21 İyun 2018 12:00
7 655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz onun adını ilk dəfə nə zaman eşitdiyimizi belə unutmuşuq. Amma yenə də onun qəribə həyatı, fırtınalı ömrü haqqında bilmədiklərimiz o qədər çoxdur ki...

İllər keçib, əfsanələr həqiqətə, rəvayətlər reallığa qarışıb.
Bununla belə tarixin səhifələrində bizim üçün çox sirli bir Mirzə qalıb.
Bu haqda romanlar yazıla, filmlər çəkilə bilər.
Sənətkarın taleyi və bir insan kimi faciələri də son dərəcə mürəkkəb və dramatikdir.
Bu gün isə böyük sənətkarın diqqətdən kənarda qalan əhvalatlarını yazacağam.
Və söz yox ki, hər bir hadisə, hər bir fakt və hər bir əhvalat böyük ədibin xarakterinin, şəxsiyyətinin və həyatının bir ştrixinə işıq salacaqdır.

“Ağlım kəsmir”
Mirzə Cəlilin Məmmədtağı Sidqiyə yazdığı məktubundan:
Məhəmmədhəsən əminin eşşəyini istəyirəm yazıb, göndərəm, senzor izin versin, İrəvanda çap etdirəm. Hərçənd ağlım kəsmir ki, camaat oxusun.

1901. 27 yanvar.

Kimdir, dəli?

Ailəsi onu Qoriya oxumağa göndərmək istəmir. Bundan əsəbləşən Cəlil əlinə ağac alaraq evdəki bütün qab-qacağı sındırır. Ata-anası onun dəli olacağından qorxaraq, getməyinə icazə verirlər.

İki alırdı

Qoridə oxuduğu illərdə Mirzə Cəlil Azərbaycan dilindən və yazıdan “2”, şifahi nitqdən isə 5 qiyməti alırdı.

Natəvanla görüş

Mirzə Qoridən məzun olduqdan sonra sinif yoldaşı İsmayıl bəy Şəfibəyovun dəvəti ilə Şuşaya getmiş və burda Xurşudbanu Natəvanla görüşmüşdür.

Maaşı

Naxçıvanda, Uluxanlı kəndində müəllim işləyən Mirzə Cəlilin illik maaşı 400 manat idi. O əlavə olaraq illik 120 manat kirayə pulu da alırdı.

İlk əsəri

İlk əsəri “Çay dəstgahı”nı Cəlil Məmmədquluzadə Baş Noreşən kəndində müəllim işlədiyi dövrdə yazmışdı. 1889-cu ildə...

“Ölülər”in gerçəkliyi

Ölü dirildən dərvişlər Seyid Heydər və Seyid Mirzəcan İranın Qaradağ mahalından Cəbrayılın Hörovlu kəndinə gəlmişdilər. 1890-cı illərin əvvəllərində baş vermiş bu hadisə Cəlil Məmmədquluzadəyə ilham qaynağı olmuşdu.

Danabaş

Cəlil Məmmədquluzadə 1894-cü ildə “Danabaş kəndinin əhvalatları” əsərini yazıb bitirir və əsərin yazıldığı yeri “Danabaş kəndi” kimi qeyd edir.

Teatr həvəsi

1894-cü ildə Nehrəm kəndində müəllim işləyən Cəlil Məmmədquluzadə İrəvan xalq maarif müfəttişliyindən icazə alaraq “Molla İbrahimxəlil kimyagər” komediyasını tamaşaya qoydurur.

Pristav köməkçisi

Müəllimlikdən istefa verən Cəlil Məmmədquluzadə İrəvanda polis idarəsində, daha sonra isə Naxçıvan şəhər pristavının köməkçisi vəzifəsində çalışmışdır. Lakin tez bir müddət sonra istefa verərək vəkillik imtahanına hazırlaşmağa başlamışdır.

Plov bişirmədik

Cəlil Məmmədquluzadə atası Məmmədqulu kişi oğluna məktub yazaraq bayramda plov bişirmədiklərini və gəlinlərinə (Mirzə Cəlilin həyat yoldaşı Nazlı xanıma) yas tutduqlarını bildirir. Atası Cəlil Məmmədquluzadəyə bacısı Səkinənin də yas tutmasını tapşırır. Həmin ilin, yəni 1904-cü ilin dekabrında Mirzə Cəlilin atası və anası da vəfat edir.

Novruz

Mirzə Cəlil 1905-ci ilin iyununda Qafqaz canişinliyinə müraciət edərək “Novruz” adında qəzet buraxmaq üçün icazə istəyir. Avqust ayında canişinlikdən xəbər gəlir. Qəzetin çapı üçün icazə verilmir.

Molla Nəsrəddin

Jurnal üçün günlərlə ad fikirləşən Cəlil Məmmədquluzadə bir gün küçədə gəzərkən ağlına “Molla Nəsrəddin” adı gəlir. Ad işi düzəldikdən sonra ciddi şəkildə işə başlayır və çap üçün icazə ala bilir.

Dost itkisi

Mirzə Cəlilin yaxın dostu, qaynı və bacısının əri Məmmədqulu bəy Şaxtaxtinski ilə birgə Batumidə, paraxoda minərkən öldürülmüşdü. Batumidən dostunun cənazəsini Tiflisə gətirən Mirzə Cəlil onun bacısının yanında dəfn edir.

Fəhlə kimi...

Fəhlələr ağır əməkdən yorulduqlarına görə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsini Mirzə Cəlillə Ömər Faiq sabaha qədər işləyərək çap etmişdi. İlk nömrə min tirajda buraxılmışdı.

Təəccüblü qütblər

Nəriman Nərimanov “Molla Nəsrəddin” jurnalını ilk nömrələrindən tənqid etmişdi. Jurnala dayaq duran isə Əhməd bəy Ağaoğlu idi. Üzeyir bəy də “İrşad” qəzetində jurnala dəstək verirdi. Jurnalın ikinci nömrəsi qırmızı rəngdə olduğuna görə (bu rəng kommunistlərin rəngi idi) müsadirə edildikdə isə Nərimanov jurnala dəstək verən məqalə yazdı.

Qiymətindən baha

Jurnalın qiyməti 12 qəpik olsa da, marağın çoxluğundan istifadə edənlər onu 15 qəpiyə satırdılar. “İrşad” qəzeti bu haqda elan verərək insanları aldanmamağa çağırırdı.

Pulsuz

Redaksiya maddi sıxıntılar çəksə də, kütləvi qiraətxanalara jurnalı pulsuz göndərirdi. “İrşad” qəzetində Gəncə şəhərindən olan bir oxucu buna görə qəzetə təşəkkür məktubu yollamışdı.

Axundun şikayəti

Axund Əbutürab məsciddə təşkil olunmuş yığıncaqda belə bir çıxış etmişdi: “Müsəlmanlar “Molla Nəsrəddin”i bir abbasıya alıb oxuyurlar, amma “Həyat” qəzetinə üç qəpik vermək istəmirlər. “Həyat” qəzetinin naşiri Əlimərdan bəy Topçubaşov, baş redaktoru isə əvvəlcə Əli bəy Hüseynzadə, sonra isə Əhməd bəy Ağaoğlu olmuşdu. Mirzə Cəlil onların hər ikisini bu qəzetdə çap edilən məqalələrinə görə “şəriət vaizi” (molla-Q.T.) adlandırmışdı.

Tut arağı

Mirzə Cəlil bir dəfə qardaşı Ələkbərin həbs olunduğunu eşitdikdən sonra möhkəm xəstələnərək yatağa düşür. Qardaşı Səttərxanın yaxınlarından idi, İranda həbs olunmuş və Çar Rusiyasına təhvil verilmişdi. Onu Sibir sürgünü gözləyirdi. Nəsə... Mövzumuz bu deyil. Mirzə Cəlili bu günlərdə Usta Qriqor sağaldır. O erməni kəndinə gedərək tut arağı gətirir. Mirzəni möhkəm masaj edərək sağaldır. Sual olunur: Nə olsun? Yadımıza salaq. Yusif Səmədoğlunun “Qətl günü”ndəki Qriqor...

“Çox vurmuşdular. Hökumət arağından yox, uşaqlardan birini maşınla Qriqor ermənigilə göndərib ondan üç-dörd butulka tut arağı aldırmışdılar”.

Ya da başqa yerdə:

-Neynirsən orda, ay Temir?
- Sənə nə!
- Boy! Hancarı sənə nə? Xəstə yanına gedirəm, ayə, kefə getmirəm.
Temir geri dönmədi:
- Bilirəm. - dedi. - Kefə getmirsən. Kefdən gəlirsən.
- Hardan bilirsən?
- Ölmüşdü Temir, Qriqor erməninin tut arağının iyini almaya! - O, razı-razı güldü.

Bəli, Yusifin prozasına Mirzə Cəlilin təsiri danılmazdı. Bu, tut arağı da ordan gəlirdi? Qəribə məsələdir.

P.S. Yazının hazırlanmasında Qulam Məmmədlinin Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin salnaməsi) kitabından istifadə edilmişdir.

Ardı olacaq


Müəllif: Qan Turalı