Gündəmdə Məsut Özildir.
Almaniya yığmasında oynamaqdan imtina edib.
Bu forma ilə Özil Dünya çempionu olmuşdu.
Və Türkiyəni yox, Almaniya yığmasını seçəndə Türkiyədə ona qarşı linç kampaniyası başlanmışdı.
Özilin anası və atası da türk idi, amma Almaniyada doğulmuş, orda böyümüşdü.
Hər müqayisə qüsurludur amma...
Bu günkü yazımın mövzusu isə əks qütbdə yaşayan, mübarizə aparan və canını verən Rixard Zorgedir.
Anası rus, atası alman idi.
Bakı doğulmuşdu, atası neft mühəndisi idi.
Ailələri Bakıda çox qalmadı, ana vətənlərinə köçdülər.
Amma ölümqabağı həbsxanada dəftərinə yazırdı: “Mən Bakıda doğulmuşam və həyatımın bu həqiqətini daim xatırlamışam”.
Rixardın əmisi Fridrix Adolf Zorge Karl Marks və Fridrix Engelsə yaxın idi.
I Dünya Müharibəsi başladıqda Rixard könüllü cəbhəyə yollanır.
Özünün də dediyi kimi onu məktəb partasından qaldırıb edam kürsünə otuzdurdular.
Ağır yaralanır, “Dəmir” xaç ordeni ilə təltif edilir.
1919-cu ildə Hamburq universitertinin politologiya fakültəsini bitirir, bir müddət sonra dissertasiya müdafiə edir.
Bu illərdə o marksizmə lap yaxınlaşır.
Almaniya Kommunist partiyasına üzv olur.
Aktiv şəkildə jurnalistika ilə məşğul olmağa başlayır.
Bir müddət sonra Moskvaya gedir, orda işləməyə başlayır.
Onu Çinə göndərirlər, üç il orda çalışır.
Bu illərdə Rixard Zorge öz savadını artırır, marksizmi, beynəlxalq siyasəti diqqətlə öyrənir.
Daha sonra gizli adla Almaniyaya göndərilir.
Nasist partiyasına üzv olur, istedadı, intellektual qabiliyyəti və bacarığı ilə tezliklə partiya daxilində yüksəlir.
Bu illərdə Zorge içməyi tərgidir, çünki sərxoş ikən ağzından nəsə qaçıracağını düşünürdü.
Sonra isə Yaponiyaya ezam olunur.
O burda Sovet casus şəbəkəsini qurmalı idi.
Tezliklə, Zorge bir neçə nəfərlik mobil casus şəbəkəsi yaratmağa müvəffəq olur.
Misal üçün onun yaxın silahdaşı Ozaki Yapniya baş nazirinin ən yaxın adamlarından biri idi.
Nasist partiyasının üzvü kimi etibar qazanan Zorge tezliklə Almaniyanın Yaponiyadakı səfirliyindəı çalışmağa başlayır.
O daim mərkəzə məxfi məlumatlar göndərirdi.
Almaniyanın SSRİ-yə hücumun saatına qədər dəqiqliklə Kremlə xəbər verir.
Marşal Jukov Zorgenin məlumatını Stalinə 9 iyunda məruzə edir.
Lakin Stalin onun hesabatını oxuyub deyir: “Bu yaramaz Yapniyada fahişəxana işlədir. İndi də durub deyir ki, guya almanlar 22 iyunda bizə hücum edəcəklər. Mən durub onun dediyinə inanmalıyam?”.
Dünyanın ən ayıq siyasətçilərindən biri olan Stalin hətta alman qoşunları SSRİ-yə hücum etdikdə belə müharibənin başlandığına inanmırdı və düşünürdü ki, alman generalları Hitlerə qarşı təxribat törədiblər.
Müharibənin gedişatında isə Stalin Zorgenin məlumatlarına inanmağa başlayır.
Yaponiyanın müharibəyə qoşulmayacağı barədə Zorgedən informasiya alan Stalin Uzaq Şərqdəki 400 minlik qoşunu geri çağıraraq Jukovun əmrinə verir.
Bu müharibənin ən səmərəli manevrlərdən biri idi və bu qoşunlarla Jukovun qazandığı qələbələr müharibənin gedişatında misilsiz rol oynadı.
Bir dəqiqə, amma...
Uduzan kim idi?!
Almanlar...
Zorgenin soydaşları...
Bəs udanlar?!
Komministlər, SSRİ, Stalin...
Və onun casusluq fəaliyyəti nəticəsində Almaniyanı müharibəni uduzur.
Hekayəmizə davam edək.
1941-ci ildə Yaponiyanın SSRİ-yə müharibə hücum etməyəcəyi barədə informasiyanı ötürdüyü ayda, oktyabrda Ozaki həbs edilir.
Bir müddət sonra Zorge də həbs edilir.
Amma onun işindən baş aça bilmirlər.
Yaponlar onun alman casusu olduğunu düşünürlər.
Həbsindən sonra belə onun əlaqələri aşkarlana bilmir.
Zorge bütün ittihamları rədd edir və 1944-cü ildə, qələbəyə bir neçə ay qalmış edam edilir.
Onun yaxın silahdaşı Ozaki Yaponiyada, İkinci Dünya Müharibəsində Vətənə xəyanətə görə edam edilmiş yeganə yapon idi.
Halbuki məhkəmədə onlar heç bir yapon qanununu pozmadıqlarını, və Yapniya əleyhinə fəaliyyət göstərmədiklərini bəyan edirdilər.
Ölümündən düz iyirmi il sonra Zorge Sovet İttifaqı qəhrəmanı adına layiq görülür.
Elə həmin il Tokio olimpiadasına gələn Sovet idmançıları onun qəbrini ziyarət edirlər.
Qəbrinin üstündə belə yazılmışdı: “Burada öz həyatıənı müharibə əleyhinə, bütün dünyada sülh uğrunda mübarizəyə həsr etmiş qəhrəman yatır. O 1895-ci ildə Bakıda anadan olmuş, 1933-cü ildə Yaponiyaya gəlmiş, 1941-ci ildə həbs olunmuş, 1944-cü ildə edam olunmuşdu”.
O həbsdəki dostlarına ürək-dirək verib deyirdi: Qayıdarəq bir yerdə SSRİ-yə. Sən onda görərsən Bakı nə deməkdir.
Zorge Bakıya heykəl kimi gəldi, park kimi gəldi.
O xaindirmi yoxsa qəhrəman?
Buna hər kəsin bir cavabı ola bilər amma məncə ideyası uğrunda ölümə gedənləri tarix hər zaman qəhrəman kimi xatırlamışdır.
Şair necə deyirdi:
“Alovların arasında
Yollar açdım eşqinizə”
Deyirlər, Ceyms Bond filan...
Ceyms Bondun müəllifi Yan Fleminq yazırdı: “O tarixin ən möhtəşəm casusu idi”.
Zorgenin həyatı və mübarizəsi öz xalqına qarşı yox, bütün dünyanı qana bulayan faşizmə qarşı çevrilmişdi.
Məqalədə “Azərbaycan çekistləri, Saymon Sebaq Montefiorenin “Stalin qırmızı çarın sarayı” kitablarından və internet resurslarından istifadə olunub.