10 İyul 2018 11:16
7 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Axundov adına milli kitabxanada Azərbaycanın sabiq baş naziri Pənah Hüseynlə rastlaşdım. Masasında “Yeni Müsavat” qəzeti başda olmaqla xeyli mətbu orqanının köhnə sayları vardı.

Düzü, mütəmadi olaraq bu kitabxananın mətbuat zalında olsam da, tanınmış simalardan kiməsə indiyədək rast gəlməmişdim.

Bu baxımdan diqqətimi çəkdi, keçmiş baş nazirin bu qəzetləri niyə oxuması ilə maraqlandım.

Özümü təqdim edib, açıqlama istədiyimi bildirdim və razılaşdı.

Aramızda belə dialoq baş tutdu:

  • Pənah bəy, bir oxucu və jurnalist kimi mənə maraqlıdır. Keçmiş baş nazir milli kitabxanada nə oxuyur, nə axtarır?
  • Mən bu kitabxanada, mətbuat zalında tez-tez oluram. Hazırda “Yeni Müsavat”, “Müxalifət”, “Azərbaycan”, “Azərbaycan ordusu” qəzetlərinə baxıram. Surət Hüseynovun məhkəməsi ilə bağlı materialları nəzərdən keçirirdim. Hazırda 4 iyun hadisələri müzakirə olunur, yaddaşı təzələmək baxımından mən də araşdırıram.
  • Bu il Cümhuriyyətimizin yüzüncü ildönümü oldu. Müstəqillikdən sonra ilk 28 may tədbiri sizin aktiv siyasətdə olduğunuz illərdə baş tutdu. O illəri necə xatırlayırsınız?
  • Bilirsiniz ki, çox ciddi müharibə gedirdi. Döyüş şəraitində təntənəli tədbirlərin keçirilməsi çox çətin idi. Amma buna baxmayaraq, xatırlayıram ki, o dövrdə çoxlu kitablar çap olundu, sənədlər dərc edildi. Rəsulzadəyə bir neçə büst qoyuldu. Cümhuriyyətin adına tam layiq olmasa da, müəyyən işlər görməyə çalışdıq. Ötən illərə baxanda bu il Cümhuriyyətlə bağlı müəyyən işlər görüldü, tədbirlər keçirildi.
  • - Bu il Meydan hərəkatının da 30 illiyi tamam olur. 30 ildən sonra o illəri necə xatırlayırsınız?
  • Mən 1988-ci il hadisələrində tribunada deyil, meydanlarda olanlardan idim. Düzdür, o dövrdə mən “Varlıq” təşkilatının proqram komissiyasının koordinatoru idim. “Varlıq” təşkilatı yarananda Azərbaycan Xalq Cəbhəsi hələ təsis olunmamışdı. Amma müxtəlif yerlərdə AXC-nin təsis edilməsi üçün işlər gedirdi. “Varlıq”da proqram və nizamnamə hazırlayırdım. Meydanda axşamlar da iş görürdük. AXC Təşəbbüs Qrupu üzvlərindən Zərdüşt Əlizadə, Hikmət Hacızadə və Tofiq müəllimlə qərara almışdıq ki, uzlaşma olsun və hazırlanan sənədlər meydanda elan edilsin. Amma 19-u, ya 20-də onlar öz proqramlarının variantını meydanın bir tərəfində yaymağa başladılar. O vaxtı tribunadan onların əleyhinə çıxışlar da oldu. O dövrdə Xalq Cəbhəsinin yaranması baş tutmadı. Yəni mən o dövrdə, əsasən, bu işlərlə məşğul idim. Xalq Cəbhəsinin təsisi ilə bağlı növbəti dövr 1989-da başladı. 1988-ci il hadisələri 17 gün davam elədi, milyonlarla insan iştirak etdi. Şübhəsiz ki, Azərbaycan tarixində çox ciddi rol oynayan hadisələr idi. Meydanda səslənən fikirlər hər halda yeni fikirlər idi. Hazırda da 17 noyabrı Milli Dirçəliş günün kimi qeyd edirik.

Müəllif: Dilqəm Əhməd