İnanclı insanlar istər qlobal, bəşəri, istərsə də fərdi müstəvidə haqq-ədalətin qələbəsini İlahi Ədalət adlandırırlar.
Yəni yaxşılığı da, pisliyi də, yaxşıları da, pisləri də Tanrı görür, yaxşılığın mükafatını, pisliyin cəzasını verir.
Bəzən tez, bəzən gec, həm də çox gec, amma bu, mütləq baş verir. Bumeranq kimi! Yaxşılıqlar yaxşılıq, pisliklər pislik kimi insanın üstünə qayıdır...
Açığı, mən də buna inananlardanam. İnanmaq istəyənlərdənəm. Amma suallar o qədər çoxdur ki... Dini kitablarda cavabı olan, reallıqla uzlaşmayan suallar... Çoxdur, həddən artıq çox!
Mənə maraqlıdır, insanlar doğrudanmı pis əməllərinə görə cəzalarını alırlar, yoxsa bu, sadəcə, uydurmadır, inanmaq istədiyimiz nağıldır, yalandır?! Bəlkə bu dünyada “cəza” və “mükafat” deyə heç nə yoxdur? Baş verənlər də təsadüfdür, bizə elə gəlir ki, filan şəxs hansısa pis əməlinin cəzasını çəkir və ya əksinə?
“Karma” deyə bir şey varmı və varsa, həqiqətən taleyimizə təsir edirmi?
Karma nədir, nə anlama gəlir? Mənasına varmaq üçün “Quql”u ələk-vələk elədim. Vikipediyada izahı o qədər fəlsəfi, anlaşılmaz terminlərlə verilir ki, başa düşməkdə gerçəkdən çətinlik çəkirsən. Hər 3 dildə - rusca, türkcə, azərbaycanca - yerləşdirilmiş bütün bilgilərdə vəziyyət eynidir. Yəni hansı dildə axtarış etsəniz, eyni mənzərə ilə üzləşəcəksiniz. Yalnız Türk Vikipediyasında uzun-uzadı əndrəbadi izahatdan sonra bircə cümlə ilə karmanın sirri açılır. Türkiyə türkcəsi ilə bu təlim təxminən belə təqdim edilir: “Əgər “karma” sözünü özümüzə ən yaxın ifadə ilə anlatmaq istəsək, belə də deyə bilərik: nə əkərsən, onu da biçərsən!”
Karma - mənim anladığım qədər - yüzillər öncə yaşananların yekunu olaraq əcdadlarımız vasitəsilə bizə ötürülən energetikadır. Bizdən də yəqin ki, gələcək nəsillərə ötürüləcək... Və o qədər güclü energetikadır ki, əhatəsindən çıxmaq, uzaqlaşmaq, gizlənmək mümkün deyil. Bütün ömrümüz boyu kölgə kimi, daban-dabana bizi izləyir, həyatımıza, taleyimizə təsir edir. Bütün yaşadıqlarımıza, bizdən sonra yaşanacaqlara öz möhürünü vurur – hər halda, belə düşünürəm. Yəni bu, mənim gəldiyim nəticədir...
Bu, bir hind təlimidir. Təlimə görə, biz təkcə öz əməllərimizin deyil, bizdən öncəki nəsillərin, şəcərələrin də günahlarının cəzasını genetik olaraq çəkməyə məhkumuq. Ədalətlimidir, deyilmidir, demək çətindir. Amma həyatın yazılmamış qanunlarından biridir, çox güman.
Vikipediya belə təqdim edir: “Karma - bir səbəb-nəticə qanunudur. İnsan keçmişdə nə etmişsə, gələcəkdə də onu görəcəkdir. İnsanın keçmişi onunla üz-üzədir. Yaxşıdan yaxşı, pisdən pis olacaqdır. Karma qanunu bir kainat nizamıdır. İnsanın qədərinə (başına gələcək işlərə) təsir edir. Əgər insanın vəziyyəti pisliyə doğru gedirsə, bu, onun vaxtilə etdiyi pis əməllərin, yaxşılığa doğru gedirsə, etdiyi yaxşı əməllərin qarşılığıdır. Nəticə gözləmə arzusuna “Bhaqavad-Gita”da rəbb Krişna belə deyir: “Siz, sadəcə, vəzifənizi icra etməklə mükəlləfsiniz. Əgər bir səmərə hasil olursa, onu mənə buraxın”.
Çox dəyərli alimimiz, professor Aida Qasımovanın da interpretasiyası maraqlıdır:
“Mən həmişə fikirləşirəm ki, Adil olan Allah nədən Hitler kimi bir manyakın günahı ucbatından milyonlarla gənc əsgərin ölümünə imkan verdi? Nədən Stalin milyonlarla günahsız insanı, o cümlədən, şairləri, yazıçıları “xalq düşməni” deyib məhv etdi? Hanı Haqq, Ədalət? Təəssüf ki, monoteist dinlər heç biri bu haqsızlığı izah edə bilmir. Müsəlman deyəcək ki, Allah ona görə zalıma zülm imkanı verir ki, o, cəhənnəmdə çəkəcəyi əzaba layiq olsun. Xristian deyəcək ki, İsa bütün bu günahların əzabını çarmıxda çəkib və s. Bunun manixeyçilikdəki cavabı daha real səslənir. Mani deyir ki, Xeyir və Şər bir-birindən asılı olmayaraq mövcuddur. Xeyir işıqlı olsa da, o, Şərlə mübarizəyə hazır deyil. Xeyir zəifdir və Şərə qalib gələ bilmir. Şər çox güclüdür. Amma Şər cahildir. Bu cahilliyinə görə Şər özü-özünü məhv edir...”
Bunları niyə yazıram? 16-17 yaşlarındaykən kəndlərinə qəfil hücum zamanı düşmənə əsir düşən, əsgərlər tərəfindən zorlanan, hələ də əsirlikdə qul ömrü sürən qarabağlı qızların, qarabağlı qadınların haqqı-hüququ nə olacaq bəs? Allah onlara bu ömrü ziyanlıq üçünmü vermişdi? O təcavüzçülər cəzalarını aldılarmı, alacaqlarmı? Hələ o yaraşıqlı şəhidlər... Onların vəbalı kimin boynuna? Həbsə atılan Köçəryan günahlarının cəzasınımı çəkir?
Bunları ona görə yazıram ki... Qarabağ üçün çox darıxıram... Hədsiz darıxıram... Və özümün cavab tapa bilmədiyim suallara cavab istəyirəm: biz nəyin cəzasını çəkirik?..