24 May 2018 23:38
1 432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir əsr öncə Azərbaycan Milli Şurasını təmsil edən, fədakar 44 nəfər millət vəkili İstiqlal bəyannaməsini qəbul etdi, müstəqil dövlətin doğulmasını dünyaya çatdırdı. Müstəqilliyi yenicə elan olunan Azərbaycan Cümhuriyyətinə qarşı Tiflisdə erməni və gürcü ittifaqı Milli Şura üzvlərinin idarəsini, əzmini qıra bilmədilər.

Xəyallarında "Böyük Ermənistan" yaşadan "Daşnaksütyun"çular Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəyi vədini versələr də, Naxçıvanda, İrəvanda, Qarabağda çirkin niyyətlərinin icrasını dayandırmadılar. Gürcülər isə Azərbaycan Cümhuriyyətinin öz daxili asayişini, təhlükəsizliyini təmin etmək üçün müqavilə bağladığı Türkiyənin əsgəri yardımının qarşısını almağa çalışdılar. Batum limanından Azərbaycan ərazisinə Türkiyənin əsgəri qüvvəsinin önünü aldılar. Bir əsr öncə Milli Şuranın Azərbaycan xalqının qarşısında oynadığı rol, bir əsr sonra Milli Şura adından siyasi maraqları naminə istifadə edən qüvvələrin oyunları fonunda tarixi mahiyyətini itirdi. Rüstəm İbrahimbəyovun Milli Şura sədri vəzifəsinə adaptasiya olunması prosesinə bəzi xarici qüvvələrin maliyyəsi hesabına xeyli zəhmət çəkildi. R.İbrahimbəyov 1918-ci ilin çətin hərbi-siyasi dövründə taleyüklü tarixi qərarlar qəbul edən, Milli Şura sədri Məhəmməd Əmin Rəsulzadə ola bilməzdi və olma imkanları da yox idi. Çünki M.Ə.Rəsulzadənin istiqlal və dövlətçilik düşüncəsinin heç bir elementi ssenarist, kinorejissor Rüstəm İbrahimbəyovda yox idi. Bu fərqliliyi dilə gətirənlər Milli Şura adı ətrafına toplaşanların qınağına, bəzən isə söyüşünə məruz qalırdı. Həmin vaxt bu qoca kinorejissorun çəkdikləri bəzi kinoların, yazdığı ssenarilərin milli duyğulardan, dəyərlərdən, xalqın etnik, soy-kök tarixindən çox-çox uzaqlarda dayandığını əsas gətirənlər haqlıydı. Amma nə fayda, xalqı "bəşəri ideyalarla" silahlandırmaq fikrini müdafiə edənlər R.İbrahimbəyovun fəaliyyətini tənqid edənləri qaraguruh adlandırdılar.

Tək yaradıcılığında deyil, ictimai fəaliyyətində bütün mənalarda Rusiyanın layihəsi olduğunu sübut edən, milli xəyanətlər seriyasına hansı pislikləri əlavə edəcəyi bəlli olmayan R.İbrahimbəyov "Qafqaz triosu"nda sonu görünməyən növbəti xəyanətə imza atdı. Qafqazda məskunlaşan erməni, gürcü və azərbaycanlıların "triosu"nu yaradaraq ən böyük mədəni zərbəni öz xalqının köksünə tuşladı. Ermənilərin istəyinə cavab verən bu filmin ən əsas qayəsi azərbaycanlıların vəhşi obrazını yaratmaqdır. 1905-ci il, 1917-1918-ci illər, XX əsrin sonlarına yaxın tarixlərdə dünyaya azərbaycanlıları mədəniyyətdən kənar vəhşi kimi təqdim etmək "Daşnaksütyun"çuların əsas məqsədi idi. Zəngəzura, Qarabağa, Naxçıvana olan iddialarını məhz bu siyasətin arxasında dayanıb həyata keçirirdilər. Hürr dünyaya "vəhşilərlə" bir yerdə yaşamağın mümkünsüzlüyünü sübut etmək üçün əsası olmayan faktlar "istehsal edir", təbliğat aparırdılar. Öz xalqını vəhşi obrazında təqdim edən R.İbrahimbəyovun bəs ermənilərdən fərqi nədir? Heç bir fərqi yoxdur.

Hələ 2000-ci illərin sonlarında bu qoca ssenarist müsahibəsində öz tarixi yurd-yuvasına qayıtmaq istəyən Azərbaycan xalqını aşağılamaqla məşğul idi. Bakının ermənilər üçün darıxdığını deyib, keçmiş günlərin xiffətini çəkirdi. Hətta məlum müsahibəsində Azərbaycan xalqının "barbarlığın"dan söz açıb, təəssüfünü gizlədə bilmirdi. 2000-ci ildə səsləndirdiyi fikirləri bir az da inkişaf etdirib dramatikləşdirən və ssenariyə çevirən R.İbrahimbəyov 2015-ci ildə "Qafqaz üçlüyü"ndə hələlik son xəyanətinin də möhürünü vurdu. Bu filmdə zərrə qədər xalqına doğru addım atmayan R.İbrahimbəyov, bir az da uzaqlaşdı, aqressivləşdi və öz xalqından bax beləcə intiqam "aldı". Azərbaycan xalqını qəddar, vəhşi, riyakar, mədəniyyətsiz, milli köklərdən uzaq obrazda təsvir edərkən, erməniləri "sülhsevər", "vəhşilərin qurbanı", "mədəniyyət simvolu" kimi epitetlərlə bəzədi, bağışlanılmaz səhvə yol verdi, millət qarşısında günaha batdı. Rejissoru Eldar Şentelaya və Fuad İbrahimbəyov olan bu ssenarini ancaq R.İbrahimbəyov yaza bilərdi. Çünki onun bütün yaradıcılığının, keçib-gəldiyi yolun məntiqi bunu deyir, sübut edir.

Aydın məsələdir, doğulan körpə və milli şüuru yenicə mənimsəyən gənc öz millətinin sabahı, gələcəyidir. Baxın Azərbaycan xalqının gələcəyi olan uşaq və erməni uşağı filmin əvvəlində necə təqdim olunur? Azərbaycanlının qorxaq obrazı fonunda, "mərd", "güclü", "təmənnasız" və "geniş ürəkli" erməni uşağı təsvir edilirsə bu cür bədii təxayül məhsulunda xalqa təxribat izini necə görməmək olar? Azərbaycanda yaşayan erməni uşağı quyuya atılır və daşlanır. Yenə də, bu dəfə də daş?! Əkrəm Əylislinin də millətin tarixinə, mədəniyyətinə və bədii duyumuna zərbə olan əsərinin adında da bu Daş var. Əkrəm Əylislinin "Daş yuxuları"nın əsas xətti, ideyası R.İbrahimbəyovun "triosu"nda davam etdirilir və təkrarlanır.

"Vəhşi azərbaycanlılar" məhəbbətlə qələmə alınan "dinc ermənilərə" qan uddurur, onlara qarşı qəddar hərəkət edir, soyur, talayır... Ermənilərin "cəzalandırılması"nı coşqu, həvəslə izləyən azərbaycanlıların təsvirini görəsən R.İbrahimbəyov qələmə alanda Xocalı qətliamını göz önünə gətirdimi? İnanmaq olmur. İnanmaq olmur ki, R.İbrahimbəyov bununla sonuncu zərbəsini öz doğma xalqına vurmuş olsun. Filmdəki Daş bu qoca kinorejissorun əlində soyuq silah kimi qorunur və istənilən an yenidən xalqa qarşı tuşlanacaq. Ona görə gəlin bu daşlardan hamılıqla qorunaq.

Akif Aşırlı


Müəllif: Tofiq