28 İyun 2018 17:47
5 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz onun adını ilk dəfə nə zaman eşitdiyimizi belə unutmuşuq.

Amma yenə də onun qəribə həyatı, fırtınalı ömrü haqqında bilmədiklərimiz o qədər çoxdur ki...

İllər keçib, əfsanələr həqiqətə, rəvayətlər reallığa qarışıb.

Bununla belə tarixin səhifələrində bizim üçün çox sirli bir Mirzə qalıb.

Bu haqda romanlar yazıla, filmlər çəkilə bilər.

Sənətkarın taleyi və bir insan kimi faciələri də son dərəcə mürəkkəb və dramatikdir.

Bu gün isə böyük sənətkarın diqqətdən kənarda qalan əhvalatlarını yazacağam.

Və söz yox ki, hər bir hadisə, hər bir fakt və hər bir əhvalat böyük ədibin xarakterinin, şəxsiyyətinin və həyatının bir ştrixinə işıq salacaqdır.

Evlilik təklifi

Həmidə xanıma Mirzə Cəlil ilk evlilik təklifini 1906-cı ilin oktyabrında etmişdi. Lakin Həmidə xanım atasının təsərrüfatını nəzarətsiz qoymaq istəmədiyi üçün bu təklifi qəbul etməmişdi.

Xatabala

Tiflisdə erməni karikatura jurnalı bir karikatura çap edir. Karikaturada ruhanilərin hücumuna məruz qalan Molla Nəsrəddin göstərilir. Mollanı isə hücumlardan bir qadın mətanətlə qoruyur. Karikatura “Molla Nəsrəddin” jurnalının mahiyyətini və qadın hüquqları sahəsində gördüyü misilsiz işləri təsvir edirdi.

Məqalənin gücü

Həmidə xanım nikaha razılıq verməsə də, bir müddət sonra Cəlil Məmmədquluzadənin “Erməni və müsəlman övrətləri” məqaləsini oxuyur. Bu məqalə Həmidə xanıma dərin təsir göstərir və onun fikrini dəyişir: “Mirzə Cəlilə həyat yoldaşı olmağa razılıq verdim”.

Siyasətdən qorxmaq

“Molla Nəsrəddin” jurnalı hərbi vəziyyət dövründə bağlanır. Mirzə hökumətə yazdığı məktubda jurnalın müsəlmanlar arasında cəhalət və mövhumatı tənqid etməkdən başqa heç bir siyasi məsələ ilə məşğul olmadığını bildirir. Ümumilikdə, Mirzə haqlı idi. Jurnal siyasi məsələlərlə heç zaman məşçğul olmurdu. Redaktor “Xatiratım”da eynən belə yazmışdı: “Biz siyasətin “S” hərfindən belə qorxurduq”.

Ordubadinin atası

Mirzə Cəlillə Həmidə xanım evlənəndə nikahları Quzanlıda kəsilir. Toy gecəsi Cəlil Həmidə xanımın xahişi ilə Hacıağa Fəqirin “Çul” şeirini qonaqların qarşısında oxumuşdu. Hacıağa Fəqir Məmməd Səid Ordubadinin atası idi.

Həcvə tuş gələnlər

“Molla Nəsrəddin” jurnalın istər hökumət dairələri, istərsə də ruhanilər tərəfindən tez-tez hücumlara məruz qalırdı. Jurnalda çap edilmiş çarşab əleyhinə və Hacı Zeynalabdin Tağıyevin general paltarındakı şəkli hücumları çox artırmışdı. Hətta Dərbənd şairlərindən Mirzə Səməndər Mirzə Cəlil əleyhinə təhqiramiz həvc yazmışdı. Bakı milyonçuları bu həcvi hər yerdə həvəslə söyləyirdilər.

(Abdulla Şaiqin xatirələrindən)

“Brauninq” gəzdirən yazıçı

Bakıdan Mirzə Cəlili öldürmək üçün adam göndərdilər. Lakin Mirzənin Bakıdakı dostları bundna xəbər tutaraq yazıçıya xəbər verdilər. O günlərdə Tiflisdə polis bir nəfər şübhəlini həbs etdi. Onun üstündən üç tapança çıxdı. Muzdlu qatil də o idi. O gündən sonra Mirzə Cəlil “Brauninq” markalı tapança aldı və həmişə üstündə gəzdirirdi.

Hər cür zorakılıq

“Molla Nəsrəddin” jurnalının Təbriz nümayəndəsi İsgəndər xan Qəffari Təbrizdə, məscidin həyətində mollalar tərəfindən döyülmüşdü.

Qramafon reklamı

İran və Türkiyə haqqında verilən tənqidi materiallar jurnalın bu ölkələrə girişində problemlər yaratmış və tiraj aşağı düşmüşdü. Əlacsız qalan Mirzə Cəlil jurnalda qramafon reklamı çap etdirmişdi.

Nizaminin qəbri

“Molla Nəsrəddin” jurnalı Nizami Gəncəvinin qəbrinin üstündə qoyun otarıldığı haqda məqalə çap edir. Bundan sonra gəncəlilər qəbri bərpa etməyə başlayırlar.

Zindan

“Molla Nəsrəddin” jurnalında belə bir şəkil çap edilir: Pəncərəsi küçəyə baxan bir həbsxana. Bayırda keşikçi var-gəl edir. Həbsxananın yaxınlığındakı müsəlman evin görünür. Evin ancaq qapısı var. Çadralı iki qadın evdə söhbət edir. Biri o birisinə deyir ki, bacım, onlar nə qədər xoşbəxtdirlər ki, pəncərəsiz evləri var.

“Ölülər”ə icazə

Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə senzura rəsmi şəkildə icazə verir.

Şeyx Əhməd qadın olacaqmış...

“Ölülər haqqında Hüseyn Minasazovun məqaləsi çap edilir. Məqalədə maraqlı bir fakt da var. Mirzə Cəlil ilk variantda ölü dirildənlərin birinin qadın olduğunu qeyd etmişdi. Lakin sonra Şeyx Əhməd adı ilə kişi cinsinə çevirmişdi.

Kefli İsgəndər kim idi?

Həmidə xanım Kefli İsgəndər obrazının prototipinin atası Əhməd bəyin qohumu İsgəndər Həsən oğlu olduğunu güman edir. Bu şəxs özü çaxır çəkir və daima sərxoş gəzirdi. Pyesdə də İsgəndərin atasının adı Həsəndir.

Sabirin Mirzəni söydürməsi

Sabir Tiflisə müalicəyə gəlir. Mirzə Cəlil bu vaxt Tiflisdə olmasa da, jurnal əməkdaşlarına Sabiri hörmətlə qarşılamağı tapşırır. Mirzə jurnalı Məmmədəli Sidqiyə tapşırmışdı və xüsusilə vurğulamışdı ki, jurnalda Haşım bəy Vəzirov əleyhinə heç bir material getməsin. Mirzə eynilə belə demişdi: “O çox hərzədir, sizə pis cavab verə bilər”.

Sidqi Sabiri Tiflisdə tamaşaya qoyulan “Otello”ya aparır. Pyesi Azərbaycan dilinə Haşım bəy Vəzirov tərcümə etmişdi. Tərcümə çox pis səviyyədə idi. Elə tamaşa zalındaca Sabir bədahətən belə bir şeir dedi:

Öylə bir tərcümə kim, ruhi-Şekspir görcək

Ağladı ruhi-Otelloyla bərabər özünə

Ah, mütərcim! - deyə bir odlu tüfürcək atdı,

Şübhəsiz, düşdü o da tərcüməkarın gözünə...

Sidqi Mirzə Cəlilin tapşırığına baxmayaraq, şeiri çap etdi. İki gün sonra isə “Səda” qəzetində Haşım bəy Vəzirovun təhqirlərlə dolu məqaləsi çap edildi. Məqalənin əsas hədəfi isə əlbəttə ki, məsələdən tamamilə xəbərsiz olan Mirzə Cəlil idi.

P.S. Yazının hazırlanmasında Qulam Məmmədlinin Molla Nəsrəddin (Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətinin salnaməsi) kitabından istifadə edilmişdir.


Müəllif: Qan Turalı