Bir müddət öncə bir qrup şəxs tərəfindən təsis edilən “Media klub”un hədəfi nədir? Azərbaycan mediasını “xilas etmək üçün” yaradıldığı bildirən bu “dağdanağır” missiyalı klubun yalnız müzakirələr keçirməkdən ibarət olan fəaliyyəti nəyə yönəlib? “Media böhran içindədir, nöqtə” - deyə hayqırmaqda məqsəd nədir?
Hər şey də elə bu suallardan başlayır: hədəf hara istiqamətlənib və onlar nəyə nail olmaq istəyir?
Bu gün ölkədə xarici media orqanlarına informasiya ixrac edən agentliklər mövcuddur. Azərbaycan, rus və ingilis dillərində yayımlanan media orqanları hər saat, hər dəqiqə ölkədə və dünyada baş verən hadisələri işıqlandırır, prosesləri analiz edir, informasiyanın vaxtında və dəqiq çatdırılması istiqamətində çalışır. Medianın bütün bu fəaliyyətində ana xətt informasiya müharibəsində mövqelərimizin qorunması, ölkəmiz haqda ilkin mənbədən obyektiv informasiyanın yayılması və əlbəttə ki, milli məsələlərdə maraqlarımızı ifadə etməkdir.
“Media klubu”nun iddialarından belə çıxır ki, Azərbaycan mediası məhz dövlətçilik maraqlarını müdafiə etdiyi üçün böhran vəziyyətinə düşüb. Söhbət hansı böhrandan gedir? Dövlətin maraqlarını müdafiə etmək jurnalistika prinsiplərinə ziddirmi?
Dövlət və medianın qarşılıqlı maraqları
Dövlət medianın inkişaf etməsində və beynəlxalq informasiya bazarına çıxışında maraqlıdır. Dünyanın qaydasız müharibə meydanına çevrilən informasiya savaşında güclü dövlətlər öz güclü media qurumları ilə qalib gəlirlər. Beynəlxalq ictimai rəyin formalaşması ilk olaraq güclü media qurumlarının fəaliyyətindən keçir və dövlətlər bu amildən maksimum istifadə edirlər. Məsələn, ABŞ-ın İraqa hərbi müdaxiləsindən öncə Səddam Hüseynin kimyəvi silaha malik olması barədə mətbuatının yaratdığı rəy, 15 ildir heç yerdə bu silahların tapılmamasına rəğmən, hələ də bir çoxlarının təsəvvüründə yaşamaqdadır. Və yaxud, Bəşər Əsəd heç kəsi inandıra bilmir ki, o öz vətəndaşlarına kimyəvi silah tətbiq etməyib.
Bu baxımdan bəzən media güclü dövlətin ən böyük, qarşısıalınmaz silahına çevrilir. Bütün bunlar isə iddialı, ən azı regional səviyyədə maraqları olan dövlətlərdə media siyasətini formalaşdırır.
Aydın olması üçün daha bir mənzərə:
ABŞ-Rusiya siyasi-iqtisadi savaşında öncül yerlərdən birini də media tutur. Dünya ağalığına iddia edən Rusiya 2005-ci ildən başlayaraq, beynəlxalq ictimai fikrə təsir etmək imkanlarına malik media qurumlarının yaradılması və inkişafı istiqamətində ciddi addımlar atıb. Birbaşa büdcədən maliyyələşən bu qurumların təbliğatının qarşısını almaq üçünsə bir çox ölkə onun yayımını qadağan etmək məcburiyyətində qaldılar.
Ölkənin milli maraqlarının təbliği üçün Rusiya dövlət büdcəsindən ayrılan və hesabı verilməyən “gizli məbləğin” həcmi 15 faizə yaxındır ki, bunun hansı hissəsinin sözügedən təbliğat vasitələrinin saxlanılmasına xərcləndiyi bilinməsə də, onların büdcəsinin illik yüzmilyonlarla ölçüldüyü mübahisəsizdir.
Həqiqətini yaymaq, beynəlxalq ictimai fikrə təsir etmək və yaxud bu informasiya məkanına öz məhsullarını daxil etmək üçün dövlətlər ən ağır silahlar qədər bu sahəyə vəsait ayırırlar.
Azərbaycan da müharibə şəraitində yaşayan, torpağının 20 faizi işğal olunmuş, eyni zamanda, iqtisadi savaşda olan ölkələrin qonşusudur. ABŞ və Avropanın sanksiya tətbiq etdiyi Rusiya və İran Azərbaycanla birbaşa sərhəddədir. Üstəlik, Cənubi Qafqazın ən güclü dövləti kimi böyük transmilli layihələr həyata keçirən Bakının iqtisadi imkanları dövləti iddialarına da müsbət mənada təsir göstərir.
Növbəti amil: kiçik dövlətlərdə media qurumlarının qrantlardan asılı olması ciddi narahatlıq yaradır və bir çox hallarda dövlətin maraqları ölkənin daxilində xarici qüvvələrin informasiya blokadasında can verir. Buna görə də iqtisadi baxımdan müəyyən müstəqillik əldə edən kiçik dövlətlər belə siyasi baxımdan müstəqilləşmə yolunda addımlarının ilki kimi QHT-ləri və media strukturunu xarici donorların inhisarından almağa çalışırlar.
Azərbaycan da buna əhəmiyyətli dərəcədə nail olub və artıq “Sorosun uşaqları” ölkəmizdə yoxdur və yaxud gözəgörünməz səviyyədədir.
Bunun əsas səbəbi də Azərbaycan mediasının ünlü isimlərinin və peşəkarların dövlətin milli media siyasətində aktiv rol almaları və düşünərək dövlət maraqlarının müdafiəsini təşkil etmələridir.
Beləliklə, Azərbaycanda dövlət və medianın qarşılıqlı fəaliyyət göstərməsi artıq təbii, həm də milli prosesə çevrilib. Bu prosesdən kimlər kənarda qalıb?
Əslində, “Media klubu”nun fəaliyyətinə bu yöndən baxmaq lazımdır. Ümumi prosesin içində bu və ya digər, həmçinin karyeralarındakı “ziqzaqlar” səbəbdən olmayan şəxslərin əcnəbi donorların diqqətini çəkmək (və yaxud diktəsini həyata keçirmək) üçün hər hansı “alternativlər” yaratması anlaşılandır. Hətta ümumi media mənzərəsində imkanlar və tərəfdarlar, həmçinin auditoriya baxımından 0,1 faizi əhatə etməyən şəxslərin xarici qrant iddiasına normal da yanaşmaq olar və bəlkə də alternativ fikir və yaxud mövcud strukturların fəaliyyətini daha aktiv saxlamaq üçün buna dəstək də vermək pis olmazdı. Sadəcə, xarici qranta iddia edənlər gərək “alternativ informasiya”nı milli maraqlara və dövlətçiliyə zidd manipulyasiyaya çevirməyələr.
Təəssüf ki, ilkin açıqlamalar heç də arzulanan mənzərədən xəbər vermir.
Azad media anlayışı
Güclü dövlətlərin əsas informasiya silahlarından biri olan “azad media” anlayışını nə yazıq ki, sözügedən çevrə əvvəlki populizm və pafosla istismar etmək niyyətindədir.
Artıq heç kəsə sirr deyil ki, Qərbin “azad media” anlayışı nə deməkdir. “Amerikanın səsi” və yaxud “Azadlıq” radiosunda işləyən həmkarlarımıza çox yaxşı bəllidir ki, orda ABŞ-ın və onun strateji tərəfdaşlarının ünvanına və ya dövlət maraqlarının əleyhinə bir cümlə işlətmək qəti qadağandır. Həmin şəxsin süjeti nəinki efirə verilməz, hətta dərhal işdən qovula bilər.
Ancaq bu media qurumları yayıldıqları ölkənin milli maraqlarına zidd istənilən informasiyanı “azad media olduqları üçün” yayma hüququnu özündə saxlayırlar.
Azərbaycan mediası artıq 90-cı illərdən daha çox inkişaf edib, dünya mediası ilə mətbəx baxımından daha ciddi təmasları var və azad medianın sərhədlərini də, ondan sui-istifadə imkanlarını da çox gözəl bilir. İndi “azad media” anlayışı ilə dövlətin maraqlarını satmaq arasındakı sərhədi daha iti müşahidə ilə görmək imkanındadır.
“Media klubu” üzvləri bunu bilmirlərmi?
Ad çəkmədən, bir əlin barmaqlarından az olan sayına və tərkibinə baxmaqla onların bunu çox gözəl anladıqlarını təxmin etmək mümkündür. Hər biri uzun illərin “qrantovşikidir”, prosesi də çox gözəl bilirlər.
Ancaq yenə də 90-cı illər təfəkkürü ilə o qrantlara sahiblənməyə çalışırlar. Qrantını almağa çalışdıqları dövlət və ya qurumların Liviyada, Suriyada, İraqdakı addımlarının, Yaxın Şərq və Türkiyə siyasətinin mahiyyətini anlaya-anlaya; onlara veriləcək qrantın müqabilində dövlətə təzyiq üçün istifadə ediləcək informasiyalar alınmasına cəhd göstəriləcəyini yaxşıca dərk edərək; bu iddiaların cəmiyyət içində onların peşəkar fəaliyyətinə müsbət heç bir qatqı verməyəcəyini, əksinə, olan-olmaz tirajlarını da itirəcəklərini bilə-bilə yenə də eyni “dəyişməz yolla” gedirlər.
İctimai rəy sözünü deyir
“Azad söz” istəyənlərin vaxtilə güclü maliyyəyə dayanan çap mediaları da olub, onlayn mediaları da var. Həm də “azad sözü yaşadan” nadir istedadlardır. Bəs, niyə heç bir auditoriya və tirajları yoxdur? Niyə Azərbaycanda ən böyük tirajlar “azad saymadıqları” media qurumlarındadır?
Heç özlərinə bu sualı verdilərmi?
Niyə 90-cı il təfəkküründən ayıla bilmirlər? Niyə bu insanlar toparlanar-toparlanmaz ilk işləri “Amerikanın səsi”nə çıxıb, “mətbuatın böhranının günahkarını” göstərmək oldu.
Hədəf aydındır: Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi və Prezidentin köməkçisi Əli Həsənov.
Niyə Əli Həsənov? Çünki Azərbaycanda dövlət-media tandemini dağıtmaq üçün Əli Həsənovu sıradan çıxarmaq lazımdır. Çünki medianın xarici qrant asılılığından xilas olmasında və dünyanın informasiya müharibəsində dövlət maraqlarını müdafiə etməsində məhz Əli Həsənov faktoru böyük rol oynayıb.
Onlar Əli Həsənovu sıradan çıxararaq, iki hədəfə nail olmaq istəyirlər: Birinci, Azərbaycan mediası ilə Azərbaycan dövlətini üz-üzə qoymaq.
İkinci, Azərbaycan mediasını yenidən əvvəlki kimi xarici qrantlara möhtac etmək və bu qrantların “şir payını” mənimsəmək.
Misal üçün, 2014-cü ildə, xarici qrantların mediada pay sahibi olduğu dövrlərdə USAİD Azərbaycanda “müstəqil medianın inkişafı üçün” 2,4 milyon dollar həcmində qrant ayırmışdı və maraqlıdır ki, həmin müsabiqəni gizli, Azərbaycan cəmiyyətini, media quruluşlarını məlumatlandırmadan keçirirdi. Son nəticədə məlum oldu ki, təşkilat qrantı İREX-ə ötürmək üçün ayırıb. İREX-i isə Mehman Əliyev kurasiya edir. Məhz həmin qalmaqaldan sonra dövlət ölkəyə xarici qrantların girişini sərtləşdirdi.
İstiqamət “yalnız və yalnız qrant”, “nə yolla olursa-olsun qrant” olanda xarici sifarişlərin əsirliyindən xilas olmaq mümkünsüz görünür və nə təəssüf ki, 20 ildən çoxdur “qrantların girovları” hədəfləri dəyişmək, fərqli baxış və mövqe ortaya qoymaq istəmirlər.
Və yaxud qoya bilmirlər, iradələri xaricindədir...
Ona görə də “qura-qura” deyil, özlərini “qıra-qıra” gedirlər və nəticə etibarilə sıraları seyrəlir, səsləri eşidilməz olur.