erməni köçdüyü ölkənin dilini mükəmməl öyrənir, özəl təşkilat yaradıb həmin ölkənin ictimai-siyasi mühitinə girir, elit kampaniyalarda bulunur, xüsusən də KİV-lərə yol tapırlar.
“Yerli” ermənilər yeni gələnləri isti münasibətlə qarşılayır, onların ən adi məişət problemindən tutmuş, siyasi sorunlarınadək yardımlarını əsirgəmirlər.

Milyonerindən tutmuş fəhləsinədək hər bir erməni, şəxsi düşüncəsindən asılı olmayaraq, ictimai mənafe uğrunda birləşməyi bacarır.

Onlar təkcə sözdə yox, həm də əməldə birləşir.

Dünyanın istənilən yerində mütləq bir erməni təşkilatına rast gəlmək mümkündür, ideoloji xətt də dəyişməzdir: Ermənistanı dünyada tanıtmaq!

Əlbəttə, Azərbaycan diasporunun xaricdəki fəaliyyətini danmaq fikrində deyiləm. Həm də sözü gedən bu işlər təkcə dövlətimizin rəsmi nümayəndələrinin, səfirliklərin fəaliyyəti ilə məhdudlaşmamalıdı. Xarici ölkələrdə yaşayan hər bir həmvətənimiz, hər bir azərbaycanlı ailə bu ölkənin təmsilçisi sayılır.

İnsanın davranışına baxıb, onun milləti haqda qərar verirlər.


Müəllif: Murad Köhnəqala