Yumor hissini itirməyin, insanlar...
Əzizim Cəlil ! Heç vaxt insan səbəbsiz, bilərəkdən, şüurlu şəkildə nə özünün, nə də özgələrin qanını qaraltmaz. Bunu hamı bilir. Sən də, sənə indi dəstək olanlar da, səni qınayanlar da. Amma həyatdı də, istədiyi vaxt bizimlə istədiyi zarafatı edir. Zarafatını edir, qanımızı qaraldır, gülür bizə. Lap komediya filmlərindəki kimi. Kimsə yıxılır, başı harasa dəyir, ağlayır, bizsə gülürük. Ekrandakı oyundu, əlbəttə. Amma onu seyr edən bizlər həyatıq. Həmin oyunu quran, baxan, gülən həyat.
Ömrümüzdə baş verən hadisələri saf-çürük edəndə, diqqətlə baxanda, dinləyəndə, arxasından güclə seziləcək də olsa, bir gülüş eşidirik. Bu həyatın gülüşüdü. Öz qurduğu oyuna baxıb zövq alan həyatın.
Demək ki, həyatın yumor hissi güclüdür və ondan imtina etmək fikri yoxdu. Onda bəs biz? Biz niyə öz yumor hissimizdən imtina etməliyik? Bizim niyə yumor hissimiz olmamalıdı. Bəlkə biz hərəmiz öz həyatımıza qaşı yumor hissimizi sipər etməliyik.
Yumor hissi
Yumor hissi insana verilən ən mükəmməl keyfiyyətlərdən biridir. Bu imkandan anında yararlanmaqla qan yatırmaq, düşmənçiliyə son qoymaq, hətta müharibə başlanmasının qarşısını almaq olur və olub...
Əzizim Cəlil! Sadaladıqlarımla müqayisədə sənin hadisən elə də faciəvi deyil. "Bir yumorluq canı yoxdu" yəni. Məncə indi sən öz hərəkətinə də, bu hərəkətinə reaksiyalara da yumorla yanaşmağa çalış (buna səninlə bərabər hamımızın ehtiyacı var indi). Bacarsan (bacaracaqsan), tezliklə özün də, yaraladıqların da sağalacaqlar.
Və həyat bu dəfə daha maraqlı, daha rəvan olacaq. Təkcə ona görə yox ki, sən ölümdən döndün və həyatın dəyərini bildin. Həm də ona görə ki, həyat öz pərakəndə zarafatlarına qarşı, birinin daha üsyan yox, zarafat qoyulduğunu görüb mülayimləşəcək...
Bu mülayimlik sənə, sənin yaxınlarına, sənin ətrafındakılara da pozitiv təsir edəcək. Sonra da vaxtın olanda zəng elə, çağır, hara desən gəlim, oturaq gecə yarıyadək pivə içib dərdləşək. İstəsən lap sabahadək. Zarafat da edərik. Lap köhnə və əziz zamanlardakı kimi. Axı Tanrı bizi nədən məhrum etsə də, əsas hisslərdən məhrum etməyib. Yadındadı də....
P.S. Və bir daha itmə.
UNUTMA! İnsan onu sevənlərin, ona dəyər verənlərin arasında daha güvəndə olur.
İlqar Rəsul