Dünən ölkəmizin ikinci böyük şəhərində faciə yaşandı.
İki yüksək rütbəli polis hazırda axtarışda olan şəxslər tərəfindən vəhşicəsinə öldürüldü.
Baş verən hadisə, şübhəsiz ki, nə gəncəlilərin təfəkkürünə, nə də ki millətimizin düşüncəsinə xas bir şeydir.
Rəsmi açıqlamadan da bəlli olduğu kimi, əvvəllər məhkum olunmuş bu şəxslər bütün hallarda ölkədə qarşıdurma yaratmağa çalışan qüvvələrin bilavasitə və ya dolayı nəzarəti altındadır və maşa olaraq istifadə ediliblər.
Yayılan videolardan göründüyü kimi polisi-dövləti yerə yıxıb iddiaya görə onu xəncərlə öldürmək ancaq və ancaq hansısa xarici xüsusi xidmət orqanlarının işi ola bilər.
***
Cümhuriyyətin yüzüncü ili tamam olan kimi bir-birinin ardınca ağır zərbələr aldıq.
Bütün baş verən hadisələrin arxasında kimlərin dayandığını, ölkədəki əlaqələrinin kimlər olduğunu tapmaq, cəzalandırmaq ilk növbədə dövlətin üzərinə düşən vəzifədir.
Dövlətin üzərinə həm də bu vəzifə düşür ki, ölkədə radikalizmə səbəb olan halları aradan qaldırsın, xalqın narazı olduğu məsələləri birdəfəlik həll etsin.
Biz vətəndaş olaraq nə etməliyik?
Dəfələrlə yaxın Şərqdə baş verən “islamçı” hərəkatlara qarşı bu ölkənin aydınları, jurnalistləri, QHT nümayəndələri mübarizə aparıb, tədbirlər keçirib, kitablar çap edib, maarifləndirmə işləri görüb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi olaraq bölgələrdə həqiqi İslamı izah edən, radikalizmdən çəkindirən tədbirlər keçirib. Təbii ki, bütün bunların müsbət nəticələri olsa da, qarşı tərəf də təbliğatından və silahlı mübarizəyə təşviq etməkdən geri çəkilmir, ilk fürsətdəcə xaos yaranmasına çalışır.
Etiraf etməliyik ki, bu mübarizədə aydınların gücü çox zəifdir. Çünki radikal və ya FETÖ kimi “mülayim İslam” adlanan təşkilatları himayə edənlər olduqca güclüdürlər, onların maliyyə şəbəkələri ilə müqayisədə dünyəvi kəsimin ziyalılarının təbliğat imkanları hədsiz dərəcədə fərqlidir.
Bizim aydınlar bir kitab nəşr etmək, bir tədbir keçirmək üçün min yerə ağız açmaq məcburiyyətində olduğu halda, bu şəbəkənin üzvləri rahatlıqla yüzlərlə kitab nəşr edir, ən yaxşı hotellərdə tədbirlər keçirir, yaxşı iş imkanlarına sahib olurlar.
Vaxtilə Fətullah Gülən şəbəkəsinə daxil olmaq ən böyük prestij sayılırdı. Çünki “hizmət” yolçusu olmaqla əksər qapılar üzə açılır, geniş bir şəbəkənin üzvü ola bilirdin. Amma nəticədə aydın oldu ki, bu şəbəkə 30 ildir Türkiyə dövlətinin, eləcə də digər türk və müsəlman ölkələrinin içərisinə sızaraq hakimiyyəti paralel şəkildə sahiblənmə planı içərisində olublar və müəyyən qədər buna nail ola biliblər.
Nəhayət, Türkiyə prezidenti Ərdoğanla Gülənin arasında yaranan qalmaqaldan sonra bu şəbəkə ifşa edildi, eləcə də Azərbaycandakı dəstəkçilərinin də böyük bir qismi sistemdən ixrac edildi.
***
Bugün isə Türkiyə dövləti daha bir mühüm addım atdı. Sosial şəbəkədə daha çox gülüş və lağ obyekti kimi gündəmə gələn, əslində isə böyük maliyyə şəbəkəsinə, müxtəlif xarici qüvvələrlə əlaqəyə malik olan Adnan Oktarın qurduğu qeyri-qanuni təşkilat ifşa edildi, başda “təriqət”in lideri olmaqla 235 nəfər saxlanıldı. Adnan Oktara qarşı iddialarda kriminal dəstə yaratmaq, siyasi və hərbi casusluq, din və azyaşlılara qarşı istismar kimi məsələlər var.
Göründüyü kimi, ağır iddialardır. Əgər bu iddialar həqiqətdirsə, FETÖ məsələsində olduğu kimi Azərbaycan da sərt addımlar atmalıdır. Çünki bu şəbəkənin üzvləri də açıq şəkildə ölkəmizdə fəaliyyət göstərir, kitablar, jurnallar dərc edir, onlayn televiziyaları fəaliyyət göstərir, sosial şəbəkələrdə açıq şəkildə təbliğat aparır, onlara qarşı çıxanları bu və ya digər şəkildə hədəfə gətirirlər.
Bu baxımdan Adnan hoca, İrandan yönləndirilən radikal qüvvələrlə mübarizədə bizlərin də üzərinə böyük vəzifə düşür. Bu vəzifəni həyata keçirmək üçün isə dövlət dünyəvi, sekülar kəsimə diqqət göstərməli, onların fəaliyyətinə dəstək verməlidir.
Ancaq bu şəkildə Adnan və bədnam hocalardan xilas ola bilərik.