27 May 2018 21:58
2 175
12 Punto 14 Punto 16 Punto 18 Punto

1917-ci il aprelin 15-dən 20-dək Bakıda "İsmailiyyə"binasında Qafqaz Müsəlmanlarının Birinci Qurultayı keçirildi. Qurultayda ilk dəfə Azərbaycana milli-ərazi muxtariyyatı verilməsi tələb edildi. Və Qafqaz qadınlarının vəziyyəti gündəmə gətirildi.

Həmin dövrdə mühafizəkar kəsim nə qədər güclü olsa belə cümhuriyyət fədailəri müstəqillik və qadın azadlığını dövrün prioritetinə çevirə bilmişdilər.

Qurultayda Məhəmməd Əmin Rəsulzadə müsəlman qadınının azad və bərabər hüquqlu olmasının müsəlman xalqlarının milli-azadlıq mübarizəsində ən mühüm məsələ olduğunu bəyan etdi.

Qurultayda qadınlar - Hənifə xanım Məlikova, Sara xanım Vəzirova, Sara xanım Talışınskaya, Pəri xanım Topşubaşova, Nabat xanım Nərimanova, Şəfiqə xanım Əfəndizadə - dövrün ən mütərəqqi qadınları iştirak edirdilər.

Qurultayın birinci icrasında Bakı Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Şəfiqə xanım Əfəndizadə milli geyimdə tribunaya qalxdı. İştirakçıların gurultulu alqışları "İsmailiyyə" binasını aşıb küçələrə yayıldı.

Bu, təsvirə gəlməz qədər həyəcanlı bir mənzərə idi...

Şəfiqə xanım qurultayı Azərbaycan qadınları adından salamladı. Qafqaz müsəlman qadınlarının acınacaqlı vəziyyəti haqda məruzə etdi. Çıxışını bu sözlərlə bitirdi: "Biz istəyirik, bu günə kimi müsəlman qadınının qollarını və azad düşüncəsini buxovlamış zəncirlər qırılsın".

Qurultay iştirakçıları niqin sonunda Şəfiqə xanımı bir daha alqışlara qərq edərək şüarlar səsləndirdilər: "Yaşasın qadın azadlığı! Hürriyəti nisan!"

Şəfiqə xanımın ardınca tribunaya Tiflisin müsəlman qadınları adından Sara xanım Talışınskaya çıxdı. Sara xanım çıxışında qeyd etdi ki, qadın azadlığı olmadan xalqın azadlığı mümkün deyil.

Sara xanımın fikirləri də salonda böyük coşqu yaratdı.

1917-ci il Qafqaz Müsəlmanlarının Birinci Qurultayındakı qadın iştirakı və təşəbbüsü Azərbaycan qadınlarının Cümhuriyyət quruculuğunda fədakar iştirakçılığının mühüm səhifələrindən birdir.

Bu çıxışlar və təşəbbüslər asan deyildi. Böyük fədakarlığın və cəsarətin nümunəsi idi. Çünkü cəmiyyət hələ də qadın sözünü eşitməyə alışıQ deyildi. Təşəbbüslər cəzasız qalmırdı.

Xanımların bu çıxışından sonra qadın məsələsi ciddi müzakirə edilməyə başladı. Bu müzakirələr bəzi fraksiyaları əsəbləşdirdi. Keçmiş Bakı gazisi Ağa Məhəmməd Kərim söz alıb tribunaya qalxdı. Qadınları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi.

Ara qarışdı. Hər ağızdan bir səs gəldi. Tərəflər bir-birini ittiham etməyə, bir-birini hədələməyə başladı. Yerlərdən tribunaya "rədd ol" hayqırtıları atıldı.

Təşkilatçılar çox çətinliklə aranı sakitləşdirə bildilər və xanımları ön qapıda zorakılıqla üzləşməsinlər deyə arxa qapıdan gizlincə yola saldılar.

Şəfiqə xanım fars, rus, ərəb dillərini, klasik ədəbiyyatı mükəmməl bilirdi. Avropa mədəniyyəti ilə yaxından tanış idi. Bir müddət, eləcə də 1918-ci il mart qırğınlarında Bakını tərk edərək, İstanbulda yaşamış, soyqırım həqiqətlərini dünyaya yaymış fədakar ictimaiyyətçi idi. Ali təhsil almamış bu qadın yüksək bilik səviyyəsi, məlumatlılığı, səlis, aydın, savadlı nitqi ilə hamını hayran edirdi.

O, 1919-cu ildən etibarən Cümhuriyyət parlamentinin bütün işlərində iştirak etmiş, iclasların gedişatını stenoqramçı kimi qələmə almışdı.

Şəfiqə xanım Əfəndizadə bütün Zaqafkqziyada ilk Azərbaycan dili müəlliməsi, ilk qadın jurnalisti və publisisti olmuş, bütün ömrünü qadınların maariflənməsinə və ictimai iştirakçılığına həsr etmişdi.

O, Cümhuriyyətin ən parlaq qadın xadımlarindən biri və bəlkə də birincisidir.


Müəllif: Mehriban Vəzir